Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:59

Yerevanın taksi sürücüləri maaşlarının yarısını cərimələrə verirlər


Yerevanda taksi sürücülərinin etiraz aksiyası - 2012
Yerevanda taksi sürücülərinin etiraz aksiyası - 2012
-
İki ilə yaxındır ki, Ermənistan polisi nəqliyyatın hərəkətini tənzimləmək və yol-nəqliyyat hadisələrinin sayını ən aza endirmək üçün yollarda kameralar quraşdırıb. Avtomobillərin sürətinə də göz qoyulur. Sürücülərin yol-hərəkət qaydalarını pozması bu kameralarda qeydə alınır və həmin sürücülər cərimələnirlər. Təbii ki, heç də hər sürücü cərimələrlə razılaşmır.

Taksi sürücüsü Aram Gevorkyan bir neçə gün öncə minlərcə həmkarının adından prezidentə məktub ünvanlayıb. Müraciətdə yol-hərəkət qaydalarına görə cərimə məbləğinin azaldılması istənir.

Günün 12-14 saatı sükan arxasında keçirən taksi sürücüləri bu müddət boyunca heç bir qayda pozuntusuna yol verməməyin mümkünsüz olduğunu deyirlər. Onların fikrincə, elə də ciddi olmayan qaydaları pozmağa görə yetərincə yüksək cərimələr var. Ayboyu belə məbləğlər üst-üstə yığılanda, az qala, maaşın yarısı alınır.

Aram deyir ki, qaydaları pozmamaq mümkün deyil. Hələ Yerevanın idarəolunmaz tıxacı, yolu hardangəldi keçən piyadaları, çox vaxt ağacların və ya reklam lövhələrinin örtdüyü yol-hərəkət nişanları nəzərə alınsa, vəziyyət daha da aydınlaşar. Aram düz Prezident Aparatının qarşısında düzgün saxlanmayan maşını göstərib onu da əlavə edir ki, məhz belə sürücülər yollarda normal hərəkətə əngəl yaradırlar:

«Bax, Prezident Aparatının qarşısında saxlayıb, özü də açıq-aydın görünür ki, maşına qaydanı pozmaqla yer tapıb. Yaxınlıqda bir neçə polis dayansa da, həmin maşına diqqət yetirən yoxdur. Halbuki bu maşın şəhər nəqliyyatının hərəkətinə əngəl törədir».

DAYANACAQ DAVASI

Cərimələri təbii sayan bir başqa sürücü də cərimə məbləğindən narazıdır.
Taksi sürücülərinin etirazı - 2010
Taksi sürücülərinin etirazı - 2010
Onun dediyinə görə, müşahidə kameraları olmayan yollarda maşınlar heç də düzgün saxlanıb-yerləşdirilmir.

Sürücülərin fikrincə, şəhərdəki nəqliyyat qarmaqarışıqlığının daha bir ciddi səbəbi – dayanacaq yerlərinin yanlış müəyyənləşdirilməsidir. Yolayrıcındakı dayanacaqlar, əlbəttə, tıxac yaradacaq:

«Polisdən «burda da dayanacaq olar?» – deyə soruşanda, cavabında deyir ki, bəyəm dayanacaq yerini mən seçmişəm? Cəriməsini də dərhal yazır. Biri dayanacağın yerini müəyyənləşdirir, o biri cərimələri yığır. Heç kim heç nəyə cavabdeh deyil».

Sürücülərin dediyinə görə, onlara yazılan cərimələr heç də həmişə yerinə düşmür. Bəzən qaydaları pozmadan da cərimələnən olur. Amma sürücülər boş yerə vaxt itirməmək və əsəblərini korlamamaq üçün məhkəməyə üz tutmadıqlarını deyirlər.

Düzdür, aralarında məhkəməyə üz tutanlar da var. Onlardan biri sürücü hüquqlarını qoruyan «Axilles» ictimai təşkilatının köməyindən yararlanaraq məhkəməyə üz tutub. Təşkilatın rəhbəri Eduard Oganisyan deyir ki:

«Sürücünü avtomobili kəsişən yolların yaxınlığında saxladığı üçün cərimələmişdilər. Amma fotoşəkillərdən aydın görünürdü ki, maşın ordan 30 metr aralıda saxlanıb».

100 GÜNDÜR AKSİYA KEÇİRİRLƏR

Təşkilat rəhbərinin dediyinə görə, ayboyu onlara çox sayda oxşar şikayətlər gəlsə də, hələlik, o şikayətlərdən yalnız birini yoluna qoyublar – o da şifahi. Başqa sözlə, indən belə taksi sürücüsü sərnişini mindirmək üçün maşını saxlayanda cərimələnməyəcək. Axı həmin durumda sürücünün maşını saxlamağa icazəli yer axtarması mümkün deyil.

Nəqliyyatda gedişhaqqının artımına qarşı etiraz aksiyası, Yerevan, 22 iyul 2013
Nəqliyyatda gedişhaqqının artımına qarşı etiraz aksiyası, Yerevan, 22 iyul 2013
Təkcə taksi sürücüləri yox, ictimai nəqliyyat sürücüləri də narazıdır. Onlar günün əksər vaxtı sükan arxasında olduqlarından, amma qazanclarının ən vacib ehtiyaclarını da ödəmədiklərindən gileylənirlər.

İctimai nəqliyyatda çalışanların maaşını artırmaq üçün şəhər rəhbərliyi nəqliyyatda gedişhaqqını artırıb – 100 dramdan (20 qəpikdən) 150-ə (30 qəpiyə) qaldırıb. Bu da şəhər sakinlərinin narazılığına səbəb olub. Çoxları etiraz aksiyasına qoşulub, hətta bir neçə gənc artıq 100 gündür ki, bələdiyyə idarəsinin önündə aksiya keçirir. Şəhər sakinləri deyirlər ki, gedişhaqqı özü-özlüyündə baha olmasa da, günboyu nəqliyyatdan bir neçə dəfə istifadə edərkən, bu məbləğ cibi xeyli boşaldır. Ekspertlərin fikrincə, nəqliyyatda gedişhaqqının artırılması sürücülərin maaşına yox, yalnız nəqliyyat şirkətinin gəlirlərinə müsbət təsir göstərəcək.

Etirazlar şəhər rəhbərliyini geriyə addım atmağa məcbur etdi və beləcə, ictimai nəqliyyatda gedişhaqqı dəyişməz qaldı. Amma bələdiyyə idarəsində bu məsələ hələ də dartışılır. Şəhər nəqliyyatında gedişhaqqının müzakirəsindən, məbləğin artırılmasına ehtiyac dərəcəsini aydınlaşdırmaqdan ötrü orada ayrıca komitə yaradılıb.
XS
SM
MD
LG