Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

QİSMƏT. Hürün, hürün, köpəklər... (Yeni şeirlər)


-

Böyük şəhərin haykuları.

Kitab dükanı.
İlahi, nə çoxdu yenə
adamsızlıq?!

***

Axşamdı. Tıxac.
Bir sərçə qondu qəfil
işıq dirəyinə.

***

Poliklinika.Səhərdi.
Süpürgəçi qadın hesablayır:
siqaret kötüyü çoxdu, yoxsa xəzəl?

***

Aptek. Günorta.
Portmanat boyda olub
müştəri qadın.

***

Kolaya buz düşür,
dilənçi ovcuna qəpik.
Azan səsi.

***

Ofisiantı
dükana göndərmişik.
Sükut əl çalır.

***

Gün düşmür evə
göydələn böyüdükcə,
üzbəüz küçədə.

***

Marketdə basabas.
Üç sabun alana,
dördüncüsü endirimlə.

***

Park. İşıqlar sönüb.
Bir qız telefonun işığında
roman oxuyur.

***

Qışa çoxmu var?
Əlcəklərimi geyinib
saymaq istəyirəm.

***

Tərləmiş güzgüyə
“Ömür” – yazdı fahişə.
Silindi getdi.

***

Sahil. Axşamüstü.
Neçə barel neft udub görən
qağayılar, balıqlar ?


Naməlum şairin adsız soneti.

Kinli-kinli kölgəmi təpikləyən köpəklər,
yazıldıqca şeirlər, çoxaldıqca mövzular,
ətə,qana, iliyə büründükcə arzular,
topuğuma boylanıb hələ çox hürəcəklər.

Hürün, hürün, küçüklər, yal güdən yaltaqsınız.
Guya itlər olmasa, karvanlar olmayacaq?
Ədalətə mübtəla insanlar olmayacaq?
Hürün, hürün, köpəklər, siz də belə sağsınız.

Ay dünənki əzizim, ay bugünkü düşmənim!
Nədən səni incidir qamətimin şaxlığı?
Nə yaman pis qoxuyur içinin bataqlığı?!

Qancıqlarla hesabım sonraya qalsın mənim.
Bu da andım: it olsun verdiyi sözdən qaçan!
Allahacan əlvida! Əlvida Allahacan!


Epoxa.

Bitdi.
Bitdi.
Yekə-yekə sözlərin zamanı bitdi.
İndiki çağ
həftəbecərdi,
kokteyldi,
hermafroditdi.

Doldu.
Doldu.
Dünənin vədəsi doldu, hələ dolmalıdı.
İndi zaman kişi də,
zəmanə xanım da,
anadangəlmə olmalıdı.

Batdı.
Batdı.
Ağlıma batdı.
İndi hər şey second hand-di.
Məsələn, televizor güzgüdən,
çilçıraq günəşdən plagiatdı.
Qarışıq pizza,
mix musiqi,
yığma komanda əsridi.
İndi hamı bir-birinin təkrarı,
həm də əslidi.

Ey sən!
Hə, sən,
“Nəslimin davamı” – deyib
övladını əzizləyən kişi, sən,
özünü çoxaldırsan əslində, bilirsən ?


Wall street.

Küçənin ayağında bir uşaq dilənirdi,
saç rəngi: qürubdan bir saat əvvəl.
Ağköynək bir kişi hər saatbaşı
üzü Brodveyə baxan binadan
eşiyə çıxırdı, papiros çəkib,
boşluğa atılmış bumeranq kimi
geri qayıdırdı şüşə qapıdan.

Hər dəfə ağarırdı o kişinin bənizi
siqaretə çıxdıqca. Təzyiqi dollar kimi
qalxıb-düşürdü sanki; qalstuku əyilirdi.

Cırıq, kirli paltarı bir quldur gəmisinin
yıpranmış bayrağıtək küləkdə dalğalanan,
papağı səkilərin hər yeriylə öpüşmüş
o balaca dilənçi, oxuduğu romanda
xoşladığı cümlənin altından cızıq çəkən
bütün adamlar kimi, bir an ayaq saxlayıb
ona qəpik tullayan mərhəmətli kəslərin
xəyalında böyrünə yekə bir quş qoyurdu.

Dəcəl, yaramaz külək,
şüşəli qapıdan hər saatbaşı
siqaret çəkməyə çıxan kişinin
qalstukunu çox qədim bir saat kəfkiritək
yelləyirdi durmadan. Axşama az qalırdı.

O dilənçi uşağın tərtəmiz gözlərində,
get-gedə anasına oxşamağa başlayan
balaca, qonur pişik əl-üzünü yuyurdu...


Şairin uşaqlığı.

Dayandı qəfildən, dedi ki: “Ata,
qaşıq al, oturub dondurma yeyək.
Ata, süd qoxuyur elə bil səma.
Göylər başdan-başa dondurma açıb.”
Buludları deyirdi.

Qəfil fikrə getdi, dedi ki: “Ana,
niyə ütüsüzdü dənizin üzü?
O boyda gəmilər, yekə gəmilər,
bu qırış dənizdə necə üzürlər?”
Dalğaları deyirdi.

Qəfil qardaşına dedi ki: “Qaqa,
sən niyə gecələr kağız yandırıb,
bizim çaydan kimi tüstüləyirsən?
Mən də böyüyəndə belə olacam?”
Siqareti deyirdi.

Gecə dua etdi : “Ay Allah baba,
atama pul yetir qaşıq almağa,
anama vaxt yetir ütü çəkməyə,
qaqamı qaynatma, çaydan olmasın.”
... deyirdi...
XS
SM
MD
LG