Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:53

Sənədsiz evlərin problemini Prezidentin sərəncamı da həll etmədi


Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir

-
Az qala 3 il öncə – 2011-ci ilin martında Azərbaycan prezidentinin Bakı şəhər İcra Hakimiyyətinə göstərişindən sonra sənədsiz evlərin sənədləşdirilməsi sanki bir neçə ayın məsələsi sayılırdı. Sənədsizlikdən, qeydiyyatsızlıqdan problem yaşayan sakinlərin üzü gülürdü. Bəs indi vəziyyət necədir?

Bakının bir neçə rayon icra hakimiyyətlərindən AzadlıqRadiosuna verilən məlumata görə, sənədsiz tikililərlə bağlı siyahı paytaxtın icra hakimiyyətinə verilib.

«SİYAHINI TOPLAYIB VERMİŞİK»

Səbail rayon İcra Hakimiyyətinin memarı Ramiz Xəlifəli deyir ki, yeni tikinti məcəlləsi hazırlananda onlar rayon ərazisindəki bütün sənədsiz tikililərin siyahısını Bakı şəhər İcra Hakimiyyətinə təqdim ediblər. Amma prosesin sonrakı gedişindən xəbərsizdirlər:

«Təxminən bir il əvvəl bütün siyahını toplayıb vermişik Bakı şəhər İcra Hakimiyyətinə. O biri rayonlar da bizim kimi. Elə adam var, sərəncamla tikib, eləsi var, torpağın «kupça»sı, çıxarışı var, amma layihə təsdiqlənmədən ev tikib, elələri də var, sovet dövrünün sənədlərinə istinadla özünə ev tikib».

«QƏRAR YOXDURSA, SİYAHININ NƏ ÖNƏMİ VAR?»

Bakı şəhər İcra Hakimiyyətinin mənzil hüququ şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı siyahını aldıqlarını təsdiqləyir, amma qərar olmadan siyahının toplanmasını əhəmiyyətsiz sayır:

«Qərar yoxdursa, siyahının verilməsinin nə əhəmiyyəti var? Biz o siyahını toplayıb Nazirlər Kabinetinə verməli idik, hələ ki, oraya hər hansı siyahı verməmişik. Gərək bir qərar ola ki, sonra addım atıla».

Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verəndən bir il sonra ayrıca bir sərəncam imzalamışdı. 2012-ci ilin iyununda verilən həmin sərəncama görə, magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, neft və qaz yataqlarının olduğu torpaq sahələrindəki ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılmalıydı. Sözügedən komissiya həmin sahələrdə inşa edilmiş yaşayış evlərinə və digər tikililərə aid məsələləri araşdırıb təkliflərini üç ay müddətində prezidentə təqdim etməliydi. Ortalıqda, hələ ki, hər hansı siyahı yoxdur.
Fuad Ağayev
Fuad Ağayev

«DÖVLƏT BAŞÇISININ ÖZÜ TƏDBİR GÖRMƏLİDİR»

Hüquqşünas Fuad Ağayev məsələnin bu qədər yubadılmasının səbəbini hakimiyyətdaxili ayrı-ayrı qrupların mövqeyinə bağlayır. Onun fikrincə, daşınmaz əmlakın xeyli hissəsi müxtəlif qrupların əlində cəmləşdiyindən vəziyyət bu həddə çatıb:

«Belə siyasət davam edərsə, 5-10 ildən sonra Azərbaycanda daşınmaz əmlakın əhəmiyyətli hissəsi həmin qrupların əlində cəmləşəcək. İndi cəmləşdiyi kimi».

Fuad Ağayevə görə, belə bir vəziyyətin uzun müddət davam etməsi ciddi narazılıq doğura bilər. Hüquqşünasın fikrincə, hakimiyyət prosesə müdaxilə etməli, verilən göstərişlərin yerinə yetirilməsinə nail olmalıdır:

«Əgər prezidentin sərəncamlarına və şifahi göstərişlərinə əməl olunmursa, dövlət başçısının özü tədbir görməlidir. Bunun başqa yolu yoxdur».

Paytaxt Bakıda 500 minə yaxın sənədsiz ev və tikilinin olduğu bildirilir.
XS
SM
MD
LG