Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:29

Azərbaycanda iqtisadi azadlıq: məmur-sahibkarlar orta və kiçik biznesi əngəlləyir


Vüqar Bayramov
Vüqar Bayramov
-
Ötən bir ildə Azərbaycanda iqtisadi azadlıq artıb, ölkə orta hesabla azad ölkələr sırasına qatılıb. «Heritage» Fondunun və «Wall Street Journal» qəzetinin birgə hazırladığı İqtisadi Azadlıq İndeksi adlı hesabatda bu qənaətə gəliblər. Hesabat müəlliflərinin fikrincə, dünyada iqtisadi azadlıq genişlənib və Azərbaycan da ötən illə müqayisədə irəliləyib (ölkənin yığdığı 61.3 bal keçən illə müqayisədə 1.6 bal çoxdur).

7 PİLLƏ İRƏLİLƏYİŞ

Azərbaycan iqtisadi azadlıq baxımından 178 ölkə arasında 81-ci yerdədir. Gürcüstan – 22, Ermənistan – 41, Rusiya – 140, İran – 173-cü yerdə qərarlaşıb. 1995-ci ildən tərtib edilən İqtisadi Azadlıq İndeksi 4 sahədə iqtisadi azadlığı müəyyənləşdirir:

1) Hüququn aliliyi (mülkiyyət haqları və korrupsiyadan azadolma səviyyəsi);
2) Tənzimləmənin effektivliyi (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq);
3) Hökumətin məhdud müdaxiləsi (fiskal azadlıq, hökumət xərcləmələri);
4) Açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə azadlığı).

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, indeksin yüksəlməsi dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə ölkə balının artmasından qaynaqlanır:

«Azərbaycanın 2013-cü ilə nisbətən 7 pillə irəliləməsi ölkə üçün müsbət haldır. Eyni zamanda indeksdə yerimizin daha da yaxşılaşdırılması üçün metodologiyada əks olunan istiqamətlər üzrə islahatların davam etdirilməsinə ehtiyac var».

DÖVLƏT MÜDAXİLƏSİ VARSA...

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı müqayisəni Cənubi Qafqaz respublikaları ilə aparır, çünki Gürcüstan və Ermənistana baxanda, Azərbaycan xeyli aşağı yerdədir. İqtisadçı azadlıq meyarlarını təhlil edərkən, məsələn, qanunvericilik sahəsində təkmilləşmənin getmədiyini düşünür:

«Sahibkarlıq fəaliyyətini tənzimləyən, maliyyə nəzarətinə dair, antiinhisar normaları, rəqabət məcəlləsi qəbul olunmayıb. Hətta müvafiq komitələrdə müzakirələr də keçirilməyib. Necə deyə bilərik ki, qanunvericilik çərçivəsində irəliləyiş olub? Bir ölkənin iqtisadi azadlıqları boğulursa, bu o deməkdir ki, həmin ölkədə istehsal olunan mal və xidmətlərin dövriyyəsi azalır, qapadılır. Dövlət müdaxiləsi varsa, xarici ticarət dövriyyəsinə ciddi zərbə vurulur. İqtisadi azadlıqların coğrafiyası genişlənmədikcə, ölkənin neft ÜDM-nin dominantlığı artır».

Foto: Arxiv
Foto: Arxiv
PUL DA, GÜC DƏ MƏMURDA

«Aygün» xalçaçılıq firmasının direktoru Fatma Ağamirzəyeva öz biznesini ölkənin ən çətin dövrlərində qursa da, indi müflisləşmə həddinə çatdığını vurğulayır. O, xalçaçılığa dövlət dotasiyasının olmamasıyla yanaşı, başqa, həm də çoxşaxəli səbəbləri sadalayır:

«Yaxşı istehsal üçün yaxşı reytinq olmalıdır, ancaq reytinq xeyli düşüb və onu qaldırmaq üçün heç bir tədbir görülmür. Gömrükdə problemlər var. Lap istehsal oldu, ixracı da nəzərə almaq lazımdır. Bu sahədə həddən artıq çətinliklər var».

Sahibkar xalçaçılığın gəlir gətirməyən sahə olduğunu, ancaq qrant verənlərin bu sahəni «biznes», biznesinsə «gəlir gətirməyən sahə» adlandırdığını vurğulayır. Fatma Ağamirzəyeva ölkədə sahibkarlığın inkişaf perspektivini görmədiyini söyləyir:

«Çünki məmurlar sahibkardır. Pul da onda, güc də ondadır. Onun qarşısında hansı sahibkar rəqabətə davam gətirə bilər? Kiçik və orta sahibkarlıq, demək olar, məhv olub gedib. Kiçik və orta sahibkar adına məmurun qohumu oturub, biznesi idarə edir. İtirən kimi də o dəqiqə dövlət büdcəsindən, ya haradansa təzədən təmin olunur. Ancaq kiçik sahibkar bir dəfə zərbə görsə, illərlə özünə gələ bilmir».

OYUN QAYDALARI DƏYİŞMƏLİDİR

İqtisadçı Məhəmməd Talıblı ölkədə iqtisadi azadlığın genişləndirilməsi üçün çoxsaylı indikatorlar üzrə irəliləyişin vacibliyini vurğulayır. Sahibkarlıq və biznes fəaliyyəti üzrə qanunvericiliyin təkmilləşdirilməsi və real məzmun kəsb etməsi, antiinhisar siyasətinin oturuşması, məmurların bizneslə məşğul olmaq imkanlarının məhdudlaşdırılması, onlar üçün gəlir deklarasiyasının tətbiqi vacibdir. Fiskal islahatlar həyata keçirilməli,
büdcə vasitəsilə oğurlanan böyük pulların qarşısı alınmalıdır. Büdcədənkənar fondlar, böyük maliyyə axınları üzərində çox ciddi nəzarət olmalıdır. Belə mexanizmlər olmadan iqtisadiyyatda islahatlardan danışmaq mənasızdır.

Məhəmməd Talıblı iqtisadiyyatda indiki oyun qaydalarının dəyişdirilməsini də vacib sayır:
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Hazırkı qaydalar az qismin daha da varlanmasına və əhəmiyyətli hissənin daha da yoxsullaşmasına gətirib çıxarıb. Yeni qaydalar tətbiq etməliyik. İqtisadi təşəbbüsü olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanında olanlara azadlıq verməklə, eyni zamanda antiinhisar tədbirlərini sərtləşdirməklə hər bir insanın müəyyən bir kreditə, maliyyə resursuna, iqtisadi fəaliyyətə əlçatımlığı təmin olunmalıdır».

«İNDEKS REALLIĞI GÖSTƏRİR»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl 1-2 pilləlik artımı ciddi irəliləyiş saymır, Azərbaycanın iqtisadi inkişaf indeksində yerinin reallığı əks etdirdiyini düşünür:

«Təsəvvür edin ki, «Korrupsiyadan azadlıq» indikatoru üzrə Azərbaycan 145-ci yeri tutur. Mülkiyyət hüquqlarıyla bağlı 139-cu yerdədir. Əmək bazarındakı azadlıq, monetar azadlıq da problemli sahələrdir, ölkə geridədir».

İqtisadçının fikrincə, mülkiyyət hüquqlarının daha çox qorunması, korrupsiyaya qarşı mübarizənin artırılması iqtisadi azadlıqları genişləndirə bilər.

Dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq-Konqdur – 90 bal. İkinci yerdə Sinqapur gəlir – 89 bal. 3-cü yerdəki Avstraliya 82 balla dünyanın iki liderindən xeyli geridədir.
XS
SM
MD
LG