Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:30

«Azərbaycan: İnsan haqlarına basqılar arasında seçki» - Yeni hesabat


Human Rights Watch
Human Rights Watch
-
«Human Rights Watch» təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını yayıb. «Azərbaycan: İnsan haqlarına basqılar arasında seçki» adlanan hesabatda 2013-cü ildə insan haqlarının durumu təhlil edilib.

«QONDARMA İTTİHAMLARLA HƏBSLƏR»

«2014 Dünya Hesabatı» adlı tədqiqatın Azərbaycanla bağlı hissədə deyilir ki, ötən il toplaşma, söz azadlığı, iqtisadi durumla bağlı vəziyyət daha da pisləşib. Hesabatda vurğulanır ki, oktyabrda keçirilən prezident seçkisi ərəfəsində vəziyyət xüsusilə dramatikləşib:

«Azərbaycan hakimiyyəti onlarla siyasi fəalı qondarma ittihamlarla həbs edib, tənqidçi jurnalistləri həbsxanaya salıb, bir neçə dinc nümayişi dağıdıb. Fundamendal azadlıqları məhdudlaşdıran qanunvericiliyi qəbul edib: Bütün bu basqılar prezident seckisinə fon olub. Həmin seçkidə İlham Əliyev üçüncü müddətə 84.5 faiz səslə prezident seçilib».

Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib ki, ötən ildə Azərbaycan hökuməti tənqidçilərə qarşı tayı-bərabəri olmayan tədbirlər həyata keçirib.

Hesabatda deyilir ki, 2013-cü ildə Azərbaycan hakimiyyəti azı 23 siyasi fəala, jurnalistə, bloqçuya, hüquq müdafiəçisinə qarşı saxta narkotik, qanunsuz silah gəzdirmə, xuliqanlıq, qızışdırıcılıq, hətta satqınlıq ittihamları irəli sürüb. HRW bildirir ki hökumət onları azad etməli, insanları siyasi motivlərlə ittiham etməyi dayandırmalıdır.

Hesabatda Azərbaycanda istintaq altında olan və ya məhkəməyə çıxarılan faəlların adları sadalanır.
Giorgi Gogia
Giorgi Gogia
Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, REAL-ın həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və başqalarının adları var. Hesabatda onların hər birinin ittihamına ayrı-ayrılıqda toxunulub.

HÜQUQLAR QANUNLA DA MƏHDUDLAŞIB

HRW icazəsiz aksiyalarda iştirakla bağlı qanunvericiliyin sərtləşdirilməsini, internetdə böhtan və təhqirə görə cəza verilməsi ilə bağlı müvafiq qanuna əlavəni fundamental azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirir.

Hesabatda deyilir ki, hökumətin beynəlxalq tərəfdaşları Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid etsə də, durumun yaxşılaşmasına nail ola bilməyib:

«Aydındır ki, Azərbaycan liderləri beynəlxalq imicinin qayğısına qalırlar, amma onlar əvvəlcə insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməlidirlər». – G.Gogia deyir. Onun fikrincə, Azərbaycanın beynəlxalq təfərdaşları rəsmi Bakının öz öhdəliklərinə əməl etməsini istəyirlərsə, insan haqları kriteriyalarını qabartmalıdırlar.

Hesabatda o da göstərilir ki, ötən ilin fevralında yazıçı Əkrəm Əylisli Azərbaycan-Ermənistan müasir tarixi ilə bağlı yazdığı əsərə görə hakimiyyətin sərt tənqidi ilə üzləşib. Prezident Əliyev yazıçıya verilən prezindent təqaüdünü və «Xalq yazıçısı» adını geri alıb, Əkrəm Əylislinin xanımı və oğlu iş yerlərini itiriblər.
XS
SM
MD
LG