Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:38

Kitabdan niyə qorxuruq?


Günel Eyvazlı
Günel Eyvazlı
-

“Qanun” nəşriyyatı mənə və mənim kimi yüzlərlə gəncə qucaq açıb.

Mənim “Yuxumu xeyrə yozun” adlı şeirlər kitabımı “1 İnci” layihəsi əsasında “Qanun” nəşriyyatı öz hesabına dərc edilib.

Mən nəşrə bir qəpik də olsa pul verməmişəm...



Günel Eyvazlı


KİTABDAN NİYƏ QORXURUQ?


«Qanun» Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, nəşriyyatla əməkdaşlıq edən və istintaqa çağrılan Aysel Əlizadə, nəşriyyatda çalışan tərcüməçi Nadir Quliyev və tərcüməçi Nəriman Əbdülrəhmanlının iştirakı ilə Azadlıq Radiosunda yayımlanan verlişi sona qədər izlədim.

Mən iqtisadçı deyiləm, siyasətçi deyiləm, amma, yazaram. Bir yazar kimi bunları söyləməyə haqqım və ixtiyarım var.

Bilmirəm, həqiqətənmi nəşriyyatın işində çatışmazlıqlar olub, ya vaxlı-vaxtında vergiləri ödəməyib və. s. Amma hər şeyin sivil yolu və sivil qaydası var. Biz inkişaf etmiş, demokratik qanunlarla idarə olunan bir dövlətdə yaşayırıqsa, demək mübahisəmizi, təftişimizi də sivil surətdə aparmalıyıq.

Eşidəndə ki, vergi işçiləri nəşriyyatın qapısını təpiklə açıb və heç bir hüquqi sənədi olmadan nəşriyyata aid sənədləri aparıb, doğrusu çox hiddətləndim. Özəl qurum olmasına baxmayaraq millətə, xalqa, yazarlara xeyir verən bir nəşr orqanı varsa, biz onun işini niyə məhdudlaşdırmalı və işçilərinin əlindən gəlir obyektini almalıyıq?

Biz ziyalı kütlə, yazıçılar əslində Allahın qarğışlanmış insanlarıyıq. Bəli qarğışlanmış. Çünki sözümüzün qiyməti, özümüzün isə dəyəri yoxdur. “Qanun” yeganə sığınacaq yerimiz idi. Nəyimiz var ki? Başımız dolu olsa da, cibimiz boş, bir qarnı ac, bir qarnı toxuq. Onun–bunun diqqətinə möhtac və ömrümüzün sonuna qədər “Əvvəl-axır ziyalını da qiymətləndirəcəklər” ümidi ilə yaşayan bədbəxtlərik.

Mən günlərin bir günü kitab çıxarmaq fikrinə düşdükdə hansı nəşriyyat orqanına müraciət etdimsə dedikləri məbləğ cibimə görə olmadı. Necə olsun ki, adlı-sanlı universitet bitirməyimizə baxmayaraq, minimal əmək haqqı ilə dolanmaq, daha doğrusu sürünmək zorundayıq. İndi də gözümüzü tərcümələrə, köşə yazılarına dikib pul qazanmaq istəyirik. Daha doğrusu qəpik-quruş. Nə qədər istəsək də ayaqlarımız, bizdən öndə gedən iqtisadi yorğana uzana bilmir ki, bilmir.

“Qanun” nəşriyyatı mənə və mənim kimi yüzlərlə gəncə qucaq açıb. Mənim “Yuxumu xeyrə yozun” adlı şeirlər kitabımı “1 İnci” layihəsi əsasında “Qanun” nəşriyyatı öz hesabına dərc edilib. Mən nəşrə bir qəpik də olsa pul verməmişəm. O zaman Şahbaz müəllimi görə bilməmişdim. İndi fürsət düşmüşkən ona öz təşəkkürümü bildirirəm. Onların təşəbbüsü ilə yaradılan və əsası qoyulan kitab bayramlarının misli bərabəri yoxdur. Hətta Şahbaz bəy özü də qollarını çırmalayıb, işçiləri ilə birgə cani-dildən əziyyət çəkir.

Məgər Respublikamızın çiçəklənməsi üçün bacardığı köməkliyi edən belə bir qurumu yox etsək vicdanımız sızıldamayacaqmı? Biz kitabı, oxumağı insanların əlindən aldıqca cəmiyyətimizi məhvə sürükləyirik. Deyə bilərsiniz ki, bir nəşriyyat az, bir nəşriyyat çox, nə olacaq ki? Olacaq. Mən istəyirəm ki, “Qanun” nəşriyyatı ilə sağlam raqabətdə olan digər nəşriyyatlar da səfərbər olub, həmrəylik nümayiş etdirsinlər. Və kitab bazarında belə bir güclü rəqibi əldən verməsinlər. İqtisadçılar bilir ki, sağlam rəqabət inkişafdır. Bu inkişafın qarşısını almaq bizlərə yaraşmaz.

Yaxın qonşumuz olan Türkiyədə kitab nəşriyyatları zamanın nəbzini tutub. Həm kitaba marağı artırıb, həm də bunu biznesə çeviriblər. “Qanun” nəşriyyatı da eyni missiyanı həyata keçirirdilər. Nəşriyyatlar yazıçıların məbədidir. Ümid yeridir. Bir insanın əlindən inancını qoparmağın bədəlinin nə olmasını bilirsinizmi?

Cəmiyyəti mədəni adı biznesmen olan kəslərlə, şoumenlərlə zənginləşdirmək bizi yalnız geriyə atacaq. Kitabdan qorxmayın.

Azərbaycan Yazıçılar Birliyinin də məsələyə qoşulması təqdirəlayiq idi.

İnanıram ki, ölkə başçısı ziyalı, intellektual bir şəxs kimi bu məsələnin çözülməsində yardımçı olacaq.

“Qanun”un işığına yenidən yığışmaq ümidi ilə.
XS
SM
MD
LG