Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:53

Mətyu Brayza həmsədr kimi regiona ilk səfərinə başlayır


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza, 6 İyun 2006.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza, 6 İyun 2006.

İyulun 29-da ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzanın regiona səfəri başlayır. Ermənistan xəbər agentlikləri onun əvvəlcə Dağlıq Qarabağa, sonra Ermənistana gedəcəyini bildirsə də, ABŞ-ın Bakıdakı səfirliyinin məlumatına görə, cənab Brayza əvvəlcə Ermənistana, sonra Dağlıq Qarabağa, daha sonra Bakıya səfər edəcək. Avqustun 1-də amerikalı səfir Bakıda prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla görüşəcək.


Mətyu Brayza Minsk qrupunun həmsədri olaraq regiona ilk dəfədir gəlir. Bu vəzifəyə təyin olunandan sonra «Azadlıq» radiosuna verdiyi müsahibədə cənab Brayzanın Dağlıq Qarabağ danışıqları barədə bəzi detalları açıqlaması münaqişə tərəflərində ciddi rezonansa səbəb olmuşdu.


Həmin müsahibədə Mətyu Brayza demişdi ki, həmsədrlər prezidentlərin siyasi iradə nümayiş etdirməyə hazır olub-olmadıqlarını müəyyənləşdirmək üçün yayda danışıqlar prosesinə fasilə vermək barədə qərarına gəliblər. Ancaq bu addım prosesin dayandırılması kimi başa düşülməməlidir. Sadəcə prezidentlərə düşünmək üçün imkan verilir.


ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik də deyir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması üçün danışıqlar heç vaxt dayandırılmayıb: «Münaqişənin dinc yolla həlli hər iki tərəfdən çətin güzəştlər tələb edir. Həmsədrlər tərəflərin bu qərarı verməyə hazır olub-olmadığını öyrənmək üçün onlarla işi davam etdirir».


Cənab Brayzanın regiona yaxşı bələd olduğunu nəzərə alsaq, deməli onun indiki səfərinin daha çox tərəflərin mövqeyini öyrənmək məqsədi daşıdığı qənaətinə gəlmək mümkündür.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin fikrincə, Mətyu Brayzanın səfərinin məqsədi danışıqlar prosesinə yeni bir inkişaf təkanı verməkdir. «Hələ ki, sülhün şansı tükənməyib. Məncə, əsas məsələ odur ki, Mətyu Brayza Minsk qrupunun həmsədri qismində birinci dəfə regiona səfər edir. Bizim əsas ümidimiz odur ki, onun səfəri danışıqlar prosesinin davam etdirilməsinə təkan versin».


Mətyu Brayzanın regiona səfərindən sonra ATƏT-in Minsk qrupu həmsədrləri Parisdə bir araya gələrək növbəti planları müzakirə edəcəklər.


XS
SM
MD
LG