Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

«Azəriqaz» məsuliyyətsiz abunəçiləri cərimə etmək səlahiyyəti istəyir


"İyul ayında Bakı əhalisinin ancaq yarısı qaz pulunu verib"
"İyul ayında Bakı əhalisinin ancaq yarısı qaz pulunu verib"

Prezident İlham Əliyev iyulun 31-də keçirdiyi müşavirədə enerjidaşıyıcılara və kommunal xidmətlərə görə ödəniş yığımının artırılmasını bildirdi. Dövlət orqanları problemdən çıxış yolunu inzibati tədbirlərdə görürlər. Məsələn, «Azəriqaz» Səhmdar Cəmiyyətinin Nəzarət Xidmətinin rəisi Nüsrət Qasımov deyir ki, qaz təsərrüfatını tənzimləyən qanunlar olsa da, məsuliyyətsiz abunəçilərin cəzalandırılması mexanizmi yoxdur. Cənab Qasımovun fikrincə, «Azəriqaz»a belə abunəçiləri cərimə etmək səlahiyyəti verilməlidir.


Rəsmi statistikaya görə, əhalinin təxminən üçdə biri kasıblıq həddində yaşayır, amma Nüsrət Qasımovun fikrincə, ödənişlərin aşağı olmasının əsas səbəbi heç də bu deyil. Əhalinin əksər hissəsinin qaz pulu verməyə gücü çatır, sadəcə, bəzi insanlar bazar iqtisadiyyatının qanunlarına uyğunlaşmaq istəmirlər: «Camaatda elə təsəvvür yaranıb ki, əgər bir şey gəlib evin içinə çıxırsa, buna görə pul vermək lazım deyil. Heç kəs gedib metrodan şikayət etmir ki, niyə məni metroya pulsuz buraxmadılar, heç kəs şikayət etmir ki, telefonla danışdığım yerdə sözüm ağzımda qaldı, ara kəsildi. Amma qazdan şikayət edirlər».


Cənab Qasımovun sözlərinə görə, keçən ay Bakı əhalisinin ancaq yarısı qaz pulunu verib. Onun sözlərinə görə, qış gələndə – qazdan istifadə artanda yığımın səviyyəsi bir az da düşür.


Amma Bakının Ramana qəsəbəsində məskunlaşan məcburi köçkün Çinarə Xudiyeva deyir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi onun yaşadığı yataqxana binasındakı bütün ailələrin kommunal xidmət haqlarını ödəsə də, problemləri yenə də həll edilmir: «Qaz yoxdu, məcbur olub elektrik enerjisindən daha çox istifadə edirik, belə olanda isə naqillərə güc düşür. Heç suyumuz da yoxdu. Vedrələrlə su daşıyırıq».


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, əhalinin enerjidaşıyıcılara və kommunal xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında yerinə yetirməməsinin səbəbini elə xidmət idarələri və şirkətlərin fəaliyyətində axtarmaq lazımdır. Onun sözlərinə görə, ölkədə xidmət haqqı borclarından asanlıqla yaxa qurtarmaq imkanları var: «Qaz və ya işıq idarələrinin əməkdaşlarına rüşvət verib üst-üstə yığılan borcları sildirmək, yaxud azaltmaq imkanları olduğu üçün bir çox insanlar gözləmə mövqeyi tutur, ödənişləri etmirlər».


Cənab Hüseynov bir sıra hallarda ödənişlərin rəsmiləşdirilmədiyini də bildirir. Təklif edir ki, əhalini istifadə etdiyi kommunal xidmətləri ödəməkdən başqa yol olmadığına inandırmaq üçün ciddi tədbirlər görülsün və bütün kommunal xidmətlərin cəmləşdiyi Dövlət Agentliyi yaradılsın. AİB sədri hesab edir ki, hazırda pərakəndə halda olan və sovet dövründən qalma idarəçilik üsullarıyla fəaliyyət göstərən kommunal xidmət idarələrində neqativ halları aradan qaldırmaq çətindir.


XS
SM
MD
LG