Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:45

«Şahdəniz» qazı Avropanın tələbatını ödəyə bilərmi?


Dünyada təbii qaza olan tələbat artır
Dünyada təbii qaza olan tələbat artır

Ekspertlərin sözlərinə görə, Azərbaycanın potensialı Balkan Yarımadası, Yunanıstan və İtaliyanın qaza olan ehtiyacının bir qismini ödəmək baxımından diqqət cəlb edə bilər


Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Bakıda keçirilən 13-cü «Xəzər neft və qaz 2006» sərgi konfransının açılışında deyib ki, dünyada təbii qaza olan tələbat getdikcə artdığından «Şahdəniz» yatağı ilə bağlı planlarda dəyişiklik edilə bilər. «Azərbaycan bu tələbatı ödəməyə hazır olmalıdır» deyən prezident əlavə edib ki, Azərbaycan neft-qaz ölkəsi kimi uzun illər bölgədə mühüm rol oynayacaq. Bu zaman belə bir sual ortaya çıxır ki, Azərbaycan hansı ehtiyatlarına güvənib dünyanın və ya lokal miqyasda götürsək Avropanın qaza olan tələbatının ödənməsindən danışa bilər.


Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırovun fikrincə, Azərbaycan istəsə belə, dünya və ya Avropanın qaza olan tələbatının ödənməsində mühüm rol oynaya bilməz. «Çünki Avropanın qaza olan illik tələbatı 600 milyard kubmetrdir. Azərbaycanın Şahdəniz yatağındakı ehtiyatları isə 900 milyard kubmetrdən bir az çoxdur. Yəni bütün Şahdəniz yatağı Avropanı ancaq ilyarım təmin edə bilər».


Dövlət Neft Şirkətinin başqa sabiq prezidenti, hazırda Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyevin sözlərinə görə, Azərbaycanın yetərincə qaz ehtiyatları var. Amma əsas məsələ, qazın Avropaya necə nəql olunmasıdır. «Bizim yetərincə ehtiyatlarımız var. Amma əsas, nəqliyyat məsələsidir, yəni necə çatdırmaq. Bir də nəqliyyat dəhlizləri olarsa, təkcə Azərbaycan qazının deyil regionun digər qaz potensialının da Avropaya daşınmasına nail olmaq mümkündür».


Rəsmi statistikaya görə Azərbaycanın ən böyük təbii qaz yatağı hesab olunan Şahdəniz yatağında təxminən 900 milyard kubmetrdən çox qaz var. Avropanın illik qaz istehlakı isə müxtəlif rəqəmlərə görə, 400-600 milyard kubmetr arasında dəyişir. Üstəlik, Azərbaycan qazını Türkiyə sərhədinə qədər çatdıracaq Bakı-Ərzurum kəmərinin illik keçiricilik gücü 20 milyard kubmetrdir ki, ilkin mərhələdə boruya ildə ancaq 5,5-7,5 milyard kubmetr qazın Türkiyənin Botaş şirkəti üçün vurulması nəzərdə tutulurdu.


"Turan-Enerji" dərgisinin eksperti İlham Şabanın sözlərinə görə, ola bilsin Azərbaycan tərəfi qazın qiymətlərin artdığı bir vaxtda borunun illik gücündən tam istifadə eləmək üçün Şahdənizin işlənməsi planlarına dəyişiklik etməyi düşünsün.


Ekspertlərin sözlərinə görə, Azərbaycanın potensialı iri qaz ixracatçılarıyla rəqabət aparmağa və bütün Avropanın ehtiyacını ödəməyə yetməsə də, Balkan Yarımadası, Yunanıstan və İtaliyanın qaza olan ehtiyacının bir qismini ödəmək baxımından diqqət cəlb edə bilər.


XS
SM
MD
LG