Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:08

«Yaxşı təməl» üzərində əməkdaşlıq


Ramil Usubov vətəndaşlara qarşı qeyri-qanuni əməllərə yol verən istənilən polis əməkdaşının cəzalandırılmasının tərəfdarı olduğunu bildirib
Ramil Usubov vətəndaşlara qarşı qeyri-qanuni əməllərə yol verən istənilən polis əməkdaşının cəzalandırılmasının tərəfdarı olduğunu bildirib

«Biz həmişə bugünkü reallığı düzgün əks etdirən jurnalistlərlə əlaqə saxlayırıq, amma kimlər ki, polisin 15 illik fəaliyyətinin üstünə kölgə salır, polisin şərəf və ləyaqətini alçaltmağa çalışır, onlarla qanun çərçivəsində və hüquqi müstəvidə mübarizə aparacağıq». Prezident İlham Əliyevi Salyan rayonuna səfərdə müşayiət edən Daxili İşlər naziri Ramil Usubov son zamanlar rəhbərlik etdiyi qurumun bəzi mətbuat vasitələrini məhkəməyə verməsinin səbəbləri barədə sualı şərh edərkən belə deyib. Nazirin sözlərinə görə, o və tabeliyində olan polis əməkdaşları media işçiləri ilə yaxşı təməl üzərində qurulmuş əlaqələrdə maraqlıdır: «Bu, bizim özümüzə də xeyirdir, çünki cinayətkarlığa qarşı mübarizədə jurnalistlərin, mətbuatın rolu danılmazdır».


Cənab Usubov hazırda məhkəməsi gedən DİN-in keçmiş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun son prosesdə dəstə başçısının Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov olması barədə dediklərini yalnız məhkəmə istintaqının müəyyən edə biləcəyini söyləyib: «Onun dediklərinin nə qədər doğru olub-olmadığını məhkəmə istintaq müəyyənləşdirəcək».


Nazir Mingəçevir Şəhər Polis İdarəsində Qarabağ müharibəsi əlili Rasim Əlişovun müəmmalı ölüm məsələsinə də toxunaraq bildirib ki, həmin şəxs kifayət qədər əsas olmadan idarəyə gətirilib və orada ona qarşı güc tətbiq edilib: «Bunu nəzərə alaraq Mingəçevir Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Bölməsinin rəisi İlqar Abbasovu vəzifədən azad etmişəm, indi istintaq gedir və onun günahını istintaq müəyyənləşdirəcək».


Ramil Usubov vətəndaşlara qarşı qeyri-qanuni əməllərə yol verən, işində nöqsanlar olan istənilən polis əməkdaşının cəzalandırılmasının tərəfdarı olduğunu da bildirib.


XS
SM
MD
LG