Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:00

Diplomat kadrlar harada hazırlanmalıdır?


Bakı Dövlət Universitetinin məzunlarının XİN-in müsabiqəsində nəticələri nazirliyi qane etmir
Bakı Dövlət Universitetinin məzunlarının XİN-in müsabiqəsində nəticələri nazirliyi qane etmir

Cavid İsmayıl Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirən ilk məzunlardandır. Diplom alanda ərəb, fars və ingilis dillərini mükəmməl bildiyini deyir. Şərq ölkələrinin birində diplomat kimi fəaliyyət göstərəcəyinə ümidlənən Cavid İsmayıl sənədlərini Xarici İşlər Nazirliyinə (XİN) də təqdim edib: «Universiteti bitirəndən sonra bir neçə dəfə nazirliyə getdim. Dedilər ki, anketimi nazirliyin qarşısındakı qutuya atım. Bir yox, bir neçə dəfə anketimi ora atdım. Soraq çıxmadı. Kadrlar idarəsindən dedilər ki, lazım olanda çağırarıq». Bir neçə il sonra yeni nazir Elmar Məmmədyarov işə götürülmək üçün müsabiqə elan edəndə isə o tərəddüd edib. Çünki, altı-yeddi il ərzində diplomat kimi öyrəndiklərini unutmağa, qəzetçilik vərdişlərini mənimsəməyə başlayıbmış.


İndiyədək Azərbaycanda həm özəl, həm də dövlət ali təhsil müəssisələri diplomat hazırlayıblar. Bu yöndə ilk addımı isə Bakı Dövlət Universiteti (BDU) atıb. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi 1992-ci ildə prezident Əbülfəz Elçibəyin göstərişilə yaradılıb.


Hazırda isə prezident İlham Əliyevin sərəncamı ilə diplomat yetişdirəcək ayrıca ali təhsil ocağı – XİN-in nəzdində Diplomatik Akademiya yaradılıb. Onun rektoru yeni təyinatına qədər Azərbaycanın 14 il ABŞ-da səfiri olmuş Hafiz Paşayevdir. Mütəxəssislər hesab edirlər ki, bu ali məktəb çoxdan yaradılmalı idi. Rektor Hafiz Paşayevsə akademiyanın necə formalaşdırılacağı haqda düşündüklərini, həm Qərb, həm Şərq təcrübəsindən yararlanacaqlarını deyir. Rektor hesab edir ki, beynəlxalq standartlarla ayaqlaşmaq lazımdır. Azərbaycanda bu sahədə işləyəcək yeni kadrların hazırlanmasına ehtiyac var və məqsəd diplomat kadrların hazırlanması prosesinin vahid mərkəzdən idarə olunmasıdır.


Bu arada BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin aqibəti də sual doğurur. XİN-in keçirdiyi işə qəbul müsabiqəsində diplomat olmaq istəyən kadrların zəif nəticə göstərməsi tənqidlərə yol açıb. BDU-nun beynəlxalq münasibətlər kafedrasının professoru İsmayıl Musa da tənqidləri qəbul edir, amma onun fikrincə dövlət universitetinin müvafiq fakültəsi ləğv olunmamalıdır: «Ali Diplomatiya Akademiyasının yaradılmasının Bakı Dövlət Universitetindəki fakültəyə dəxli olmamalıdır. Məncə, hər ikisi öz kadrlarını hazırlamalıdır. Dövlət universitetin ən qədim elm mərkəzlərindən biri kimi kadr hazırlığını davam etdirməlidir».


BDU-nun məzunu olan Cavid İsmayıl isə yaranmış vəziyyətdə hökuməti qınayır. O düşünür ki, planlaşdırılmış dövlət siyasəti aparılsaydı, diplomat kadrların peşəkarlıq səviyyəsi də yüksək olardı. Cavid İsmayıl hesab edir ki, görünür, buna görə də XİN-in müsabiqəsinə qatılan mütəxəssislərin səviyyəsi nazirliyi qane etməyib.


Sözügedən fakültənin professoru İsmayıl Musa deyir ki, BDU-da hazırlanan məzunların bəzilərinin müsabiqədən keçməməsi o demək deyil ki, bütün məzunların səviyyəsinin aşağıdır. Professorun fikrincə, «işləri korlayan» sonradan həmin fakültəyə müxtəlif yerlərdən köçürülmələrin olmasıdır. Mütəxəssislər isə hesab edirlər ki, iki ali məktəbin rəqabət aparması yaxşı hal olardı.


Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə belə bir akademiyanın yaradılmasını müsbət sayır. Onun fikrincə, bu işdə yeganə çətinlik kadrlarla bağlı ola bilər. Kənardan mütəxəssis dəvət etmək və ya indiyədək xaricdə təhsil almış Azərbaycan vətəndaşlarını bu işə cəlb etməklə problemin həlli mümkündür. Elə Akademiyanın rektoru Hafiz Paşayev də bununla bağlı müzakirələrin aparıldığını deyir.


XS
SM
MD
LG