Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:58

Tikintidə işləyənlərin təhlükəsizliyi necə təmin olunur?


Fəhlələrin problemlərinin həlli həmkarlar təşkilatlarının yaranmasından keçir
Fəhlələrin problemlərinin həlli həmkarlar təşkilatlarının yaranmasından keçir

Şahmar Əliyev çox mərtəbəli binalardan birinin tikintisində çalışır. 45 yaşı var, son illərdir ki, çörəyini tikintidə fəhləlik eləməkdən çıxarır. Səhhətindən şikayətçi olmasa da, ürəyindən keçir ki, hərdən bir tibbi müayinədən keçsin. Amma, tikintidə işə başlayanda ondan heç sağlamlıq haqqında arayış istəməyiblər.


Mətbuat son bir ayda ayrı-ayrı tikinti yerlərində, daş karxanasında bir neçə fəhlənin dünyasını dəyişməsiylə bağlı məlumat yayıb. Rəsmi statistikaya görə, il ərzində istehsalat yerlərində 200-ə qədər bədbəxt hadisə baş verir ki, bunun da 40-42-si isə ölümlə nəticələnir. Mütəxəssislər isə bu rəqəmin reallığı əks etdirmədiyini, bədbəxt hadisələrin daha çox olduğu qənaətindədirlər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, tikintilərdə təhlükəsizlik məsələlərinə riayət olunmur, amma bədbəxt hadisələrin bəzisi də işçinin öz səhhətindəki problemlərdən qaynaqlanır. Belə ki, sahibkar işçini işə götürərkən tibbi arayış tələb eləmədiyindən, bəzən toz udmaq, ağır daş qaldırmaq fəhlənin səhhətinə ziyan vurur.


Sahib Məmmədovun fikrincə, ola bilər ki, işçi səhhətində olan problemi gizlətsin, amma sahibkar onu işə qəbul edərkən gələcək işçisinin sağlamlığından tam arxayın olmalıdır ki, sonra problemlə üzləşməsin.


«Kaspian servis» tikinti şirkətinin Direktorlar Şurasının üzvü Allahverən Əliyev deyir ki, onların şirkətində işçini işə qəbul edərkən onlardan tibbi arayış tələb edilmir, ancaq onun fikrincə, bu sənəd tələb edilməlidir. Cənab Əliyevin sözlərinə görə, işçinin səhhətində problem olarsa, bu zaman sahibkarın onunla işləməkdən imtina edə bilməsi mümkündür.


Dövlət Əmək Müfəttişliyinin şöbə rəisi Tahir Musayev deyir ki, onlar vaxtaşırı monitorinqlər aparırlar. Dövlət müəssisələrinə nisbətən özəl şirkətlərdə əməyin mühafizəsiylə bağlı daha ciddi problemin olduğunu söyləyən cənab Musayevin fikrincə, sahibkarlar işçilərini xüsusi geyimlə təchiz eləməlidirlər ki, onların səhhətinə problem yaranmasın. Ancaq qanunvericiliyə görə, istehsalat yerində bədbəxt hadisə baş verərsə, onda müfəttişliyin komissiyası bunun məsuliyyətini kimin-işçinin, yoxsa sahibkarın üzərinə düşdüyünü araşdırıb qiymət verir.


Ekspertlərin fikrincə, tikinti şirkətlərində çalışan işçilərin hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarının yaradılması zəruridir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, yalnız bu yolla fəhlələrin gündəlik işlərində qarşılaşdıqları problemlərin həllinə nail olmaq mümkündür.


XS
SM
MD
LG