Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

Əmanətlərin qaytarılması ilə bağlı fikir ayrılıqları var


Hökumət əmanətləri iyul ayında qaytarmağa başlayacağını bildirilmişdi
Hökumət əmanətləri iyul ayında qaytarmağa başlayacağını bildirilmişdi

Sovet dövründən qalma əmanətlərin qaytarılması hökumətdəki fikir ayrılıqları ilə əlaqələndirilir. Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov deyir ki, fikir ayrılığı yaradan əsas məsələ əmanətlərin nağd pul şəklində qaytarılmasıyla bağlıdır. Bəzi hökumət üzvləri təklif edirlər ki, əmanətlər nağd pul şəklində yox, qiymətli kağızlar formasında qaytarılsın: «Təklif var ki, qiymətli kağızlar, istiqraz vərəqələri buraxılsın, kim istəyirsə, həmin qiymətli kağızları saxlasın, kim də istəyir satıb öz maddi vəziyyətini düzəltsin».


Sovet dövründən qalma əmanətlərin istiqraz vərəqələri şəklində verilməsindən Qazaxıstan istifadə edib. Qazaxıstan təcrübəsini araşdırmış İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, həmin ölkənin vətəndaşlarına müxtəlif müddətli istiqraz vərəqələri verilib. Ən yaşlı təbəqəyə istiqrazını daha tez nağd pula çevirmək imkanı yaradılıb.


Hökumətdə əsasən 1992-ci ilin yanvarın 1-nə qədər pulunu banklara etibar etmiş şəxslərin əmanətlərini qaytarmaq müzakirə edilir. İlkin hesab- lamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarı- larkən, 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.


Keçmiş Maliyyə naziri Əvəz Ələkbərov demişdi ki, əmanətlər bu ilin iyul ayında qaytarılmalıdır, sonra məlum oldu ki, bu barədə qanun parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Əmanətlərin 10 il ərzində qaytarılması nəzərdə tutulub.


Ümumiyyətlə, Azərbaycan hökumətinin qiymətli kağızlar bazarını inkişaf etdirmək niyyəti yeni deyil. Keçən il ölkədə inflyasiya 10 faizi keçəndə prezident yanında keçirilən müşavirədə inflyasiyanı doğuran səbəblərdən biri kimi əldə nağd pul kütləsinin çox olması və qiymətli kağızlar bazarının inkişaf etməməsi göstərilmişdi. Bəzi hökumət nümayəndələri ehtiyatlanırlar ki, əmanətlər qaytarılmağa başlasa, kasıb təbəqə həmin pulu dərhal xərcləməyə başlayacaq və bu qiymət artımına gətirib çıxaracaq.


Qubad İbadoğlu isə deyir ki, əhalinin istiqraz vərəqələrinə inamı azdı, bu da sovet dövründə verilən istiqraz vərəqələrinin qiymətdən düşməsiylə bağlıdır: «Əgər vətəndaşın evinin küncündə sovetdən qalma istiqraz vərəqəsi hələ də durursa, onun qiymətli kağızlara münasibəti necə ola bilər. Yaxşı olardı ki, əmanətlər nağd şəklində qaytarılsın», Qubad İbadoğlu əmanətlərin nağd şəklində tədricən qaytarılmasının ciddi inflyasiyaya səbəb olacağını düşünmür.


Əmanətçilərin hüquqlarını müdafiə cəmiyyətinin sədri, özünün də sovet banklarında əmanəti olan Mehdi Məmmədov qiymətli kağızlarla bağlı narahatlığı bölüşür, amma əmanətlərin istiqraz formasında verilməsinə də pis baxmır: «Cəmiyyətin indiki vəziyyətini nəzərə alanda mənə elə gəlir ki, hansı formada qaytarsalar, buna münasibət müsbət olacaq. Həmin əmanətləri əhali batmış hesab edir, nə formada qaytarsalar, əhali qəbul edəcək-istər nağd pul şəklində olsun, istər qiymətli kağız formasında. Məncə, hökumət elə etməlidir ki, əmanətlərin qaytarılması kasıblığın ləğvinə kömək etsin. Hər halda biz ümid edirik ki, insanlara humanist münasibət olacaq».


Mehdi Məmmədov düşünür ki, istiqraz orta nəslin nümayəndəsi olan əmanətçilərə verilsə, yaxşı olar. Yaşlı nəslə isə öz əmanətlərindən dərhal bəhrələnmək imkanı yaradılmalıdır.


1992-ci ilə qədər sovet banklarına qoyulan əmanətlərin qaytarılması üçün bu ilin dövlət büdcəsində təxminən 50 milyon dollar nəzərdə tutulub və hökumət əmanətləri iyul ayında qaytarmağa başlayacağını bildirilmişdi.


XS
SM
MD
LG