Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:56

Din xadimləri üçün vahid geyim: Tağıyev modeli


Din xadimləri üçün vahid geyimin nümayişi. Bakı, 11.09.2014
Din xadimləri üçün vahid geyimin nümayişi. Bakı, 11.09.2014

-

Sentyabrın 11-də Azərbaycanda din xadimləri üçün vahid geyim forması təqdim olunub. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Media forum saytının bununla bağlı bir sıra suallarını cavablandırıb.

- Din xadimləri üçün vahid geyimlər kimlər üçün nəzərdə tutulub?

- Din xadimləri üçün nəzərdə tutulan vahid geyimlər Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə məscidlərdə işləyən axund və imamlara verilir. Həmin axund və imamlar QMİ-nin nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirmə kurslarına cəlb olunublar və bu kursları bitirəndə onlara vahid geyimlər təqdim edilir.

İndiyədək kursları ümumilikdə 100 nəfər bitirib. Onlar qrup-qrup – hər qrupda 50 nəfər olmaqla kurslarda iştirak ediblər. Sentyabrın 11-də həmin 100 nəfər axund və imama vahid dini geyimlər təqdim olundu. Bu proses davam edəcək. Sentyabrın 15-də 50 nəfərdən ibarət üçüncü qrupun təkmilləşdirmə kurslarında dərsləri başlanır. Onlar da kursu bitirən kimi vahid geyimlə təmin olunacaqlar. Proses bu formada gedəcək.

Geyimlər kursu bitirmiş din xadimlərinin bədən ölçülərinə uyğun olaraq fərdi formada hazırlanır. Tikiş prosesi də nəzarətdədir. Bu geyimləri yalnız QMİ-nin seçdiyi dərzilər tikir. Həmin dərzilər bu iş üçün xüsusi dəvət olunublar. Təkmilləşdirmə kursunu bitirmiş axund və imamların bədən ölçüləri götürülür, buna uyğun geyimlər hazırlanır. Gələcəkdə də belə olacaq, geyimlərin başqa yerlərdə istehsalı və satışı nəzərdə tutulmayıb.

- Köhnələndə geyimlərin yenisi ilə əvəzlənməsi necə olacaq? Axund və imamlar yeni geyim almaq üçün yenə təkmilləşdirmə kursundan keçməlidir?

- Təbii ki, geyimlər bir müddət istifadə olunandan sonra köhnələcək. Biz bunu da əvvəldən nəzərə almışıq. Geyimi köhnəlmiş din xadimi QMİ nəzdində fəaliyyət göstərən dərzilərə müraciət edərək yeni geyim dəsti tikdirə bilər. Geyimlərin QMİ-də hazırlanmasında məqsəd bunun kənarda tikilib-satılmasının qarşısını almaqdır. QMİ-nin təyinatı ilə fəaliyyət göstərən din xadimlərinin geyimləri mütəmadi olaraq təzələnəcək.

Kursu bitirmiş din xadimlərinin bir müddət sonra yenidən təkmilləşdirmə kursuna cəlb olunması da istisna deyil. QMİ-də din xadimlərinin attestasiyası da aparılır. Təkmilləşdirmə kursunu bitirmiş din xadimlərinin attestasiyaya və təkrar təkmilləşdirmə kursuna cəlb olunması da gündəmdədir.

- Ümumilikdə neçə din xadiminə vahid geyim veriləcək?

- Azərbaycanda 2 minə yaxın məscid var. Bəzi məscidlərdə hər iki icmadan təyinat var, yəni həm axund, həm də imam fəaliyyət göstərir. Onların hamısı təkmilləşdirmə kurslarına cəlb olunacaq və vahid geyim alacaq.

Din xadimləri üçün vahid geyimin nümayişi. Bakı, 11.09.2014
Din xadimləri üçün vahid geyimin nümayişi. Bakı, 11.09.2014

- Geyimlər pulsuz paylanır, yoxsa din xadimi onu öz vəsaiti hesabına alır?

- Din xadimləri üçün nəzərdə tutulan geyimlər pulsuz paylanır.

- Bəs bu geyimlər hansı vəsait hesabına hazırlanır? QMİ bunu öz hesabına edir, yoxsa dövlət pul ayırıb?

- Burada dövlətin dəstəyi böyükdür. QMİ-nin özünün də müəyyən təşkilati işləri var, vəsait xərcləyib.

- Geyimin tərtibatı kimə məxsusdur? Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə geyimləri bəyənibmi? Sizcə, o geyimdə olan insana kənardan baxanda onun din xadimi olduğu bilinirmi?

- Din xadimlərinin vahid geyimdən istifadə etməsi məsələsi birdən-birə yaranmayıb, bu məsələ müxtəlif illərdə dəfələrlə müzakirə edilib, müəyyən ideyalar, təkliflər olub, ayrı-ayrı ölkələrin modelləri nəzərdən keçirilib. Bütün bu müzakirələrdən sonra QMİ rəhbərliyi hesab etdi ki, geyimlər milli çalarları əks etdirməli, milli baxımdan uyğun olmalı, Azərbaycan xalqının keçmişinə əsaslanmalıdır.

Geyim haqda son qərar verilərkən mərhum xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyimləri nümunə kimi götürüldü. Hacı Zeynalabdin Tağıyev müqəddəs Həcc ziyarətində olub, dini qaydalara və Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun geyinib. İndi də onun fotolarına baxanda müsəlman olduğu dərhal duyulur. Vaxtilə geydiyi geyimlər kənardan baxanda onun müsəlman olduğunu dərhal söyləməyə imkan verib. Ona görə də Hacı Zeynalabdin Tağıyevin geyimləri bir nümunə olaraq götürüldü. Onun məşhur fotolarında əks olunan geyimə və papağa uyğun olaraq din xadimləri üçün vahid geyim, həmçinin papaq hazırlandı.

Ən əsası isə əbanın uzun olmamasına qərar verildi. Çünki əba uzun olanda onunla bütün məclislərə getmək olmur, uzun əba daha çox məsciddə geyinib minbərə çıxmaq üçündür. Din xadimlərimizin müxtəlif məclislərə, ictimaiyyət arasına rahat çıxmasına imkan verə biləcək bir geyim forması seçdik. Nəticədə sırf Azərbaycana məxsus olan, müstəqil ölkəmizin din xadimi üçün nəzərdə tutulan geyim ərsəyə gəldi. Diqqətlə baxan hər bir şəxs görə bilər ki, bu geyimlərdə heç bir ölkənin din xadiminin geyimi imitasiya olunmayıb. Ola bilər, hansısa element başqa ölkənin din xadiminin geyiminə müəyyən qədər oxşasın, amma bütövlükdə götürdükdə bu geyimlər yalnız müstəqil Azərbaycanın din xadiminə məxsus bir geyimdir. Hamı da bunu bəyənib.

- Din xadimləri bu geyimləri harada geyinməlidir?

- Biz istəyirik ki, din xadimləri camaat arasına çıxanda hər zaman bu geyimdən istifadə etsinlər, kənardan baxanda onların din xadimi olduğu bilinsin. İndiyədək hər din xadimi müxtəlif rəngdə, formada olan geyimlərdən istifadə edirdi. Bəzi şəxslər yeni geyimləri uniforma kimi qəbul edir. Amma söhbət Azərbaycanın tarixinə əsaslanan geyimdən gedir. Bizim ölkə tarixən əsasən iki məzhəbli olub, sünni-şiə ayrı-seçkiliyi olmayıb. İndi də hər kəs eyni formada geyinəcək, heç bir fərq yoxdur. Çünki hamımız eyni Allaha inanır və ibadət edir, eyni peyğəmbərin hədislərindən sitat gətirir, eyni «Quran»ı oxuyuruq. Yeni geyim həm də dini vəhdətə xidmət edən simvoldur. Bu geyimlərdə ictimaiyyət arasına çıxan din xadimləri QMİ-nin təmsilçiləri olaraq özlərində daha çox məsuliyyət hiss edəcəklər. Vahid geyimlər din xadimlərinin daha məsuliyyətli olması, insanların zövqünü oxşaması baxımından da onların fəaliyyətinə müsbət təsir edəcək. Ona görə də din xadimləri ictimaiyyət arasına çıxanda o formada olmalıdırlar.

XS
SM
MD
LG