Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

«Gözəgörünməz İmamın adsız əsgərləri»


Foto: Arxiv
Foto: Arxiv

-

Siz çevik, əməli-saleh və düşmənin dilini öyrənməyə həvəsli birisisiniz? Bütün bunlar sizdə varsa, sizdən yaxşı bir İran kəşfiyyatçısı çıxar.

İran İslam Respublikasının nəzərində yaxşı bir kəşfiyyatçı nə deməkdir?

Ali rəhbərə sədaqət ən başlıca amildir. Əlbəttə, əxlaqlı davranış, sədaqət, igidlik, səmimilik, doğruçuluq və fədakarlıq da lazımdır.

İran Kəşfiyyat Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş jurnalda təşkilat öz casuslarından məhz bu keyfiyyətləri tələb etdiyini bildirib.

«30 ilin sakit fədakarlığı» adlı qalın jurnal ötən həftə populyar gündəlik qəzetin əlavəsi kimi paylanıb.

Nazirlik bu məcmuədə ali rəhbərə sədaqətin zəruriliyini müxtəlif mənbələrlə əsaslandırır. Orada hətta «Quran»dan belə bir ayə də var: «Ey inananlar, Allaha, onun Rəsuluna və aranızda hakimiyyətə sahib olanlara itaət edin».

Daha sonra deyilir ki, ali rəhbərə onun daşıdığı vəzifənin «fövqəladə mühümlüyünə» görə itaət olunmalıdır.

PEYĞƏMBƏRİN AGENTURASI

«Məhəmməd peyğəmbərin kəşfiyyat qüvvələri əməliyyatlar zamanı onun əmrlərini tam və dəqiq yerinə yetirərdilər», - yazır nazirlik. «Peyğəmbərin kəşfiyyatçıları onun əmrlərindən kənara çıxan hərəkətlərə yol verməzdilər».

Burada «Quran»a başqa istinadlar da var. Bu istinadlarda Məhəmməd peyğəmbərin və şiələrin birinci imamının kəlamları yer alır: İmam Əli öz komandanlarına casusları mərd adamların arasından seçməyi əmr edibmiş, çünki, İran Kəşfiyyat Nazirliyinin təbirincə deyilərsə, «qorxaqlar öz komandanlarına heç vaxt doğru məlumat verə bilməzlər».

Nazirlik, həmçinin, bildirir ki, kəşfiyyatçı öz missiyalarını yerinə yetirmək və məlumat vermək üçün çevik və əməli-saleh olmalı, Allah xatirinə öz şəxsi rəğbət və nifrətlərini bir tərəfə qoymalıdır.

DÜŞMƏNİN DİLİ

Kəşfiyyat agentinə lazım olan keyfiyyətlər arasında nazirlik, həmçinin, düşmənin dilinin öyrənilməsini vacib sayır. Və buradaca Məhəmməd peyğəmbərə daha bir istinad var: «İslamın peyğəmbəri missiyaya aid yerdən və onun xüsusiyyətindən asılı olaraq casuslarından düşmənin dilini öyrənməyi tələb edərmiş”.

Nazirlik yazır ki, agentlər şifrəli dildən də istifadəni bacarmalıdırlar.

«KƏŞFİYYATÇIYAM» DEYƏNƏ İNANMAYIN

Nazirlik əlavə edir ki, İslam cəmiyyətinin təhlükəsizliyini qoruyan casusların kökü müsəlman olmalıdır və vətəndaşlar İran kəşfiyyatına işlədiyini deyən hər bir şəxsə şübhə ilə yanaşmalıdırlar.

««Gözəgörünməz İmamın adsız əsgərləri» məxfidirlər və vəsiqələri yoxdur», - deyilir nazirliyin kitabçasında. «Özünü Kəşfiyyat Nazirliyinin işçisi kimi təqdim edib faydalanmaq istəyən şəxs yüz faiz fırıldaqçıdır».

XS
SM
MD
LG