Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:07

Günel Mövlud. Yusif və Zəhra


Günel Mövlud
Günel Mövlud

-

Ən humanist qələm adamımız, dostum Seymur Baycan qadını təhqir eləyir, ona yuxarıdan aşağı baxır. Deyir ki, evdə üç qadın olduğu halda, kişi evə niyə qabyuyan maşın almalıdır?

İndi, görün cahil, savadsız, dar dünyagörüşlü insanlarda vəziyyət nə yerdədir....

Günel Mövlud

YUSİF VƏ ZƏHRA

Mən ailənin birinci uşağıyam. Doğulduğum gün bizim kənddə iki uşaq dünyaya gəlib. Biri mən olmuşam. Bir də kəndimizdə hamının ruhi xəstə kimi tanıdığı, fiziki məhdudiyyəti də olan bir kişinin oğlu dünyaya gəlib. Həmin gün atam içəri girib, təzə doğulan körpəsinin üzünə də baxmadan anamla dalaşıb və deyib:

- Kəndə çıxmağa utanıram. Allahın şikəstinin oğlu olur, mənim qızım olub…

Sonra qapını çırpıb, gedib.

Cəmi iki il sonra anam atama bir oğlan doğub. Həmin gün atam oğul doğan arvadına qızıl üzük hədiyyə edib. Mən ağlım kəsəli anam barmağındakı qızıl üzüklə öyünür:

- Atan bunu qardaşın olanda mənə almışdı. Ona oğul doğduğuma görə.

Anam o üzüklə bu gün də fəxr edir. Və hələ də hər dəfə bu üzüyü atamın ona nəyə görə bağışladığını deyəndə, məni nə qədər yaraladığının fərqinə varmır. Heç vaxt da varmayacaq.

Mən doğulanda babam adımı Həcər qoymaq istəyib. Qaçaq Nəbinin arvadının adını. Kənd uşaqlarının doğum şəhadətnaməsi xeyli gec verilir, çünki ata-ananın başı gəlib-gedənlərə, görmələrə, qayğılara qarışır. Gec verilən doğum şəhadətnamələrini alanda valideynlər adətən uşağın hansı gün doğulduğunu unudurlar. Buna görə də əyalət uşaqlarının əsl doğum günləri ilə rəsmi doğum günləri arasında ən azı bir-iki aylıq fərq olur. Mənim bəxtim bir az gətirib. Cəmi 7 günlük yanlışlıq var. Oktyabrın 9-u doğulmuşam, sənədlərdə oktyabrın 16-sı yazılır.

Hansısa qüvvə məni Həcər adından qoruyub. Həmin il bizim kənddə ilk dəfə Anarın ssenarisinə çəkilən «Dədə Qorqud» filmini nümayiş etdiriblər. Bibim Günel obrazına və adına vurulub. Babamla uzun-uzadı mübahisədən sonra adım Günel qalıb.

Bu günlərdə bir statistik məlumat oxudum. Ədliyyə Nazirliyinin məlumatına görə ötən il ən çox qoyulan oğlan adları: 1) Yusif (3967 uşaq) 2. Hüseyn (2610 uşaq) 3. Əli (2526 uşaq). Qız uşaqlarına ən çox qoyulan adlarda isə birincilik Zəhra adındadır (3608 uşaq).

Bu statistikanın alt qatında daha bir məlumat gizlənir. Oğlanlara qoyulan adlar arasında ilk üç yerdə dini motivli adların liderlik etməsi Azərbaycanda dinin, onunla birlikdə patriarxal düşüncənin gücləndiyini göstərir. O düşüncə ki qız uşaqlarından imtinaya, abortlara yol açır. Güman ki bu ailələrin çoxu məhz oğlan istəyiblər. Adlarını da öz inanclarına uyğun şəkildə qoyublar.

İyirmi birinci əsrdəyik. Dünyanın ən inkişaf etmiş ölkələrində cinsi ayrı-seçkilik lənətlənir. İllərdir qadının kişi ilə bərabər hüququ təlqin edilir, nə qədər feminist təşkilatlar tarix uzunu qadına göstərilən münasibəti, həqarəti, aşağılamanı yada salır, bu ayrı-seçkiliyin, bu üstdən aşağı münasibətin fəsadlarını müzakirə edir.

Amma kişi hələ də qadına ikinci cins kimi baxır. Elə həmin inkişaf etmiş ölkələrdə belə qadına münasibətdə nə qədər problem var. İlk baxışdan bəlkə də sezilmir, görünmür. Amma diqqət edəndə, münasibətlərdə, davranışda, filmlərin ötürdüyü mesajlarda nə qədər şey qadına münasibətdə insanlığın hələ nə qədər stereotip düşündüyünü, hiss etdiyini göstərir.

Filmlərdə ailə səhnələrində mətbəxdə əksər vaxt qadın qurdalanır. Qabları qadın yığışdırır. Uşaqları qadın geyindirir. Məişət qadın işidir – mesaj hələ də budur.

Bu, hələ Avropada, Amerikada, inkişaf etmiş ölkələrdə belədir. İndi, görün bizim kimi, hər şeydə, hər sahədə geridə qalmış ölkələrdə vəziyyət nə gündədir? Ən məşhur yazıçımız, ən humanist qələm adamımız, dostum Seymur Baycan qadını təhqir eləyir, ona yuxarıdan aşağı baxır. Deyir ki, evdə üç qadın olduğu halda, kişi evə niyə qabyuyan maşın almalıdır?

İndi, görün cahil, savadsız, dar dünyagörüşlü insanlarda vəziyyət nə yerdədir. Ziyalısı belə düşünən, nəinki düşünən, belə bir cümləni, belə bir fikri rahatca yaza bilən bir cəmiyyətdə qız uşaqlarının abort edilməsi, onlara həqarətlə yanaşlıması bəyəm çoxmu təəccüblüdür?

Mənim müasir insanlar, kişilər kimi tanıdığım heç bir kişinin içində bu problem həll edilməyib. Ən müasir kişilər belə, çayı qadının süzüb, gətirməli olduğunu düşünürlər. Məsələ çayda deyil. çayı süzüb gətirmək böyük əziyyət tələb eləmir. Gündə min adama çay süzə bilər qadın. Məsələ yanaşmadadır.

Kişi öz evində mətbəx önlüyünü rahatlıqla taxmayana, uşağının altını rahatlıqla dəyişməyənə, masada yeməyini yeyib, sonra süfrəni çirkli qoyub, kompyuterin arxasına keçmək əvəzinə, qollarını çırmayıb, arvadına kömək etməyənə qədər çözülməyəcək bu problem. Bunu etməyən kişilərin hamısı ölkədə abort olunan hər qız uşağına görə mənəvi məsuliyyət daşıyır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG