Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:09

Günel Mövlud. Mənim əsəbi cücələrim


Günel Mövlud
Günel Mövlud

-

Paxıllıq, nifrət onların ürəklərində qara, zəhərli ilana çevrilir, onları içəridən sıxır, zəhərləyir. Onlar bəzən bu zəhəri qusurlar, bəzən də qusa bilməyib, özlərini zəhərləyirlər...

Günel Mövlud

MƏNİM QADIN OXUCULARIM

Elə bildilər boşanıram…

Bu dəfə oxucularımdan yazmaq istəyirəm. Adətən, onlar yazılara şərhlər yazır, fikir bildirirlər.

Əziyyət çəkirlər, vaxt, əsəb xərcləyirlər, diqqət çəkmək istəyirlər.

Arada, özlərinin kənardan necə göründüklərini bilmək də onların haqqıdır. Bəzən onlara da diqqət yetirmək lazımdır.

Düzdü, «oxucu» yazdım, əslində daha çox qadın oxucular barədə yazmaq istəyirəm. Çünki onlar kişi oxuculara nisbətən daha fəal, daha əsəbi, daha həssas olurlar.

Eyni zamanda da daha paxıl.

Ciddi deyirəm, qadın oxucular kişi oxuculara nisbətən daha paxıl olur. Bunun bir çox səbəbləri var. Səbəblərdən ən ciddisi isə budur. Onlar narahatdırlar, komplekslidirlər, onlar özlərini uğurlu insanlar hesab etmirlər.

Uğurlu insanlar hansısa müəllifi bəyənməyəndə, yazıları maraqsız olanda birdəfəlik onu iqnora atır, veclərinə almırlar. Kimsə nəsə yazırsa, o «nəsə»ni oxuyanlar və müzakirə edənlər varsa, uğurlu insanı bu narahat etmir. Çünki o öz işi ilə məşğul olur, öz uğurlarını qazanır, özü hardasa parıldayır.

Özünü hansısa sahədə təsdiq etməmiş, edə bilməmiş qadın oxucu isə yazını hələ oxumamış əsəbiləşir. Çox pis əsəbiləşir. Dəhşətli dərəcədə əsəbiləşir. Ona elə gəlir ki, müəllifin yerinə o özü olmalı idi.

Vaxtı, həvəsi yoxdur, amma vaxtı və həvəsi olsa, bu yazını o da yaza bilərdi, onun yazısı oxunardı, müzakirə olunardı. Amma onun vaxtının və həvəsinin olmamasından həyasızcasına istifadə edən başqa bir qadın oturub yazı yazıb, yazısı oxunur, müzakirə olunur. Halbuki bu cür diqqət mərkəzində olmaq, fikirlərini müzakirəyə çıxarmaq məhz onun özünün haqqı idi. Çünki bu tipli hər bir qadın oxucu özünü xanım müəllifdən qat-qat ağıllı, səviyyəli, maraqlı hesab edir. İşə bax ki, o özü qala-qala, ondan min dəfə maraqsız, səviyyəsiz, ağılsız bir qadın yazı yazır. Bu nə haqsızlıqdır? Bu nə ədalətsizlikdir? Nərdə bu devlət?!

Çox vaxt bu «ədalətsizlik» xanım oxucuları o qədər əsəbiləşdirir ki, onlar qəzəblərini, nifrətlərini gizlədə bilmirlər və gizlətmək istəmirlər. Çalışırlar ki, istehza, kinayə, aşağılamaqla müəllifin qanını qaraltsınlar. Yazı oxunaqlıdısa, bu uğuru müəllifin burnundan gətirsinlər. Ona başa salsınlar ki, o, istedadsız, lazımsız, uğursuz adamdır, nə olsun ki, yazılarını yayınlayırlar, bu hələ heç nə demək deyil. Çalışırlar izah eləsinlər ki, müəllif sadəcə ona görə uğur qazanıb ki, bir çox oxucu xanımın (konkret olaraq, məhz özünün) yazmağa vaxtı və həvəsi olmayıb.

Daha sonra müəllifi aşağılamaq üçün onun şəxsi həyatına lağ etməyə başlayırlar. Məsələn, qadın müəllif subaydırsa, tez onun ərə gətməməyini ələ salırlar. Gözəl deyilsə, zahiri görünüşünü ələ salırlar. Uşağı yoxdursa, sonsuzluğuna işarə edir, sevinə-sevinə qeyd edirlər ki, allah yaxşı eləyib, beləsinə övlad vermir. Təsəvvür edin ki, bu sözləri, bu həqarətləri yazanlar qadındırlar. Ana, bacı, həyat yoldaşıdırlar. Onlar öz həmcinslərinin ailə qura bilməməsinə, övlad sahibi ola bilməməsinə sevinirlər. Sevinə-sevinə bu barədə yazırlar. Bütün müqəddəslərə and olsun, götürüb «həyat yoldaşım məni sevmir» adlı bir yazı yazaram, yazı ən az 30 min dəfə oxunar, altından da ən azı 100 qadın oxucu yazar ki, «yaxşı edir, sənə bu da azdır».

Uzağa niyə gedirik, bir dəfə «Qadın niyə boşanır?» adlı yazı yazmışdım. Sırf xaltura. Belə yazılar aradabir olur. Arada müəllif əsəblərini sakitləşdirmək, yazı ilə dincəlmək istəyir. İşin ironik tərəfi budur ki, belə yazılar ən çox oxunan yazılar olur. Halbuki özünü öldürüb, dörd roman oxuyub, on filmə baxıb, on səkkiz mənbədən sitat gətirib, yazdığın yazıların oxu sayı 1000-ə güclə çatır.

Nəsə, uzaqlaşmayım mövzudan. Qadınla kişinin evlənəndən sonra bir-birindən necə soyumasını, məişət detallarını, bu xırdalaqların yığışıb, ayrılığa, boşanmağa necə apardığını yazmışdım. Təbii ki yazıda həm özümün müşahidələrim, həm də eşitdiklərim vardı. Qadın oxucularım dəhşətli dərəcədə sevindilər. Həmin dəqiqə yazıdakı hər şeyi özümə aid edib, kef elədilər. Yazını az qala oynaya-oynaya paylaşdılar. Hamısı elə bildi ki, boşanmaq istəyirəm. Dəhşətli dərəcədə sevindilər. Xoşbəxt oldular.

Onlar uğurlu olan hər bir qadının bədbəxt olmağını istəyir. İstəyirlər o qadın subaydısa, ərə gedə bilməsin, ərlidisə, boşansın, uşağı yoxdusa, heç olmasın, varsa da, ölsün. Paxıllıq, nifrət onların ürəklərində qara, zəhərli ilana çevrilir, onları içəridən sıxır, zəhərləyir. Onlar bəzən bu zəhəri qusurlar, bəzən də qusa bilməyib, özlərini zəhərləyirlər.

Bu əsəbi xanımlar, paxıl oxucular nə qədər aqressiv, nifrət dolu olsalar da, çox dəyərlidirlər. Mən öz oxucularımı sevirəm. Onların qəzəb, nifrət, kinayə dolu şəhrlərini görəndə, yanaqlarını çimdikləmək, burnunu sıxmaq, qoltuqlarını qıdıqlamaq istəyirəm. Onlar çox şirindirlər. Əsəbi cücələrim mənim.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG