Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:36

Günel Mövlud. Buldozerli kamikadze


Gunel Movlud
Gunel Movlud

-

Universitetdə «başını aşağı sal» deyirlər. İşdə «başını aşağı sal» deyirlər.

Azərbaycan vətəndaşına heç kim öyrətməyib ki, onun haqqı, mülkiyyəti toxunulmazdır...

Günel Mövlud


MİLLİ «LEVİAFAN»

2004-cü il, iyunun 4-də Amerika vətəndaşı, Kolorado ştatındakı Qrenbi şəhərinin sakini, qaynaqçı Marvin Ximeyer zireh quraşdırdığı buldozerə minib, şəhərin 14 inzibati binasını dağıdandan sonra özü də intihar elədi.

Marvinin bu çılğın hərəkətinin səbəbi ona məxsus olan torpağın əlindən alınıb, sement zavoduna verilməsi idi.

Deyilənə görə, sement zavodunun sahibləri olan ailə Marvinə 250 min dollar təklif etmişdilər (Marvin özü bu ərazini 42 min dollara almışdı). Marvin əvvəl bu məbləğə razılaşsa da, sonra torpağın qiymətini 375 min, daha sonra isə bir milyona qaldırmışdı.

Sement zavodu ona bu məbləği ödəmək istəməyərək, Marvinin ərazisinin ətrafını alır. Bununla da Marvini ərazisinə gedən yoldan məhrum edir. Məhkəmə sement zavodunun xeyrinə qərar çıxarır, şəhər meriyası zavodun genişlənməyini dəstəkləyir. Marvini isə «ətraf mühiti çirkləndirmə» ilə bağlı cərimə də edirlər.

Hadisəyə bir neçə ay qalmış Marvin bütün biznesini bir lizinq xidmətinə satır və bir Komatsu D355A buldozeri alır. Buldozerin üzərində aylarla əlləşib, onu o ki var, zirehlərlə təchiz edir. Sement və dəmir laylardan istifadə edib, buldozerin çəkisini bir tona yaxın artırır.

Nəhayət, həmin gün Marvin buldozerlə sement zavodunun binasını, inzibati ofisini, yerli qəzetin redaksiyasını, qərar verən hakimin arvadının yaşadığı evi və daha bir neçə binanı darmadağın edir. Dağıdılan binada ya işləyənlərin, ya da yaşayanların hamısı necəsə onun torpaq işi ilə bağlı idilər. İşlərini bitirdikdən sonra bircə güllə atır. Özünə. Həmin gün tarixdə «Ximeyerin müharibəsi» kimi qalır, sözügedən buldozer «Killdozer» adını alır, Marvin isə tarixə «Buldozerli kamikadze» kimi düşür.

Zvyagintsevin rusyana baxışı

2008-ci ildə qadın tanışlarından biri «buldozerli kamikadze»nin hekayətini rejissor Andrey Zvyagintsevə danışır. Rejissor bu hekayətin uğurlu film süjeti olduğu qənaətinə gələrək, çəkiliş üçün yerlər axtarmağa başlayır. Yer axtardığı ərəfədə isə hekayətə bəzi dəyişikliklər edir.

Rusiya - "Leviafan" filmindən kadr
Rusiya - "Leviafan" filmindən kadr

Subay, uşaqları olmayan Marvinin prototipini ailə ilə təmin edir, ortaya sevgi əhvalatı salır və ən vacibi – onun qəhrəmanı aqibəti ilə barışır. İçkiyə qurşanır. Ailəsi dağılır. Evi əlindən alınır.

Filmin finalının dəyişməyi məni zərrə qədər də təəccübləndirmədi.

Andrei Zvyagintsev
Andrei Zvyagintsev

Əgər Zvyagintsevin qəhrəmanı da axırda qisasını almağa cəhd etsə, bu o qədər də real görünməzdi.

Amerikalı başqa məsələdir. Amerikalı başqa cürə böyüyür. Hələ uşaqlıqdan ona başa salırlar ki, dünyada ən ali şey – onun haqları, hüququdur. Onun mülkiyyəti toxunulmazdır.

Ailə, müəllim, kitablar, televiziya, mətbuat – hamı və hər şey qanunun aliliyini, vətəndaşın hüququnun toxunulmazlığını təlqin edir. Buna görə də, haqqı bir balaca tapdananda, məhkəmədən, hakimdən ədalət görməyəndə, Amerika vətəndaşı bu ədaləti bərpa etməyi öz üzərinə götürür. O öz hüququna o qədər müqəddəs bir şey kimi baxır ki, bu yolda ölmək belə onun üçün adi bir şeydir. Onun hüququ prinsip, əxlaq məsələsidir. Buna görə də, «Ximeyerin müharibəsi» elə də təccüb doğurmur.

Rusları qoyaq bir kənara, götürək elə bizi. Kiminsə mülkiyyətinin toxunulmazlığı barədə sığortası, təminatı varmı? Bizdə hər bir vətəndaş bəri başdan bu ehtimalla razılaşıb ki, evi, torpağı hansısa məmurun xoşuna gəlsə, insafının yol verdiyi məbləği ödəyib, vətəndaşın əlindən asanca ala bilər.

Buna dəfələrlə şahid olmadıqmı? İçərişəhər, Sovetski… yeddi, beş nəsil bir evdə yaşayan insanların xatirələrinə, huquqlarına tüpürüb, əllərinə qəpik-quruş uzadıb, evlərindən etmədilərmi? Hamı da nəticədə razılaşmadımı? Bu qorxaqlıq deyil. Azərbaycan vətəndaşı ağlı kəsəndən etiraz haqqından məhrumdur. Ailə «başını aşağı sal» deyir.

Qohumlar «başını aşağı sal» deyir. Məktəbdə müəllimlər «başını aşağı sal» deyirlər. Universitetdə «başını aşağı sal» deyirlər. İşdə «başını aşağı sal» deyirlər. Azərbaycan vətəndaşına heç kim öyrətməyib ki, onun haqqı, mülkiyyəti toxunulmazdır. Əmlakının toxunulmazlığının prinsip, əxlaq məsələsi olduğunu ona heç kim deməyib.

Buna görə də, ruslarla bizim fərqimiz ancaq bundadır. Rus uduzanda içkiyə qurşanacaq, ailəsi dağılacaq, depressiyaya düşəcək, bizimkilər isə əmlakları qarşılığında aldıqları pulla balaca bir obyekt tikəcəklər, ya da balaca bir ev götürüb, kirayəyə verəcək, bir neçə ilin içində varlanıb, ev, maşın alacaqlarına ümid edərək yaşayacaqlar. Həyat davam edəcək. Əvvəlki kimi.

Yaxşı, rusları düşünməyək, bəs, bizimkilərin başqasından dəstək, həmrəylik gözləmədən etiraz edəcəyi, ən ağır nəticəni gözə alıb, qorxmadan, çəkinmədən cavabını verəcəyi bir şey varmı. Nədir o müqəddəs olan, əxlaq, prinsip, dəyər məsələsi olan?

Məncə, bunun nə olduğunu bizə İsmayıllı hadisələri göstərdi…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG