Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:27

Nazim Məmmədov hökumətə ən azı 3 milyard manat lazım olduğunu deyir


Nazim Məmmədov
Nazim Məmmədov

-

Bu ilin əvvəlindən bank depozitlərinə vergi güzəşti artırılmadı, ev alqı- satqısına vergi təyinatı ortaya çıxdı. Bu ilin yanvarında isə Vergilər Nazirliyinin xəttilə daxilolmalar ötən ilin yanvarı ilə müqayisədə 94.5 milyon manat və ya 12 % azalıb.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 500 milyon manata qədər, xərclər 21 milyard manat müəyyənləşib. Hökumət 19 milyard manatı necə toplayacaq? İqtisadçı, keçmiş millət vəkili Nazim Məmmədov AzadlıqRadiosunun suallarını cavablandırır:

- Nazim bəy, Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub və toplanan vəsait də büdcənin icrasına yardım edəcək. Necə bilirsiz, vergi mənbələrini artırmaqla azalan neft gəlirlərini əvəz etmək mümkün olacaqmı?

- Azalan neft gəlirlərinin qeyri-neft sektoru hesabına yaxın vaxtlarda bərpasını mümkün saymıram. Vaxtilə qeyri-neft sektorunun inkişafına müxtəlif təsisatlar vasitəsilə vəsaitlər ayrılırdı, məsələn, Sahibkarlığın İnkişafına Dəstək Fondu, AqroLizinq vasitəsilə sahibkarlığın, aqrar sektorun inkişafına maliyyə ayrılıb.

Amma bu o qədər yüksək vəsaitlər deyildi ki, qeyri-neft sektoru şaxələnsin və biz vergi yığımında böyük dinamikanın şahidi olaq. Düzdür, müəyyən artım var, amma onu da etiraf edək ki, bu artım inzibati üsullarla həyata keçirilirdi. Dövlət büdcəsinin əhəmiyyətli hissəsi Neft Fondundan transfertlər, bir hissəsi də vergilər hesabına formalaşır. Ancaq vergi daxilolmalarının müəyyən hissəsi də neft sektorunda çalışan yerli və xarici şirkətlərin payına düşür.

- Büdcənin neçə faizi slrf vergilərdən formalaşır?

- Büdcənin cəmi 33 %-i vergi hesabına formalaşır. Müqayisə üçün deyim ki, 2015-ci ilin proqnozuna görə, Gürcüstanda bu rəqəm 94%-dir. Yəni, bu, o deməkdir ki, Neft Fondunun transfertindən yaxa qurtarmaq üçün Azərbaycanda vergi bazasını 3 dəfə artırmaq lazımdır.

Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə Neft Fondunun transfertini azaltmaq mümkün deyil. Dövlət büdcəsinin xərcləri var, təsdiqlənmiş layihələr var. 11,7 milyard manatlıq cari xərcimiz var, bunun 766 milyon manatı dövlət borcudur.

Yəni, heç bir investisiya qoymasaq, nəsə tikməsək belə, 11 milyard manata yaxın cari xərci ödəməliyik. Cari xərc maaşlar, təqaüdlər, dövlət və hakimiyyət qurumlarının xərcləri, hərbi müdafiə xərclər və s. Bunun təxminən 8.7 milyard manatı vergi və gömrük rüsumlardan gəlir.

Demək, biz 3 milyard manatdan artıq borc almalıyıq ki, cari xərcimizi ödəyək, dövləti saxlaya bilək. Əli Həsənovun dediyi tezis ki, "biz əlavə vergilər hesabına bu itirdiyimiz neft pullarının yerini dolduracayıq", bu, çox optimist notdur. Cənab İlham Əliyev iqtisadiyyatı yaxşı bilir, dövlət qurumları qarşısında hələ bir neçə il bundan qabaq cari xərclərimizi vergilər hesabına ödəmək haqqında vəzifə qoyub.

Ümid edək ki, bu vəzifə yerinə yetiriləcək

- Bəs, vergi yığımı hansı mənbələr hesabına arta bilər?

- Ölkədə sahibkarlıq inkişaf etdirilməlidir, inhisarçılıq aradan qaldırılmalıdır, iqtisadi fəaliyyətə dəstək verilməlidir. Ölkənin vergi bazasını artırmaq yolları hökumətin büdcə xərclərinin azaldılmasından, Nazirlər Kabinetinin optimallaşdırılmasından, məmur özbaşınalığını aradan qaldırmaqdan, məmurların gəlir deklarasiyasını təqdim etməsindən keçir.

Böyük holdinqlər vergilərə cəlb edilməlidir. Mən özüm Avtoqarant ASC-in səhmdarıyam, hələ bir manat da divident almamışam. Müəssisənin vergi borcu var, amma bu borcu ondan almırlar. Sözüm odur ki, inhisarçılıq aradan qaldırılmalı, hər bir iqtisadi subyekt vergiyə cəlb olunmalıdır. Belə olan halda, bir neçə ildə ciddi dönüş yaratmaq mümkündür.

- Nazim bəy, belə fikirlər var ki, neft puluna xalq öz cibi kimi baxmır, o üzdən də büdcə xərcləmələri ilə hökumətdən hesabat sormur. Amma artıq hər bir maliyyə fəaliyyəti vergiyə cəlb olunsa, bu, o deməkdirmi ki, sabah həm də hökumətdən hesabat soruşacaq?

İndi bir çox fəaliyyət növləri var ki, onlar vergiyə tam cəlb olunmayıb, vergi təzyiqi artdıqca, təbii ki, insanların hökumətdən hesabat tələb etməsi də güclənəcək, bu aksiomadır. Ona görə də təkcə struktur islahatları deyil, həm də bu islahatları apara biləcək kadrları tapmaq, vəzifəyə təyin etmək lazımdır ki, əhali o adamların vicdanlılığına, təmizliyinə inansın. Bir növ köhnə kadrlarla yeni məsələləri həll etmək mümkün deyil. Hökumət yeni bir iqtisadi komanda formalaşdırmalıdır.

XS
SM
MD
LG