Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Sən tik, onlar gələcəklər


-

Yazarlar kitablarını "Əli və Nino" kitab dükanlarında görmək istəyirlərsə, "Sən tik, onlar gələcəklər" məsəli haqqında düşünməlidirlər.

"Əli və Nino" isə kitab qəbuluna bərabər imkanlar, “5 dənə, 90 gün, 60-40” kimi konkret, yazılı, şəffaf qaydalar qoymaq haqqında.

SƏN TİK, ONLAR GƏLƏCƏKLƏR

Yazıçılarla “Əli və Nino” kitab dükanları şəbəkəsi arasında mübahisə gedir. Yazıçılar müxtəlif nəşriyyatlarda öz hesablarına çap etdirdikləri kitabların bu dükanlara qəbul olunmamasından, qəbul edilənlərinsə geri qaytarılmasından şikayətçidirlər.

Bu mübahisəni xəyalən Azərbaycandan çıxarıb başqa bir ölkəyə qoyaq, inkişaf etmiş ölkələrin təcrübəsi fonunda anlamağa çalışaq.

Fərz edək ki, sən xarici yazıçısan, Azərbaycanda yox, Avropada, Amerikada kitabın çıxıb. Onu şəhərinin ən böyük kitab dükanında satışa çıxarmaq istəyirsən, onları qoltuğuna vurub aparırsan dükana.

Aha. Nəşriyyatın yox, sənin öz kitabını özünün dükana aparmağın artıq başqa şeydən xəbər verir; deyəsən, kitabı öz hesabına nəşr etdirmisən.

Belə kitablar adətən Qərb ədəbiyyatında aşağı keyfiyyətli hesab olunur. Öz puluyla kitab nəşr edən yazıçı üçün kitabını böyük kitab dükanları şəbəkələrinə qoydurmaq göydən ulduz dərmək qədər çətin işdir.

Böyük kitab dükanları adətən belə kitabları qəbul etmir. Yazıçının öz hesabına nəşr etdirdiyi kitabı qəbul edən müstəqil, ayrı-ayrı kiçik kitab dükanları var. Onlar elə belə də adlanır: “Yazıçıların öz hesabına nəşr olunmuş kitabları qəbul edən kitab dükanları”.

Axtaraq İnternetdə belə kitab dükanlarını, görək şərtləri nədir. Budur, çıxdı. Məsələn, ABŞ-ın Kanzas ştatında yerləşən "Watermark Books" kitab dükanının sahibəsi Sarah Bagby-dən öz hesabına kitab nəşr etdirən yazıçıdan kitabı necə qəbul etdiyini soruşurlar, o, cavab verir:

“Biz yazıçıya artıq sual vermirik, beş nüsxə götürürük. Şərtlər 60/40 (Yəni satılsa, 40 faizi bizimdir), sonra kitabı 90 gün ərzində kitab rəfində saxlayırıq.

Əgər satılsa, dərhal həmin yazıçıyla əlaqə saxlayırıq, daha bir neçə nüsxə istəyirik. Yox, əgər satılmasa, 90 gündən sonra yazıçı gəlib kitablarını aparmalıdır.”

Bu dükanın yazıçılara tədbir keçirmək imkanı yaradan programı da var, qiyməti 50 dollardan 500 dollara qədər.

Bura imza günü, dükanın qarşısında kitabın adının nümayiş etdirilməsi, kitabdan bir parça oxunması mərasimi, dükandan rəngli böyük posterin asılması kimi elementlər daxildir ki, hamısı kitabın reklam olunmasına yönəlib.

Deməli, beş kitab götürürlər, 90 günlük. Tanınmış, böyük kitab şəbəkələri heç buna da imkan yaratmırlar.

Onlar yalnız nəşriyyatların göndərdiyi, pulla yox, bəyənildiyi və “kassa gətirəcəyi”nə ümid olduğu üçün nəşr olunan kitabları qəbul edirlər.

Qərb ölkələrində öz hesabına kitab nəşr edən yazıçının kitabını böyük kitab dükanlarında görməsi çətin məsələ olsa da, mümkünsüz deyil. Bəzi böyük kitab dükanları buna imkan yaradırlar.

Məsələn, Britaniyanın məşhur “Waterstones” kitab dükanlarında öz kitabını görüb xoşhal olmaq istəyirsənsə, “Nielsen” adlı təşkilatda özünü naşir kimi qeydiyyatdan keçirirsən, sonra kitabını qeydiyyata saldırırsan. “Nielsen Book” İngiltərənin ISBN qeydiyyat nömrələrini verən baş şirkətidir.

Kitabın “Nielsen”-də qeydiyyat nömrəsi alandan sonra “Watertones” kitab dükanlarına qəbul olunmaq istəyilə müraciət edirsən, onların zəng edib bəlkə də müsbət cavab verəcəyini gözləməyə başlayırsan.

Belə çıxır ki, öz hesabına kitab çap etdirmək ürəyi zəif olanlar üçün deyil.

“Waterstones”-un sənə müsbət cavab verməsi ehtimalını artırmaq üçün nə etməlisən? Hələ kitabını dükana vermək fikrinə düşməzdən əvvəl kitabını təbliğ etməyə başlamalısan.

Bu, o qədər adamın başına gəlir ki, artıq bu prosesin adı var və İnternetdə bir məşhur axtarış cümləsinə çevrilib: Kitabı böyük kitab dükanlarına yerləşdirmək üçün nə etməli.

“Wiki-How” kimi səhifələr bu işin “6 yolu”, “9 yolu”, “15 yolu” kimi məqalələrlə az qala interneti doldurublar.

Bu cür tövsiyələr verirlər: kitabı kitab dükanına aparmazdan əvvəl kitabına aid veb-sayt və ya bloq yarat. Bir dəqiqəlik video-çarx hazırla, orada kitabının əsas məziyyətlərindən danış. Yerli qəzetlərə və kitab dükanlarına press-reliz hazırlayıb göndər.

Dostlarına, qonşularına, iş yoldaşlarına tapşır ki, kitab dükana götürülən kimi gedib onu alsınlar, ilk vaxtlar yaxşı satış statistikası olsun.

Bir sözlə, qərblilər demişkən, sən oynamağa beyzbol meydançası tik, onlar oyuna baxmağa, oynamağa gələcəklər.

Qayıdaq “Əli və Nino”ya. Dünya təcrübəsindən baxsaq, bu mübahisədə təqsir nə kitab dükanındadır, nə də yazarlarda, təqsir hər iki tərəfdədir.

Hər yanda olduğu kimi, Azərbaycan da yazıçıların öz hesabına çap olunan keyfiyyətsiz kitablar çoxdur. Nəşriyyatın lap Qərb ölkələrindəki kimi seçərək, pulsuz çap etdiyi yazarlar isə qonorar ala bilmir, özünü axmaq yerinə qoyulmuş kimi hiss edir. gələn dəfə kitabını özü öz hesabına çap etdirir ki, nəğd pul qazansın.

Nəticədə öz hesabına kitab çıxaranlar arasına həm də tanınan, təcrübəli yazarlar düşür. Çox yazarlar saytlarda kitabı haqqında bir elan verməklə özünü arxayın, kitab dükanını borclu sayır. Bu, xüsusən Azərbaycan kimi ölkələrdə azdır.

Dünya təcrübəsinə görə, yazarlar kitablarını "Əli və Nino" dükanlarında görmək istəyirlərsə, "Sən tik, onlar gələcəklər" məsəli haqqında yaxşı-yaxşı düşünməlidirlər.

"Əli və Nino" isə kitab qəbuluna bərabər imkanlar, “5 dənə, 90 gün, 60-40” kimi, konkret, şəffaf qaydalar qoymaq haqqında. Onda ambar aşıb-daşmaz, yazıçı da, nə qədər məşhur olur olsun, təqsiri özündə axtarar.

Nərmin Kamal

XS
SM
MD
LG