Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

Şahbaz Xuduoğlu prezidentə müraciət edir


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Hörmətli cənab Prezident,

Son müşavirədə Vergilər Nazirliyinin fəaliyyətini tənqid edən çıxışınızdan ruhlanaraq Sizə müraciət edirəm.

1 noyabr 2013-cü ildə 20 nəfərdən ibarət vergi əməkdaşı icazəsiz nəşriyyata daxil olub müəssisəmizin bütün sənədlərini özləri ilə aparıblar. Bir müddət sonra yoxlama aktı tərtib olundu və “Qanun” nəşriyyatı 150 min cərimələndi.

Nazirliyin Vergi cinayətlərinin istintaqı Baş İdarəsində cinayət işi başlandı, nəşriyyatımızın bütün işçiləri dindirilməyə çağırıldı, saatlarca istintaq edildi.

Ürəyi nasaz bir yaşlı çapçımız dindirilmədən bir müddət sonra öldü. Tərcüməçilərimiz, kitabları nəşr olunan əksər yazarlar istintaqa cəlb olundular, istintaqın əsas sorğusu bu idi: siz niyə bu kitabı tərcümə etdiniz?

Həmin vaxtdan hesablarımız bağlıdır. Çoxlu sayda şikayətlərimiz olub, məhkəmələrə müraciətlər etmişik, amma heç bir instansiyada müsbət cavab almamışıq, aldığımız şifahi cavab da belə olub: “Bizlik deyil!”

Cənab Prezident,

Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktor ilə əməkdaşlıq edirdik. 50-dən çox işçimiz var idi.

İndi isə həftəyə 1 kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi – qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırdı; işçilərimizin yarıdan çoxu işdən çıxdı; əməkhaqlarını verə bilmirik...

Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Patrik Modiano, Le Klezio, Orhan Pamuk, Herta Miller, Nəcib Mahfuz, Jon Maksvel Kutze, Haruki Murakami, Den Braun, Paulo Koelyo, Aqata Kristi, Stiven Kinq, C.K.Rolinq və s.

Hər 3 aydan bir adların çəkdiyim yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm, eyni zamanda düşdüyüm vəziyyəti onlara da izah edə bilmirəm.

Cənab Prezident!

Azərbaycan cəmiyyətində kitaba münasibəti Siz hər kəsdən yaxşı bilirsiniz. Bakının özündə bir vaxtlar 200 kitab dükanı var idi, AZƏRKİTAB, KƏNDKİTAB kimi Azərbaycanın hər yerinə kitab yayan böyük qurumlar fəaliyyət göstərirdi.

Onlar məhv oldu, kitab dükanlarının yerini gündəlik tələbat malları tutdu. Ölkəmizdə 500 min nəfərə bir kitab dükanı düşür, Fransada isə hər 2 min nəfərə, – bunu müqayisə üçün deyirəm.

Oxu səviyyəsinə görə isə, İngiltərədə ildə hər adam 4 kitab oxuyur, bizdə isə 3000 nəfər bir kitab. Əksər ölkələrdə kitaba qoyulan vergi 7%, bizdə isə 18% təşkil edir.

Regionlarımızda isə ümumiyyətlə, kitab dükanı yoxdur. Kitab olmayan yerdə isə tərəqqi və inkişaf olmaz.

Kitabın cəmiyyətimizdə olan böhranlı durumunda Vergilər Nazirliyinin bir nəşriyyatı məhv etməsi ümid işığını tam söndürmək deməkdir, Azərbaycan mədəniyyətinə sağalmaz zərbədir.

Biz 1992-ci ildən nəşriyyat kimi fəaliyyət göstəririk. Bütün beynəlxalq kitab yarmarkalarında nəşriyyat kimi iştirak edir, Azərbaycanı təmsil edirik. Bakıda, parklarda endirimli yarmarkalar təşkil edirik ki, insanlar kitabı unutmasınlar.

Başqa ölkələrdə bu işləri görən nəşriyyatlara dövlət yardım edir, güzəştli kreditlər verir, subsidiyalar ayırır.

Bizdə isə 23 il tarixi olan, 7000-dən çox adda kitab nəşr edən bir nəşriyyatı Vergilər Nazirliyi ölüm həddinə gətirib.

Cənab Prezident, son müşavirədəki çıxışınızda dediniz ki, sizə gələn məktubları şəxsən oxuyursunuz. Çox böyük ümid edirəm, bu məktubu oxuyacaq, verginin ölümə məhkum etdiyi bir nəşriyyatı xilas edəcəksiniz.

Hörmətlə,

Şahbaz Xuduoğlu

Qanun Nəşriyyatının rəhbəri

XS
SM
MD
LG