Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:54

Lənkəran və Astarada «halal» çimərlik tələbi


Cənub bölgəsində çimərlik - avqust 2015
Cənub bölgəsində çimərlik - avqust 2015

-
Lənkəran sakini, hüquqşünas Sədrəddin Kazımov özünün «facebook» səhifəsində yazır: «Bu gün əcaib bir mənzərənin şahidi oldum. Allah öz mərhəmətini bizim məmləkətdən bir az uzaqlaşdırıb. Bu gün səbəbini bildim. Artıq yay mövsümüdür. Çimərliklərdə fitnə-fəsad baş alıb gedir. Burda qadın kişi çimərliyi biri birinə qarışıb».

Fəal şəkildə dini ibadətlə məşğul olan Sədrəddin Kazımov belə hallara qarşı sonadək mübarizə aparacaqlarını yazır.

Hər il çimərlik mövsümündə dindarlar tərəfindən belə kəskin bəyanatlar səslənir. Buna baxmayaraq, çimərliklər əvvəlki qayda ilə fəaliyyət göstərirlər. Azərbaycanın cənubunun dini baxımdan həssas bölgə olduğunu nəzərə alsaq, deyilənlərin heç də əsassız olmadığı qənaətinə gəlmək olar. Məscidlərdə qadınlar kişilərdən ayrı namaz qılırlar. Yas mərasimlərində də qadınların yeri ayrıdır. Onlar kişilərdən fərqli olaraq ölünün dəfnində iştirak etmirlər. Əvvəlki illərdə qız toyu kişisiz ötüşərdi. Son zamanlar mağazaların vitrinlərində hicablı satıcı qızın tələb olunması barədə elanlara rast gəlinir. Rayonların əksəriyyətində İslam dini ilə bağlı mallar satan mağazalar fəaliyyət göstərir. İslam qaydalarına uyğun keçirilən dərviş toyları da özünə yer tapmaqdadır. İndi də dindarlar «halal» çimərlik istəyirlər.

«QADINLA KİŞİ ÇİMƏRLİYİ AYRI OLMALIDIR»

Sədrəddin Kazımov AzadlıqRadiosuna bildirib ki, çimərliklərin sahibləri ilə danışmaq fikrindədirlər:

«Qadınla kişi çimərliyi ayrı olmalıdır. Çimərliklərin birində oğruluq olmuşdu, adamların gözü qarşısında şübhələndikləri qadınların üst-başını yoxlayırdılar. İranda qadınların çimərlikləri ayrı olur. Bizdə də olmalıdır. Adamlar rahat istirahət edə bilsinlər. Qadın və kişi çimərliklərin bir yerdə olması əxlaqsızlığa da yol açır».

«NAMƏHRƏM KİŞİ QADINI ÇİMƏRLİK PALTARINDA GÖRMƏMƏLİDİR»

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Ağa AzadlıqRadiosuna deyib ki, insanların bu istəkləri normaldır.
«İnsan azad doğulub və istirahət, müalicə olunmaq haqqı var. Naməhrəm kişi qadını çimərlik paltarında görməməlidir. Çimərlik islami qayda ilə olsa, yaxşıdır».

«BURDA İNSAN HAQLARI MƏSƏLƏSİ DƏ VAR»

Astara rayon sakini, mədəniyyət işçisi Vaqif Əhmədoğlu isə deyir ki, bu mübahisəli məsələdir:

«Əyalətlərdə Azərbaycan qadını belə qarışıq çimərliklərə getməkdən çəkinir. Çox nadir hallarda görmüşəm ki, Azərbaycan qadını çimərlik paltarındadır. Söhbət əyalətdən gedir. İslam qaydasına uyğun çimərlik paltarı yoxdur. Yeniyetmə qızlar çimirlər. Eyni zamanda bizdə din dövlətdən ayrıdır. Burda insan haqları məsələsi də var. Malayziyada çimərliklər adətən iki yerə bölünür. Hasar çəkirlər».

CƏNUB KƏNDLƏRİNDƏ QADINLARIN AYRI ÇİMƏRLİYİ VAR

Vaqif Əhmədoğlu deyir ki, burada mental məsələləri də nəzərə alırlar:
«Astara-Lənkəran arasında Xəzər dənizinin sahilində 20-yə yaxın kənd yerləşir. Elə kənd var ki, bu qaydaları tətbiq edir. Yenə qadınlar kişilərdən ayrı, özü də paltarla çimirlər. Burada məsələni dramatikləşdirmək lazım deyil. Halal çimərliklərin olmasına tərəfdaram. Bu şərtlə ki, insan haqları pozulmasın».

«BURDA YAD KİŞİLƏR VAR. ƏRİMİN ÜZÜNƏ NECƏ BAXARAM»

Xəzər sahilində bir neçə çimərliyə baş çəkdik. Qadınların əksəriyyəti dəniz sahilinə istirahətə gəlir. Dənizdə çimən qadınları da gördük. Onlar da örtülü halda çimirdilər. Adının çəkilməsini istəməyən bir qadının dediyinə görə, çimmək istəyir. Lakin çimərlik paltarında yox:

«Burda yad kişilər var. Ərimin üzünə necə baxaram. Utanıram. Çimərlik ayrı olsa, hə. Dəniz kənarında pərdə çəkməyə nə var ki? Halal çimərlik lazımdır. Onu kim edər? Burda əxlaq məsələsi var. Çimərlik paltarı açıq-saçıqdır da. Biz müsəlman qadınların çimərlik paltarı başqa cür olmalıdır. Ərim, oğlum, qızım, özüm. Hamımız biabırçı çimərlik paltarında necə çimə bilərik? Əxlaq pozular. İndi dənizdə bəzi qadınları, qızları çimərlik paltarında görürsən. Onlar başqa ölkələrdə yaşayan ailələrdir, qonaq gəliblər. Onlar üçün fərqi yoxdur».

XS
SM
MD
LG