Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:38

AXCP üstündə qarşıdurma qızışır...


AXCP
AXCP

-

AXCP adı üstündə mübahisə, deyəsən, bundan sonra məhkəmələrdə davam edəcək. Artıq Razi Nurullayevin rəhbərlik etdiyi qurum bununla bağlı məhkəməyə müraciət edib. Bu barədə onun müavini Mehman Muradlı cebhe.info-ya məlumat verib.

Yada salaq ki, ötən həftə Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qurultay sənədlərini geri qaytarmışdı. Bununla da nazirlik AXCP uğrunda növbəti mübarizəyə start vermişdi.

Ədliyyə Nazirliyi bildirdi ki, AXCP adından onlara başqa siyasi qüvvənin də Qurultay sənədləri gəlib. Bu mübahisə də yalnız məhkəmə yolu ilə çözülə bilər.

İDDİA ƏRİZƏSİNDƏ NİZAMNAMƏ POZUNTULARINDAN BƏHS EDİLİR

Görünür, bundan çıxış edərək Razi Nurullayev tərəfi ilk addımı atıb. Onun müavini Mehman Muradlı açıqlamasında bildirib ki, AXCP ilə bağlı durumun tezliklə aydınlaşdırılması üçün məhkəməyə müraciət edilib. İddia ərizəsində qeyd olunub ki, qarşı tərəfin keçirdiyi Qurultayda partiyanın nizamnaməsi kobud şəkildə pozulub. Partiya nizamnaməsinə əsasən, qurultay 2 ildən gec olmayaraq keçirilməlidir. Lakin buna əməl edilməyib: «Həmçinin, qanunvericiliyin tələbi pozularaq 5 ildə bir dəfə də maliyyə hesabatı verilməyib».

Bütün bunlardan çıxış edərək məhkəmədən xahiş olunur ki, 2015-ci il oktyabrın 18-də AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin keçirdiyi Qurultay legitim sayılsın.

MÜBARİZƏ DAVAM EDƏCƏK

AXCP sədrinin müavini Gözəl Bayramlı isə AzadlıqRadiosuna müsahibəsində iddiaçı tərəfi ictimaiyyəti çaşdırmaqda günahlandırıb. Gözəl Bayramlı deyib ki, heç bir nizamnamə pozuntusuna yol verməyiblər:
«Bilirsiniz ki, bizim bank hesabımız yoxdur. Bununla belə hər il maliyyə hesabatı vermişik».

Gözəl Bayramlı deyib ki, onlar da məhkəməyə müraciət etmək fikrindədirlər:
«Lakin Azərbaycandakı məhkəmələrin ədalətinə inanmırıq. Odur ki, lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik».

Gözəl Bayramlı deyib ki, bütün bunlar əsla onları mübarizədən çəkindirə bilməz. Korrupsiya əleyhinə, demokratiya və söz azadlığı uğrunda mübarizələrini bundan sonra da davam etdirəcəklər:

«Ədliyyə Nazirliyinin qərarı heç bir hüquqa əsaslanmırdı. Bu, siyasi mövqe idi. Hakimiyyət absurd, cəfəng mövqeyindən geri çəkilməlidir. AXCP artıq bütün ölkədə fenomen bir təşkilata çevrilib. Sağlam ictimaiyyət də bizim tərəfimizdədir».

XS
SM
MD
LG