Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:31

Neftin qiyməti yenə düşməyə başladı [qərb mətbuatı icmalı]


ABŞ, Virginia ştatında yanacaqdoldurma məntəqəsi [Reuters-foto]
ABŞ, Virginia ştatında yanacaqdoldurma məntəqəsi [Reuters-foto]

Bazar ertəsi – fevralın 1-də neftin qiyməti yenidən enməyə başlayıb. Səbəb Çinin və Cənubi Koreyanın zəif iqtisadi göstəricilərlə bağlı məlumat açıqlaması və aparıcı neft istehsalçılarının hasilatı azaltma planlarının öləziməsidir.

«Reuters» agentliyi yazır ki, Çindən gələn məlumatlar yanvarda emal sənayesinin 3.5 illik bir müddət ərzində sürətlə düşdüyünü göstərir. Bununla da dünyanın aparıcı enerji istehlakçısının tələbinin azalması sarıdan narahatlıq yaranıb. Cənubi Koreyadan gələn rəqəmlər də ürəkaçan deyil. Ölkənin ixracı 2009-cu il qlobal maliyyə böhranındakı həddə düşüb.

Çindən gələn məlumatlar yanvarda emal sənayesinin sürətlə düşdüyünü göstərir...

Beləliklə də, fevralın 1-də 05:07 GMT vaxtıyla Brent neftinin barreli 56 sent düşərək 35.43 dollara bərabərləşib. Qərbi Texas nefti isə 42 sent ucuzlaşıb və 33.20 dollar olub.

Ötən həftə Rusiya deyirdi ki, Neft İxracatçısı olan Ölkələrin Təşkilatı – OPEC ilə istehsalı azaltmaq üzrə danışıqlara hazırdır. Ancaq tərəflərin fikir ayrılıqlarına görə, bu da real görünmür. Digər tərəfdən, sanksiyalar qaldırılandan sonra var gücüylə bazara qayıdan İran da istehsalı azaltmağa meylli deyil. İranın qayıdışı ilə OPEC-in neft istehsalı günə 32.60 milyon barrel də artıb.

BMI Research təhlilçiləri artıq neftin qiymətinə dair proqnozlarını salıblar: «2016-cı il üçün Brent-in barrelinin qiymət proqnozunu 42.5 dollardan 40 dollara salmışıq. Bu il Qərbi Texas neftinin ortalama 39.50 dollara olacağını gözləyirik».

«Rusiyaya məxməri inqilab gərəkdir»

Rusiya, PARNAS müxalifət partiyasının sədr müavini Kara-Murza
Rusiya, PARNAS müxalifət partiyasının sədr müavini Kara-Murza

Bir həftə öncə Londonda bir hesabat açıqlandı. Rusiyanın keçmiş kəşfiyyat əməkdaşı Alexander Litvinenko-nun zəhərlənib öldürülməsinin arxasında Rusiyanın, çox güman ki, Prezident Vladimir Putin-in durduğu bildirildi. İndi isə Putin-in başqa bir tənqidçisi – Vladimir Kara-Murza oxşar zəhərlənməyə məruz qalmasından söz açır. Bu barədə «The Telegraph» qəzetində Roland Oliphant yazır.

«Birdən özümü çox pis hiss etməyə başladım. 10-15 dəqiqə içində dəhşətli bir duruma düşdüm. Nəbzim sürətlə vururdu, tərləyirdim, ürəyim bulanırdı, huşumu itirirdim».

PARNAS müxalifət partiyasının sədr müavini Kara-Murza bunları ötən il, mayın 26-da, Moskvada iki həmkarıyla görüşdə yaşayıb. O, zəhərin bədəninə necə, qida, yaxud maye ilə daxil olduğunu da bilmir. Növbəti 24 saat ərzində huşsuz vəziyyətdə 3 xəstəxanaya aparılıb. Həkimlər arvadına deyiblər ki, sağqalma şansı çox azdır. Sonucda Moskvadakı Pirogov kliniki xəstəxanasında ona «naməlum mənşəli kəskin zəhərlənmə» diaqnozu qoyulub, qanı yuyulub.

Aleksanr Litvinenko
Aleksanr Litvinenko

Kara-Murza ABŞ-da altı aylıq reabilitasiya kursu keçib və Rusiyaya qayıdıb. 34 yaşlı siyasətçi hələ tam özünə gəlmədiyindən çəliklə gəzir.

Onun iki məqsədi var: Kreml əleyhinə siyasi kampaniya aparmaq və onu öldürmək istəyənlərin izinə düşmək. Rusiya İstintaq Komitəsinə rəsmi müraciət də edib, özünə qarşı «siyasi nifrətdən doğan sui-qəsd»in araşdırılmasını istəyir.

«Bunun bilərəkdən zəhərlənmə olmasına şübhəm yoxdur. Məqsəd öldürmək idi və səbəb də Rusiya müxalifətindəki siyasi və ictimai fəaliyyətimdir», o deyir. Kara-Murza inanır ki, son illər Prezident Vladimir Putin-in qəzəbinə tuş gəlmiş təndiqçilərdəndir.

Siyasətçi rejimin hər şeyi məhv etdiyini düşünür: «Hökuməti dəyişməyin bütün hüquqi, konstitusional yollarını məhv ediblər. Beləliklə, dəyişiklik ancaq inqilab formasında ola bilər. Bu inqilabın mümkün qədər dinc keçməsi bizim boynumuza düşür. Adını «məxməri inqilab» da qoya bilərik».

İranda yeni siyasi mübarizə başlanır

İran (arxiv fotosu)
İran (arxiv fotosu)

«İranın nəhəng neft sərvətinin işlənməsində xaricilərin rolu ilə bağlı yeni siyasi mübarizə başlanır». «The New York Times»da Thomas Erdbrink yazır ki, bu mübarizə nüvə sazişinə qarşı çıxmış sərt-xətt tərəfdarları ilə Prezident Hassan Rouhani ilə müttəfiq mötədillər arasında gedir. Və bu mübarizə artıq ölkəyə çox vacib xarici investisiya səylərinə təhlükə yaratmaqdadır.

Şənbə günü sərt-xətt tərəfdarı olan tələbələr Tehranda Neft Nazirliyi qarşısına toplaşıb, təklif edilən kontrakt şərtlərinə etiraz edib. Belə ki, yeni sazişlə xarici neft şirkətlərinə köhnə quyuları və infrastrukturu dirçəltməyə icazə vermək nəzərdə tutulub. Tələbələr bu təklifin «milli sərvətin qarəti»nə bərabər olduğunu deyiblər. Onlarla etirazçı saxlanıb, «qadın tələbələrin qəddarcasına döyüldüyü» bildirilir.

Daha bir şübhə yaradan məqam isə fevralda Londonda keçirilməsi planlaşdırılan konfransın ertələnməsidir. Milli Neft Şirkətinin sədr müavini Ali Kardor deyib ki, belə bir konfransa ehtiyac yoxdur, kontraktlarla bağlı mayda tədbir keçiriləcək.

Yeni sazişlərə qarşı çıxanlar iddia edirlər ki, xarici neft şirkətlərinə İran neftinin azından bir hissəsinə nəzarət icazəsi veriləcək. Onlar Neft Nazirliyini və Prezident Rouhani-ni ittiham edirlər ki, neft kontraktını xarici şirkətlər üçün həddən artıq şirnikləndirici edirlər.

Siyasi təhlilçi Hamidreza Taraghi-nin sözlərinə görə, təklif olunan kontrakt «Mossadegh-dən əvvəlki dönəmə qayıdış deməkdir, o zaman konsorsiumların hər şeydə üstünlükləri vardı». Mühafizəkar deputat Ahmad Tavakkoli də tələbə etirazlarına dəstəyini bildirir və düşünür ki, kontraktın dili diqqətlə nəzərdən keçirilməldir.

XS
SM
MD
LG