Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:50

Azərbaycan dünya ölkələrinin kino qanunlarından nə öyrənə bilər? [Araşdırma]


Film Cinema Movie
Film Cinema Movie

Azərbaycanda kino haqqında yeni qanun layihəsi hazırlanır, hətta ilkin variantı bir neçə ay əvvəl Milli Məclisin mədəniyyət komissiyasında müzakirə də olunub. Təbii ki, bu, nəinki yaxşı, hətta çox əla xəbərdi. Hələ də sovet dövründə qoyulan qaydalardan çıxa bilməyən, buna görə də dünyada gedən proseslərdən həddindən artıq geri qalan yerli kinematoqrafiyamızın yeni qanun-qaydalara ehtiyacı var. Ancaq nədənsə hər dəfə kinomuzun inkişafının sübutu kimi misal göstərilən qanun layihəsi əsas maraqlı tərəfin – kino ictimaiyyətinin açıq müzakirəsinə çıxarılmır. Bununla belə qanun layihəsi üzərində işləyən məmurlar aparıcı ölkələrin təcrübələrindən bəhrələndiklərini deməkdən də yorulmurlar.

Söhbət hansı təcrübələrdən gedir?

Oxu zalı Avropa və Şərq ölkələrində milli kinoya dəstək məqsədilə tətbiq edilən bir neçə modeli təqdim edir:

Buna da bax: "Azərbaycan film komissiyası" turizm və kino industriyasını dirçəldəcək

FRANSA

Gəlin görək, kinonun vətənində milli kino necə dəstəklənir, hansı güzəştlər və qadağalar var?

Birinci, ondan başlayaq ki, Fransada əcnəbi filmlərə kvota qoymaq sistemi çox qısa müddət-30-cu illərdə, Hollivud Fransa kino bazarını bütünlüklə ələ keçirməyə cəhd eləyəndə mövcud olub. Müharibədən sonrakı illərdə ABŞ-la Fransa kvotaların ləğvini nəzərdə tutan müqavilə bağlayıb və Fransa milli kinoya və kinonümayişləri sisteminə dəstək proqramı hazırlamağa başlayıb.

Haşiyə: Azərbaycanda hələ belə kvotalar tətbiq olunmur, çünki yerli filmlər az istehsal olunur, kinozallar daha çox əcnəbi filmlərin nümayişindən gəlir götürürlər.

1948-ci ildən Fransada satılan bütün biletlərdən (istehsalçı ölkədən asılı olmayaraq) rüsum tutulur. Kinoteatrlar hər biletin dəyərindən 10,72% Milli Kinematoqrafiya Mərkəzinə (CNC) köçürür. Fransa Milli Kinematoqrafiya Mərkəzində toplanan vəsaitin milli filmlərin istehsalına, kinoteatrların inşası və müasirləşdirilməsinə ayrıldığını nəzərə alsaq, Hollivud kinosunun Fransa prokatına buraxılması hər kəsə sərf eləyir.

Fransa kino Mərkəzinin məlumatına görə, 2015-ci ildə Fransada ümumi boks-ofis (kassa gəliri) 1,3 mlrd avro olub. Bu o deməkdir ki, kinematoqrafiya mərkəzi bilet satışından 143 milyon avro əldə eləyib. Sözügedən vəsaitin böyük hissəsi, məhz, Hollivud məhsullarına aiddir.

Kinoteatrlarla yanaşı ölkə ərazisində fəaliyyət göstərən müxtəlif telekanallar da film nümayişlərinə görə CNC-yə rüsum ödəyirlər. Fransada televiziya çox populyar olduğundan mərkəzin büdcəsinin böyük hissəsi telekanallardan gələn maliyyə hesabına formalaşır. Bu vergi forması Fransada 1980-ci ildən tətbiq olunmağa başlayıb. Dövlət və özəl kanallar 5,5% ödəyir. Həmçinin internet provayderlər (5,5%) videoməhsulların yayımçıları da bu vergini ödəyənlərin sırasındadı. Adi halda 2% verən videoməhsul yayımçıları pornoqrafiya xarakterli məhsullar üçün 10% vergi ödəyirlər.

Bundan əlavə telekanalların əksəriyyəti yerli filmlərin istehsalına maddi dəstək verməyə məcburdur. Üstəlik kanallarda film nümayişləri üçün kvotalar tətbiq olunur. Milli kanallar fransız kinosuna 40%, ixtisaslaşmış kanallar 35% ayırmalıdı. Növündən asılı olaraq bəzi kanalların çərşənbə, cümə (cümə günləri axşam 10-da sonra arthouse filmlər göstərilə bilər) və istirahət günləri yeni film göstərməyə ixtiyarı yoxdu.

Azərbaycanda, Rusiyada olduğu kimi Fransada da filmlərə prokat vəsiqəsi verilir, o cümlədən, yaş məhdudiyyəti tətbiq olunur.

Prokat vəsiqəsi verən komissiyanın (məmurlar, kino xadimləri, kino və gənclər üzrə mütəxəssislərdən ibarətdi) filmə müdaxilə etməyə və ya müəlliflərdən nəyisə dəyişməyi tələb etməyə ixtiyarı yoxdu. Lakin komissiyanın işinə təsir eləyə bilən bir qüvvə var - ictimai rəy. Məsələn, Lars fon Trierin “Antixrist” filminə “Yardım” adlı katolik təşkilatın etirazları ucbatından bir müddət Fransada yayım icazəsi verilməyib. Təşkilat filmə “16+” yox, “18+” reytinqinin verilməyini istəyirmiş.

Buna da bax: Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'

CƏNUBİ KOREYA

Cənubi Koreyada 1967-ci ildə milli kinonun prokatına kvotalar tətbiq olunmasına baxmayaraq, 90-cı illərin əvvəllərinə qədər ölkənin kino bazarında milli filmlərin payı 16% olub. Koreyalılar özlərinin sərt senzuraya məruz qoyulan təbliğat filmlərinə baxmaq istəmirdilər.

1997-ci ildə ölkədə ciddi valyuta böhranı başlayanda prezident Kim De-çjun ABŞ-a sərmayələr haqqında ikitərəfli müqavilə başlamağı təklif edir. Təklifi qəbul edən Clinton kabineti öz növbəsində bir neçə tələb irəli sürür. Onlardan biri də milli kinematoqrafiyaya qoyulan kvotaların ləğvı idi. Koreya tərəfi düşünmədən razılaşır və milli kinoməhsullara ayrılan 146 günü (illik) 73 günə qədər ixtisar eləyir.

Amma hökumətdə heç kimin ağlına da gəlmirdi ki,bir neçə ildən sonra milli kinematoqrafiya dirçəlib dünyada ön sıralardan birinə çıxacaq.

2007-ci ildə Cənubi Koreya ilə ABŞ arasında bağlanan müqavilə qüvvəyə minəndə Koreya kinosu prokatdan artıq 13% yox, 63,8% gəlir götürürdü.

Odur ki, müqavilənin qüvvəyə mindiyi ərəfədə kinobiznes nümayəndələri KİV-də səs-küy qaldıraraq müqaviləni “milli mədəniyyətin müstəqilliyinə təhlükə” adlandırırlar. Hətta bəzi rejissorlar etiraz əlaməti olaraq kinoda fəaliyyətlərini dayandırırlar. İctimaiyyət də kino xadimlərini dəstəkləyir,lakin bir faydası olmur. Milli Kinoya tətbiq edilən ildə 73 gün kvotası bu gün də qüvvədədir. Ancaq ABŞ yeni iqtisadi müqavilə bağlamaq üçün indi də həmin kvotanın tamamilə ləğvini tələb edir.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

ALMANİYA

Almaniya 60-cı illərin sonlarında kinematoqrafiyanın inkişafına dair qanun qəbul edib və hər beş ildən bir onu yeniləyir. Qanuna edilməli olan hər dəyişikliyin müzakirəsinə, təxminən, iki il sərf olunur. Müzakirələrdə kinosənayesinə aid müxtəlif təşkilatlar, hətta kilsə nümayəndələri də iştirak edirlər. Sözügedən qanun əsasında Almaniyada Federal Kino Şurası – milli kinematoqrafiyaya maddi dətək verən müstəqil ictimai təşkilat fəaliyyət göstərir. Təşkilatın illik büdcəsi 70-75 milyon avrodur və müxtəlif mənbələrdən, əsasən də, kinoteatr və telekanallardan gələnvəsait hesabına formalaşır. Zallarının sayından və dövriyyəsindən asılı olaraq hər kinoteatr satdığı hər biletin dəyərinin 1,8-3%-ini federal şuranın büdcəsinə köçürür. Bu qayda filmlərin DVD və digər daşıyıcılarda satışı ilə məşğul olan şirkətlərə də aiddir.

Qanun daima yenilənir, məsələn, sonuncu dəyişikliklər Amazon və Netflix kimi internet-paltformaları da alman kinosuna dəstək naminə vəsait ayırmağa məcbur edir.

Qanunda edilən sonuncu islahat filmin kinoteatrlarda nümayişi və internet və televiziyaya buraxılması arasındakı fasilə ilə bağlıdı. Dəyişikliyə əsasən, filmin kinoteatrda nümayişi ilə televiziya və internet nümayişi arasında 18 ay fərq nəzərdə tutulur.

Yeri gəlmişkən, alman kinoteatrları Federal Kino Şurasına ödənilən rüsumun prokat potensialı az olan filmlərə ayrıldığını iddia edərək rüsum ödəməkdən imtina etməyə çalışsalar da, məhkəməni uduzublar və qanun qüvvədə qalıb.

Bundan əlavə Almaniyada filmin ekranlara çıxmasından ötrü prokat vəsiqəsi almaq tələb olunmur, əvəzində yaş məhdudiyyətini təsdiqləyən sertifikat almaq məcburidir. Bunun üçün istehsalçı 1000 avro ödəməlidi. Avropa Birliyinin vahid iqtisadi məkan haqqında qanunlarına əsasən, prokatda alman filmlərinə digər Avropa filmləri ilə müqayisədə heç bir üstünlük verilmir.

Buna da bax: Ermənistan milli kinoakademiyası yeni mükafat - "Anahit"i təsis edib

YAPONİYA

Yaponiyada milli kinematoqrafiyaya kvotalar, təxminən, 1932-ci ildə Yaponiyanın böyük imperiya olduğunu dünyaya göstərmək məqsədilə ttətbiq olunub, 1945-ci ildə ölkənin işğalından sonra da ləğv edilib.

1971-ci ildə amerikalılar Yaponiyaya qarşı verilən bütün sanksiyaları götürəndən bir neçə ay sonra hökumət əcnəbi filmlərin idxalına məhdudiyyət qoyulması barədə qanun qəbul edib. Orta hesabla xarici filmlərin 54% idxalına icazə verən qanun bu gün də qüvvədədir.

BÖYÜK BRİTANİYA

Böyük Britaniya yerli kinoistehsalata dəstək məqsədilə kvotalar tətbiq edən ilk ölkədir.

1927-ci ildə kral V George-un imzaladığı kinofilmlər haqqında qanunda vertikal kino sənayesinin (istehsalat, distryubyusiya və nümayişlərə eyni adamlar tərəfindən nəzarət olunması) Hollivud səviyyəsinə qaldırılması nəzərdə tutulurdu. Qanuna əsasən, on il ərzində ölkə kinoteatrlarında göstərilən filmlərin 7,5%-i yerli məhsul olmalı idi (sonralar bu rəqəm 20%-ə qədər artırılıb). Üstəlik, yerli film deyəndə Britaniyada fəaliyyət göstərən şirkət tərəfindən, ölkə ərazisində yerləşən studiyada və britaniyalı müəllifin ssenarisi, əsəri əsasında çəkilmiş, ümumi əmək haqqının 75%-nin kralın təbbəələrinə verildiyi məhsul nəzərdə tutulurdu.

Zamanla bəzi dəyişikliklərə uğrayan kvotalar haqqında qanun 1960-cı ildə ləğv olunsa da, səsli kinonun yarandığı dövrdə kinoteatrlar yeni avadanlıqların alınması ilə bağlı maddi çətinliklər yaşayanda Britaniya kinosunun sağ qalmasına, məhz, sözügedən qanun yardım edib.

Buna da bax: Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq

ÇİN

Çində kinematoqrafiya həmişə təbliğat vasitəsi hesab olunub. Yəqin, elə buna görə də 1949-cu ildən 94-cü ilə qədər Hollivud filmlərinin ölkə ərazisində rəsmi prokatına icazə verilmirdi.

Uzan fasilədən sonra ekranlara buraxılan ilk Hollivud məhsulları isə təkcə siyasi yox, həm də güclü təbliğat addımı idi- hökumət vətəndaşlarına ölkədə dəyişikliklərin başladığını göstərmək istəyirdi. Bununla belə Amerika filmlərinə qarşı sərt münasibət hələ də dəyişməyib. Uzun sürən danışıqlardan sonra 2009-cu ildən etibarən Çin, ölkə ərazisində 20 əcnəbi filmi prokata buraxmağı boynuna götürüb, lakin amerikan filmlərinin sayının 80%-i keçməməsi şərti ilə. Üstəlik filmlərin yaradıcıları Çin prokatından bütün dünyada olduğu kimi 50 yox, yalnız 25% gəlir götürə bilir.

Onu da qeyd edək ki, Çin bu müqaviləyə iqtisadi təzyiq altında qol çəkməyib. Sadəcə ölkənin mədəniyyət nazirliyi qərara gəlib ki, milyard yarım insanı kinoteatrlara ancaq bu yolla qaytarmaq mümkündü.

2012-ci ildə Çində minlərlə kinoteatr inşa edilib və kvotada nəzərdə tutulan 20 filmə 14-dü də əlavə olunub. “20+14” müqaviləsi 2017-ci ildə yenidən baxılması nəzərə alınmaqla beş il müddətinə imzalanıb. Ancaq hökumət istədiyi vaxt prokata müdaxilə edə, Hollivud filmlərinin premyera vaxtını dəyişə bilər.

Ölkədə yeni kinoteatrların inşasından sonra əcnəbi prodüserlərə də müəyyən güzəştlər tətbiq olunur, məsələn, qadağalar müştərək filmlərə aid edilmir. Həmçinin Çini müsbət tərəfdən göstərən, çinli personajların əsas rollarda olduğu filmlərə müəyyən güzəştlər tətbiq edilir.

XS
SM
MD
LG