Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:30

Yalçın İmanov: 'Elçin Qəmbərovun davranışı vəkillik missiyasına ziddir'


Elçin Qəmbərov
Elçin Qəmbərov

“Kollegiyadan uzaqlaşdırlmaq əvəzinə...”

“Vəkillər və vəkillik fəaliyyəti haqda qanun”un tələblərini pozduğuna görə, Elçin Qəmbərov Kollegiyadan dərhal və qeydsiz-şərtsiz xaric olunmalıdır. Amma biz bunun əvəzinə Qəmbərovun Rəyasət Heyətinə təyin edilməsinin şahidi olduq. Məni heyrətləndirən budur. Görünür, bu onun xidmətlərinin əvəzi kimi qiymətləndirilə bilər”, – vəkil Yalçın İmanov belə deyir.

“Elçin Qəmbərovun müvəkkili haqda kitab yazması vəkillik etikasının pozulması yox, birbaşa anasının ağladılmasıdır”, – vəkil əlavə edir.

Vəkil Elçin Qəmbərov ilyarım müvəkkili olmuş Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus haqda kitab yazıb: “Leyla Yunusun parlaqlığı və yoxsulluğu”.

Hüquq müdafiəçisi 2015-ci ildə vergidən yayınma ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan məhkəmə ona şərti cəza vermişdi. Az sonra o və həyat yoldaşı mühacirətə yollanmışdı.

Yalçın İmanov
Yalçın İmanov

Buna da bax: Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'

Leyla Yunusun hüquqlarını müdafiə etmiş Elçin Qəmbərovsa bir qədər öncə onun qızı ilə yazışmalarını, beynəlxalq qurumlarla danışıqlarını əks etdirən kitab çap etdirib.

Bir çox vəkillər bunu sosial şəbəkələrdə kinayə və qınaqla qarşılayıblar. Hüquq müdafiəçisi haqda kitab yenidən gündəmə gəlib, müəllif-vəkil Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçildikdən sonra.

“Adama bir kitab yazaq, müştərilərimizi ifşa edək...”

Vəkil Adil İsmayılov “Facebook” səhifəsində belə yazıb. Hərçənd vəkil özü bu haqda AzadlıqRadiosuna indilik danışmaq istəmədiyini bildirir.

Yalçın İmanov isə vəkillə müştəri arasındakı münasibətlərin və yazışmaların konfidensial xarakter daşıdığını deyir və bir daha altını cızaraq qeyd edir ki, bunun yayılması birbaşa vəkillik etikasının pozulmasıdır.

Elçin Qəmbərov: “Vəkillik etikası onda pozulardı ki...”

Vəkil Elçin Qəmbərov AzadlıqRadiosuna deyir ki, o, vəkil etikasını pozmayıb, müvəkkili ilə müqavilə başa çatdıqdan sonra kitab yazıb. Bunu da əlavə edir ki, dünyada kitab yazan yetərincə vəkillər var.

“Vəkillik etikası onda pozulardı ki, mən onun vəkili ola-ola bu haqda kitab yazım. Müqavilə bitdikdən sonra onun qarşısında heç bir öhdəliyim yoxdur. İkincisi, onun şəxsi həyatı ilə bağlı açıqlama verməmişəm. Yazılanlar yalnız və yalnız ictimai fəaliyyəti, həbsi və başqa məsələlərlə bağlıdır. Bir də, bu savaşı Leyla Yunusa qarşı mən açmamışam, o özü açıb. O vəkil ki, onun yolunda olmazın əziyyətlər çəkib. Ancaq o, xaricə gedəndən sonra mənə iftiralar yağdırmağa başlayıb. Mən ona yazdım ki, buna son qoymasan cavab addımı atacam. Bu, mənim şəxsi savaşımdır. Bu kitab da mənim ona cavabımdır. O, azadlığa çıxandan sonra hamıya dedi ki, Elçin Qəmbərov hakimiyyətin adamıdır, hakimiyyətin adamıydımsa, niyə məndən dördəlli yapışmışdın? Nəyə görə həbsdən çıxanda məni qucaqlayıb öpürdün, təşəkkür edirdin? O düşünürdü ki, mən onun çirkin, natəmiz əməllərini aça bilərəm. Elə bir niyyətim yox idi. Bundan başqa, kimsə hesab edə bilər ki, mən etik qaydalara əməl etməmişəm. Amma mənim sözüm birdir – hər bir insan qarşısında etik qaydanı gözləmək olar, Leyla Yunus qarşısında bu qaydalar öz qüvvəsini itirir”.

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

O ki qaldı Elçin Qəmbərovun Vəkillər Kollegiyası Rəyasət Heyətinə bu kitab müqabilində seçilməsi barədə fikirlərə, vəkil deyir ki, o, acıq səsvermə nəticəsində seçilib, üstəlik də “hər yazılan kitaba görə təltif edilmə olsaydı, hamıya vəzifə çatmazdı”.

“Qanun bunu qadağan edir”

“Vəkil kitab yaza bilər, bunda etik pozuntu yoxdur. Amma vəkilin müvəkkilinin ona etimad etdiyi məlumatları, özü də gizli məlumatları kitabda istifadə etməsi həm etik baxımdan pozuntudur, həm də qanuni baxımından. “Vəkillər və vəkillik fəaliyyəti haqda qanun”un 7-ci maddəsinin birbaşa pozulmasıdır”, – vəkil Elçin Sadıqov belə söyləyir:

“Eyni zamanda, həmin qanun vəkilə müdafiə etdiyi şəxsin əleyhinə olan sübutlardan sonradan özünün və ya digər şəxslərin lehinə istifadəsini də birbaşa qadağan edir”.

Elçin Sadıqov adaşı və həmkarı Elçin Qəmbərovun müvəkkili olduğu Leyla Yunus haqda belə bir kitab yazmasını vəkillik prinsipinə zidd sayır. Eləcə də bu cür addımların Azərbaycanda “vəkilliyi nüfuzdan salmaq təhlükəsi yaratdığını” düşünür.

Elçin Sadıqov
Elçin Sadıqov

Buna da bax: Hüquq müdafiəçilərindən Azərbaycana sanksiya istəyi

“Bu cür özünə haqq qazandırmaq ağlagəlməzdir”

Sosial şəbəkələrdə və mediada ara-sıra müdafiə xarakterli fikirlər də səslənir, “hüquq müdafiəçisi qanunu pozubsa, milyonlarla manat vəsaiti mənimsəyibsə, işçilərinin əməkhaqqını ödəməyibsə, vəkil onu ifşa etməlidir” kimi arqumentlər gətirilir. Elçin Qəmbərov özüsə deyir ki, kitabın mahiyyətini kənarda qoyaraq etika haqda danışmaq doğru deyil:

“Buna görə məsuliyyət varsa, mən öz məsuliyyətimi daşımağa hazıram”.

Hərçənd Yalçın İmanov bu yanaşmanı vəkil üçün doğru saymır. Onun sözlərinə görə, Leyla Yunusla bağlı qanun pozuntusu varsa, bununla istintaq orqanı, məhkəmə məşğul olmalıdır:

“Elçin Qəmbərovun müdafiə etdiyi şəxslə bağlı kitab çap etdirmək məqsədilə bu şəkildə özünə haqq qazandırmasının izahı yoxdur və bu ağlagəlməzdir”, – söyləyən vəkil bu davranışdan heyrətləndiyini bildirir.

“Vəkillikhəqiqəti üzə çıxarmaq sənəti deyil, müdafiə sənətidir. Vəkilin işi müdafiə etdiyi şəxsin müdafiəsini qurmaq və onun tapşırıqları əsasında işləməkdir. Müdafiə olunan şəxsə qarşı irəli sürülən ittihamı sübuta yetirmək, onunla bağlı dəlillər toplamaq ittiham tərəfinin işidir. Vəkil müdafiə etməli, təkzib dəlilləri toplamalıdır, müdafiə etdiyi şəxsi ifşa etməli deyil. Qəmbərovun kitabı, mediadan tanış olduğum yazıları artıq onun müdafiə etməli olduğu şəxsi ifşa etməsidir. Bu da “Vəkillər və vəkillik fəaliyyəti haqda qanun”un, vəkillərin davranışları haqda kodeksin kobud, ağlagəlməz şəkildə pozulmasıdır. Vəkillik missiyasına, anlayışına zidd əməldir”, – Yalçın İmanov söyləyir.

XS
SM
MD
LG