Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:59

Bu il Azərbaycanda 'qara qızıl'dan gözləntilər...


Neft buruğu
Neft buruğu

2020-ci ildə ölkənin iqtisadi həyatına aid nə kimi gözləntilər var? Təhlilçilər bu məsələlərlə bağlı nə düşünürlər?

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, hökumət inflyasiyanı bu il üçün 4.8-4.9 faiz civarında proqnozlaşdırır: ​«Bu isə 2019-cu ilin rəsmi göstəricilərindən yuxarıdır. Səbəb də odur ki, 2020-ci ildə nağd pul dövriyyəsinin kəskin artması gözlənir. Prezidentin verdiyi fərmanlar nəticəsində minimum əmək haqları, minimum pensiyalar artıb, bu fərmanların icrası ilə əlavə pul dövriyyəsinin artması gözlənir».

Amma iqtisadçı hesab edir ki, rəsmi inflyasiya həmişə real inflyasiyadan fərqlənir. Onun fikrincə, buna səbəb də odur ki, Azərbaycanda inflyasiyanın hesablanma qaydası çox primitivdir, müasir dünyadakı standartlara uyğun deyil:

N.Cəfərli
N.Cəfərli

«İnflyasiya ikirəqəmli həddə yaxınlaşacaq»

«Digər tərəfdənsə, statistika siyasiləşib, hökumətin siyasi qərarlarına uyğunlaşdırılır. Bunu nəzərə alsaq, bu ilin qiymət artımı rəsmi göstərilən inflyasiyadan yüksək olacaq. İnflyasiya 8-9 faiz olmaqla ikirəqəmli həddə yaxınlaşacaq. Bu inflyasiya özünü fevral-mart aylarında, Novruz bayramı (martın 21-i) öncəsi daha çox büruzə verəcək. Çünki bu ərəfədə həmişə qiymət artımı müşahidə edilir».

Sosial məsələlərə gəlincə, iqtisadçı vurğulayıb ki, bu il büdcənin təqribən 40 faizi sosial məsələlərə həsr edilib. Amma o, minimum əməkhaqqının 250 manat olmasını xatırladaraq, əlavə edib ki, bu pulla Azərbaycanda bir ay dolanmaq asan deyil:


«İqtisadiyyat ölkə insanını təmin edəcək şəkildə deyil. Müəyyən irəliləyişlər var, amma idarəetmədə dəyişiklik yoxdur. Bunun fəlsəfə və yanaşması dəyişməyib deyə, iqtisadiyyatda atılan addımlar ciddi effekt vermir. Ölkədə iqtisadiyyatın və xalqın rifah halının yüksəlməsi üçün idarəetmədə dərin islahatlar olmalı, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının yanaşması dəyişməlidir».

«Hər şey neftin qiymətindən asılıdır»

İqtisadçının fikrincə, ölkənin iqtisadi həyatında hər şey neftin qiymətindən asılı olacaq. O vurğulayıb ki, bütün makroiqtisadi göstəricilər, ticarət balansı, ümumi daxili məhsulun (ÜDM) artım tempi bir amildən - neftdən asılıdır: «Amma son illər dünya bazarında neftin qiyməti iqtisadi göstəricilərdən asılı deyil. İqtisadi göstəricilər önə çıxsaydı, indiyə neftin qiyməti aşağı olmalı idi. Dünyadakı geosiyasi gərginlik yaradan səbəblər bu il aradan qaldırılsa, neftin qiymətində ciddi enmələri müşahidə edə bilərik».

F.İbrahimli
F.İbrahimli

«Gəlirlərin artırılması istiqamətində müəyyən addımlar gözlənilir»

V çağırış Milli Məclisin üzvü Fəzail İbrahimli isə «Turan» agentliyinə deyib ki, Qarabağ probleminin həlli, ölkədəki sabitliyin qorunması 2020-ci il üçün də ən mühüm məsələdir.

İqtisadi, sosial məsələlərə gəlincə, o, hesab edir ki, Azərbaycan dövləti böyük sosial islahatlara gedir: «Hətta fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin özü də həmin islahatların tərkib hissəsidir».

F.İbrahimli deyib ki, sosial sahədə islahatlar davam edir: «Əhalinin maddi güzəranın yaxşılaşması üçün dövlət rəhbəri addımlar atacaq, atılan hər addım da xalq tərəfindən rəğbətlə, böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu il də ölkə əhalisinin gəlirlərinin artırılması istiqamətində müəyyən addımlar gözlənilir».

«Neftin qiyməti aşağı düşməyəcək»

F.İbrahimlinin deməsinə görə, inflyasiya rəsmi göstərilən 4.8 həddindən yuxarı olmayacaq və bunun yuxarı olmaması üçün müəyyən tədbirlər görülür.

F.İbrahimliyə görə, neftin dünya bazarındakı qiyməti də indiki 60-65 dollardan aşağı düşməyəcək: «Çünki neftin qiymətinin yüksək olmasında maraqlı olan ölkələr var. Həm də, dünyadakı bir sıra proseslər neftin qiymətinin yuxarı olmasını şərtləndirir».

Xatırlatma

Bu il Dövlət Neft Fonduna «qara qızıl»dan (neft) gələn vəsaitin təqribən 3 milyard manat azalacağı gözlənir.

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 088.2 min manat proqnozlaşdırılır. Ötən il isə bunun 15 milyard 450 milyon 149.7 min manat proqnozlaşdırıldığı açıqlanmışdı. 2019-cu il büdcəsində neftin 1 bareli 60, bu il isə 55 dollar götürülüb. Üstəlik, Azərbaycanda neft hasilatının azaldığı deyilir.

XS
SM
MD
LG