Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

Tarixdə ilk dəfə neftin qiyməti sıfırdan aşağı düşdü


Aprelin 20-də ABŞ neftinin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə çevrilib.

The Guardian yazır ki, bunun əsas səbəbi ABŞ-da neft anbarlarının “misilsiz şəkildə” dolmasıdır.

Texas neftinin qiyməti bir barrel üçün 18 dollardan mənfi 38 dollara düşüb. Bu isə o deməkdir ki, indi neft satıcısı anbarların boşalması üçün alıcıya neftin üstündə hələ pul da verməyə hazırdır.

Rystad Energy neft araşdırmaları mərkəzinin başçısı Bjornar Tonhaugen deyib ki, indi neftə tələblə təklif arasındakı balanssızlıq özünü sözün əsl mənasında qiymətdə göstərməyə başlayıb:

“Neft hasilatının həcmi bir o qədər də dəyişməyib, lakin anbarlar günbəgün dolur. Dünya getdikcə daha az neft işlədir və neft hasilatçıları bunun nə demək olduğunu indi tam başa düşürlər”.

The Guardian bundan əvvəl xəbər vermişdi ki, dünyanın iri neft portlarında lövbərlənmiş “supernəhəng” gəmi-tankerlərdə 160 milyon barrel neft yığılıb qalıb.

Brent nefti dənizdən çıxdığına görə

Hazırda koronavirus pandemiyasına görə son 25 ildə tələbat ən aşağı həddə enib.

Neft anbarlarının buna bənzər dolması 2009-cu ilin maliyyə böhranı zamanı baş vermişdi, amma o vaxt dənizlərdəki tankerlərdə 100 milyon barrel neft yığılmışdı.

ABŞ neftinin iyun ayı üçün füçers qiymətləri də aprelin 21-dən defolta düşəcək, lakin 1 barrel üçün 20 dollar qiymətini qoruyub saxlaya bilib.

Aprelin 20-də Brent markasından olan neft də birdən birə 8 faizdən də çox ucuzlaşaraq bir barrel üçün 25.67 dollara düşüb.

Lakin Brent nefti dənizdən çıxarıldığı üçün onun bazarında vəziyyət nisbətən yaxşıdır. Beləki bu neft birbaşa tankerlərə doldurularaq ehtiyac olan yerlərə aparılır.

Qiymət dirçəlməsi ilin yalnız ikinci yarısında

İqtisadiyyatla bağlı vəziyyəti habelə ABŞ-da prezidentlə ştat qubernatorları arasında davam edən qarşıdurma daha da pisləşdirib. Bu qarşıdurmanın səbəbi karantinin qaldırılmasına dair mübahisələrdir.

Ekspertlər bildirirlər ki, neft qiymətlərinin dirçəlməsi ilin yalnız ikinci yarısında başlanacaq.

Dünyanın ən iri neft hasilatçıları bu ay neft hasilatını günə 10-20 milyon barrel azaltmaq barədə razılaşma əldə ediblər. Lakin hasilatın ixtisarına may ayından başlanacaq.

Neft təhlilçilərinin əksəriyyəti bu qənaətdədirlər ki, sözü gedən hasilat azaldılmasına baxmayaraq ilin ikinci yarısında neftin qiyməti qalxsa da pandemiyadan əvvəlki səviyyəsinə çatmayacaq.

Brent markasından olan neftin qiyməti ötən yanvarda bir barrel üçün 69 dollara çatmışdı, lakin mart ayında 23 dollara düşdü.

***

Neftin qiymətlərində düşüş davam edir. Aprelin 20-d ABŞ-da xam neftin barreli 15 dollardan da aşağı düşüb. Bu, son 20 ildə Qərbi Texas nefti üçün ən aşağı səviyyədir.

Brent nefti isə 2 faizdən artıq ucuzlaşıb, barreli 27 dollardan düşüb.

Rusiyanın əsas indeksi sayılan Ural nefti aprelin 17-də 1 faizdən çox ucuzlaşmışdı, barreli 23 dollardan bir az artıq idi.

Neft qiymətlərinin bu həddə iflası koronavirus pandemiyasına görə hökumətlərin biznes və fərdlərə tətbiq etdiyi qadağalarla bağlıdır. Digər tərəfdən Rusiya və Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla bağlı razılıq əldə edə bilməyəndən sonra dünyada neft təchizatı sürətlə artdı.

Qiymət iflası neft və qaz ixracından asılı hökumətləri narahat etməyə başlayıb. Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, İran, eləcə də Azərbaycan bu ölkələr sırasındadır.

XS
SM
MD
LG