Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Avropada koronavirus qadağaları tədricən qaldırılır


Praqa, 19 aprel, 2020-ci il
Praqa, 19 aprel, 2020-ci il

Bir neçə həftəlik karantin tədbirlərindən sonra artan iqtisadi və sosial təzyiqlə üzləşən Avropa ölkələrindən bəziləri qadağaları ehtiyatla qaldırmağa başlayır. Bu arada qitə üzrə koronavirusdan ölüm halları 100 minə yaxınlaşır.

Aprelin 20-də Almaniyada kiçik və ortaölçülü mağazaların sosial məsafə tədbirlərini saxlamaqla açılacağı gözlənir.

ABŞ-da etirazlar keçirilir

İsveçrə, Danimarka, Finlandiya kimi daha kiçik ölkələrdə mağazalar və məktəbləri açmağa başlayıblar. Belçika, Yunanıstan və Portuqaliya bildiriblər ki, maydan iqtisadiyyatların təkrar açılması planları hazırlayacaqlar. Çexiyada da kiçik dükanların açılacağı gözlənir.

İtaliya, İspaniya, Britaniya və Fransada cəmi 77 min, Avropa üzrə isə 97 min nəfər koronovirusdan dünyasını dəyişib. Bu dörd ölkədə ölüm və xəstəxanaya yerləşdirmə ya azalır, ya da sabitləşir.

İtaliyada regional hökumətlər Romaya təzyiq göstərdiyindən hökumət kiçik mağazalardan bəzilərini qismən açmağı planlayır.

Birləşmiş Ştatlarda isə Prezident Donald Trump və qubernatorlar oxşar təzyiqlə üzləşib. Həftəsonu bir neçə ştatda minlərlə mühafizəkar etirazçı evdə qalmaqla bağlı göstərişlərə, iqtisadi çətinliklərə qarşı yürüşlər keçirib. Ötən həftə Trump iqtisadiyyatın təkrar açılması üzrə üç mərhələlik plan açıqlayıb.

Aprelin 20-nə olan məlumata görə, dünyada koronavirusa 2,4 milyon nəfər yoluxub, onlardan 165 mindən çoxu dünyasını dəyişib.

Rusiya

Rusiya rəsmiləri aprelin 19-da ölkədə rekord sayda yoluxmanın qeydə alındığını bildirib. 6 min 60 yeni yoluxma ümumi sayı 42 min 853-ə çatdırıb. Hökumət cəmi 361 nəfərin öldüyünü desə də, ekspertlər və tənqidçilər bu sayın daha böyük olduğunu düşünürlər. Prezident Vladimir Putin isə “vəziyyətin tam nəzarətdə olduğunu” deyib.

Moskvanın meri ötən həftə deyirdi ki, Rusiya yoluxma hallarının kəskin artmasının hələ başlanğıcındadır.

Aprelin 19-da milyonlarla rusiyalı Pasxa bayramını qeyd edib Çoxları kilsə liderlərinin evdə qalmaqla bağlı çağırışlarına qulaq asaraq kilsəyə getməyib.

Putin aprelin 19-da videomüraciətində deyib ki, “hökumətin bütün qanadları ritmik, məsuliyyətli, təşkil olunmuş şəkildə işləyir. Vəziyyət tam nəzarətdədir”.

İran, Belarus

İranın Ali dini lideri Ayətulla Ali Khamenei dindarları aprelin 23-də başlanması gözlənən Ramazan ayı boyunca evdə qalmağa çağırıb.

Prezident Hassan Rohani aprelin 19-da deyib ki, onminlərlə məhbusun müvəqqəti azadlığa buraxılma müddəti uzadılır. Rohani məscid və digər dini mərkəzlərin daha iki həftə bağlı qalması göstərişi verib, Ramazan ayı boyunca toplantılarla bağlı daha sonra qərar veriləcəyini bildirib.

İranda 82 mindən artıq yoluxma, 5 min 100-dən çox ölü sayı qeydə alınıb.

Aprelin 18-dən Tehranda bəzi şirkətlərin yenidən açılmasına icazə verilib.

Belarus pandemiya dövründə məhdudiyyətlər tətbiq etməyən azsaylı ölkələrdəndir. Minlərlə insan səhiyyə orqanlarının evdə qalmaq göstərişlərini gözardı edərək Pasxa keçirməyə kilsələrə gedib.

COVID-19-la bağlı qlobal narahatlığı “kütləvi psixoz” adlandıran Prezident Alyaksandr Lukashenka kilsəyə maskasız gedib.

“Adamların kilsəyə yolunu bağlayanlarla razı deyiləm. Bu viruslarla hər il üzləşirik”, – BelTA dövlət agentliyi prezidentə istinadla yazır.

Aprelin 19-na olan məlumata görə, Belarusda 4 min 779 yoluxma, 42 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG