Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:34

COVID-19 kimlər üçün daha risklidir


İranda xəstəxana
İranda xəstəxana

Dünyada COVID-19 pandemiyasının yayılmasından altı ay keçir, 4 milyondan çox insan ona yoluxub. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Andy Heil yeni koronavirusun kimlərə, daha çox hansı məkanlara daha artıq risk yaratmasının aydın olmadığını yazır.

Nyu Yorkdan epidemioloq Marjorie Pollack xəstəliklə əlaqədar sürprizlərin davam etdiyini deyir.

İndiyədək bəlli olan odur ki, yaşlıların və xüsusi sağlıq problemləri olanların xəstəliyə yoluxma riski böyükdür.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirir ki, təzyiqi, xroniki ağ ciyər xəstəlikləri, şəkəri olanlar, piylənmədən əziyyət çəkənlər, immun sistemi zəiflərin yoluxma riski yuxarıdır. CDC həm də indiyədək qadınlardan çox kişilərin COVID-19-dan ya öldüyünü, ya da ağır keçirdiyini bildirir.​

Yaş, iqlim amili

Çoxsaylı araşdırmalar virusa yoluxmuş uşaqlar arasında ölüm səviyyəsinin çox az olduğunu, yaşı 60-dək olanlar arasında isə COVID-19-dan ölümlərin tədricən artdığını göstərir. 60-dan sonra ölüm riski kəskin artır.

“The Lancet” tibb dərgisində dərc olunmuş bir araşdırmaya görə, 30 yaşlarında olan xəstələr üzrə ölüm göstəricisi 0,15 faizdir, yəni, hər 10 min nəfərə cəmi 15. Yaşı 80 və daha yuxarı olanlar üzrə isə bu göstərici 13,4-dür, yəni, hər 10 min xəstəyə 1500 nəfər.

Di gəl, Fransa, Belçika, Birləşmiş Ştatlarda azyaşlılar, yaxud yeniyetmələr arasında ölüm hallarının çoxalmasını hələ izah edən tapılmayıb. Son bir ayda Nyu York ştatında koronavirusla bağlı yeni xəstəlikdən əziyyət çəkir.

Yeni koronavirusun ötən ilin sonunda heyvanlardan insanlara keçdiyi güman edilir və o vaxtdan xəstəlik daha çox yaz və qış mövsümündə Şimal Yarımkürəsində yayılıb. Bu, adi soyuqdəymə və qrip kimi xəstəliklər üçün xarakterikdir. Di gəl, COVID-19-la bağlı mövsümi aspektlər də tam aydın deyil.

“Koronaviruslar adətən daha soyuq havada yayılsalar da, hamısına aid deyil. MERS xəstəliyini törədən koronavirus çox isti olan Yaxın Şərqdə dəvələrdən peyda olub”, – CDC-nin Orta Asiya üzrə regional direktoru Daniel Singer deyib.

Sıxlıq, gündəlik təmaslar

Koronavirus infeksiyasının yayılması üçün münbit şərait daha çox adamın bir arada yaşadığı məkanlarda üzə çıxır.

“Bir evdə, eyni mənzildə yaşayanlar çox olduqca risk artır. Bir-birinə bitişik kiçik evlər, yəni yüksək əhali sıxlığı”, – Pollack deyir.

Rusiya kimi miqrant əməyinin geniş yayıldığı, Orta Asiyadan getmiş fəhlələrin kiçik yerlərə cəmləşdiyi yerlərdə yoluxma göstəriciləri də sürətlə artır.

Amma təkcə sıx məhəllələr deyil, İtaliyadakı kimi sağlam əhalisi olan ölkədə koronavirusun yayılacağı çoxunun ağlına gəlməzdi. Demoqrafik bir araşdırmanın müəllifləri İtaliyada koronavirusun yayılmasını və ondan ölüm hallarını “nəsillər arasında geniş əlaqələr, böyümüş uşaqlarla valideynlərin yaxın yaşaması” ilə izah edir. “Hətta ailələr bir yerdə yaşamasalar belə, tez-tez gündəlik təmas saxlayırlar”, – araşdırmada deyilirdi.

Pandemiya dövründə tibbi xidmətin əlçatan olduğu yerdə yaşamaq da vacibdir. OECD-nin bir hesabatında Rusiya dünyada xəstəxana çarpayılarının sayına görə liderlər sırasında göstərilirdi, hər 1000 nəfərə 8 çarpayı düşürdü. Yaponiyada bu rəqəm 13, Cənubi Koreyada 12-dir.

Amma ilin əvvəlində Rusiyanın Hesablama Palatası xəbərdarlıq edirdi ki, ölkədə ixtisaslı həkim çatışmazlığı var, 100 mindən artıq tibb ocağında təftişlər onlardan üçdə birində krandan su gəlmədiyini üzə çıxarmışdı. Çoxusunda isə mərkəzi istilik və kanalizasiya sistemləri yox idi.

“Məncə, ən pis yer ciddi halların öhdəsindən gələcək tibbi qabiliyyəti olmayanlardır”, – Pollack vurğulayıb.

XS
SM
MD
LG