Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

Avropanın film festivalları özlərini yenidən kəşf edirlər


Karlovı Varı kinofestivalı
Karlovı Varı kinofestivalı

Amerikada keçirilən kinofestivallar proqramlarını onlayn təqdim edib-etməmək haqda qərar verməyə çətinlik çəkirlər. Avropanın tanınmış kinofestivalları isə məsələyə fərqli yanaşma nümayiş etdirir. Kann, Lokarno və Karlovı Varı kinofestivalları pandemiyanı özlərinin kino mədəniyyətinə təsir gücünü yenidən kəşf etmək üçün imkan kimi qəbul edirlər.

Kann kinofestivalı iyunun 3-də öz film siyahısını açıqlayıb. Məlum olduğu kimi, bu il festivalın özü pandemiya səbəbindən keçirilməyəcək.

Filmlər qastrola çıxacaq

Indiwire.com saytı yazır ki, hər il iyulda keçirilən Karlovı Varı kinofestivalı bu il maraqlı formada baş tutacaq. Filmlər ölkənin müxtəlif yerlərində sayca kiçik auditoriyalara nümayiş olunacaq. Festival filmlərin qastrol siyahısını ötən ayın sonu açıqlayıb. Çexiya artıq mayın 11-dən kinoteatrları ziyarətçilərin üzünə açıb, üstəlik, elə ilk həftəsonu ərzində 716 min dollar kassa gəliri də toplamağa nail olub.

Avqustda keçirilən Lokarno kinofestivalını isə hər il minlərlə insan ziyarət edir. Bu il bu nüfuzlu tədbir çərçivəsində pandemiya səbəbindən nümayişi gecikdirilən İsveçrə və dünya filmlərinin iştirakı ilə müsabiqə keçiriləcək. Avqustun 15-də elan ediləcək iki qalibin hərəsinə 70 min İsveçrə frankı məbləğində mükafat təqdim ediləcək. Qaliblərdən biri xarici, digəri isə İsveçrə kinosu nominasiyasında seçiləcək.

Bu müddət ərzində Lokarno kinofestivalı, eyni zamanda, siyahısındakı qısametrajlı filmləri onlayn nümayiş etdirəcək. Bundan başqa, əvvəlki illərdə festivalda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmış filmlər onlayn strim olunacaq.

Festivalın bədii direktoru Lili Hinston deyir ki, bu il auditoriyaya festivalın tarixi və arxivinə nəzər salmaq imkanı da veriləcək. Onun sözlərinə görə, əvvəlki illərdə keçirilən tədbirlər zamanı bu qəbildən olan işlərə yer qalmırdı.

Hinston əlavə edib ki, builki müsabiqədə iştirak edəcək bütün filmlər 2021-ci ildə keçiriləcək festivala dəvət alacaqlar.

Sözügedən festivalların hər üçü tədbirləri virtual keçirmək ideyasını rədd edib. Festivalların yalnız yarmarka hissəsi internetdə keçirilir. Dünyanın ən böyük film yarmarkası olan "Marché du Film" iyunun 22-də internetdə keçiriləcək. Karlovı Varı festivalının öz yarmarkası isə iyulda baş tutmalıdır. Lokarno kinofestivalının avqusta planlaşdırılan açıq qapılar tədbirinin proqramında Cənubi Asiya film sənayesinə xüsusi diqqət ayrılacaq.

Fərqli ekosistemlər

Sayt yazır ki, Avropa və Amerika kinofestivallarının ekosistemləri bir-birindən çox fərqlidir. Avropada bu tədbirlər böyük mədəni prestij və milli qürur mənbəyidir. 1933-cü ildən bəri Beynəlxalq Kino İstehsalçıları Federasiyası (FIAPF) bu festivalların keçirilmə qaydalarını tənzimləyir. Beş qitədə 29 ölkəni təmsil edən 45 festivalı akkreditasiya edən federasiya kinofestivalları xüsusi qiymət sistemi üzrə dəyərləndirir. Kann, Karlovı Varı və Lokarno A dərəcəli prestijli festivallar sayılır.

Amerikada isə, sadəcə, Kinofestival Alyansı adlı qeyri-hökumət təşkilatı mövcuddur. Onu da Müstəqil Kinematoqrafçılar Layihəsi (Independent Filmmaker Project – IFP) beş il bundan əvvəl təsis edib.

FIAPF akkreditasiya olunmuş festivalların cədvəllərini dərc edən bloq ortaya qoymağı planlaşdırır. Qurum akkreditasiya olunmamış festivalların da proqramlarının dərc ediləcəyini istisna etmir.

Payızda keçiriləcək əsas kinofestivallara gəlincə, onların da planları qeyri-müəyyəndir. Toronto Beynəlxalq Film Festivalı (TIFF) bəzi virtual aspektlər üzərində düşündüyünü bildirib. Venesiya, Nyu-York və Tellerayd festivallarınınsa ən yaxşı halda, əsasən, lokal səviyyədə keçiriləcəyi gözlənilir. Pandemiya ətrafında baş verənlər elə vəziyyət yaradıb ki, hətta 2021-ci ildə keçirilməli olan festivalların belə baş tutub-tutmayacağı tam aydın deyil. Karlovı Varı kinofestivalının bədii direktoru Karel Och-un təbirincə desək, "heç kim heç nə bilmir, ancaq hamı ayaqda qalmağa çalışır".

XS
SM
MD
LG