Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:37

'O vaxt vəzifəsindən istifadə edib, bütün nəslimizi həbs elətdirdi'


Lamiyə Quliyeva azad edilib
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Lamiyə Quliyeva azad edilib

Vaxtilə kənd təsərrüfatı nazirinin müavini və Şəmkir rayonunun icra başçısı olmuş Aslan Aslanovun oğlunu öldürməyə görə ömürlük həbs cəzası almış Vüqar Əliyev deyir ki, müalicəyə ehtiyacı var, amma imkan verilmir. Qobustandakı qapalı həbsxanada saxlanılan V.Əliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. Amma onun bu istəyinə rədd cavabı verilib.

V.Əliyev Müalicə Müəssisəsinə köçürülməməsi ilə əlaqədar Penitensiar Xidməti məhkəməyə verib. Amma 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsi onun şikayətinə baxmaqdan imtina edib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə də onun şikayətini araşdırmaqdan imtina edib. Hakim Zakir Quliyev bu barədə qərarda yazıb ki, Ali Məhkəməyə şikayətləri vəkil imzalayıb göndərməlidir. Amma indiki halda V.Əliyev özü yazıb, ona görə də baxılmayıb.

"Hətta günahı olsaydı belə, 18 il kifayət deyilmi?"

V.Əliyevin anası Məlahət İsmayılova AzadlıqRadiosuna bildirib ki, oğlunun 39 yaşı var, artıq 17 ildən çoxdur ki, həbsdədir. Bunun da 15 ildən çoxunu qapalı həbsxana rejimində keçirib: "Bu qədər vaxt həbsdə olmaq çox ağırdır, səhhətində ciddi problemlər yaranıb. Üstəlik, həbsxanada ona qarşı haqsızlıqlar olur, buna etiraz olaraq bir neçə dəfə aclıq aksiyası da keçirib. Aclıqlar da onun səhhətinə pis təsir göstərib, daxili orqanlarında problemlər yaranıb. Hələ həbsdən əvvəl də sağlamlığı qaydasında deyildi, elə ona görə hərbi xidmətə aparmamışdılar".

M.İsmayılova deyir ki, vaxtilə zərərçəkmiş tərəf öz vəzifəsindən sui-istifadə edib, oğluna ömürlük həbs cəzası verilməsinə nail oldu. Onun sözlərinə görə, Ruslan Aslanovu qətlə yetirməkdə suçlanan Lamiyə Quliyeva dəfələrlə etiraf edib ki, bu cinayəti özü törədib: "İllərdir hər yerə müraciət edirik, 18-ci ildir ki, oğlum orada çürüyür. Hətta günahı olsaydı belə, 18 il kifayət deyilmi? Müqayisə eləsinlər ki, oxşar ölüm işlərində kimə ömürlük həbs verirlər? O zamanlar Aslan Aslanov vəzifəsindən istifadə edib, bütün nəslimizi həbs elətdirdi, dövlət orqanları da susdu".

M.İsmayılova oğlunun əfv olunması üçün Prezident Administrasiyasına, Ombudsman Aparatına və başqa orqanlara ərizələr yazdığını əlavə edib.

Penitensiar Xidmətdən isə AzadlıqRadiosuna bildirilib ki, məhbusların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətinə aiddir: "Bütün məhkumların sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Məhkumların müalicəsi Tibb Baş İdarəsinin həkimlərinin rəyi əsasında həyata keçirilir. Əgər həkimlər məhkumun Müalicə Müəssisəsinə köçürülməsini uyğun bilərsə, köçürülür. Məhbusların müalicəsinə imkan verilməməsi, tibbi yardım göstərilməməsi kimi hallardan söhbət gedə bilməz".

Xatırlatma

V.Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Şəmkirdə rayonun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə suçlanaraq cəzalandırılıb. V.Əliyev ömürlük, L.Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsi ilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə ötən ilin fevralında azadlığa buraxılıb.

L.Quliyeva R.Aslanovu ona təcavüz etdiyinə görə öldürdüyünü deyirdi. Cinayət işinin materiallarında isə R.Aslanovun Vüqarın atasıyla icra hakimiyyəti arasındakı torpaq qalmaqalına görə qisas məqsədilə öldürüldüyü iddia olunurdu.

Hadisədən sonra V.Əliyevin valideynləri, xalası və başqa qohumları da həbs olunmuşdu.

A.Aslanov 1993-2005-ci illərdə Şəmkir rayonunun icra başçısı, ondan sonra 2013-cü ilə qədər kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. O, 2018-ci ildə 57 yaşında vəfat edib.

XS
SM
MD
LG