Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:07

Avropa Məhkəməsinin cəmi 37 qərarı icra olunub


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Sentyabrın 1-də Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icrasıyla bağlı vəziyyətin müzakirəsi başlayıb. Üç gün davam edəcək toplantıda Türkiyə, Macarıstan, Yunanıstan və başqa ölkələrlə yanaşı, Azərbaycanla bağlı qərarlarının da icra durumu araşdırılacaq.

Avropa Məhkəməsi 2020-ci ilin ortalarına qədər Azərbaycanla bağlı 244 qərar qəbul edib. Söhbət o qərarlardan gedir ki, onların qəbulu ilə dövlətin üzərinə fərdi və ya ümumi tədbirlər görmək öhdəliyi qoyulub - şikayətçiyə kompensasiya ödənilməsi, pozuntuya yol verən şəxslərin müəyyən edilib cəzalandırılması, eyni halların təkrarlanmaması üçün tədbirlər görülməsi və s. Bu qərarlar təxminən 15 illik dövrü əhatə edir.

Ən pis göstərici Azərbaycana aiddir

Avropa Şurasının rəsmi statistik məlumatlarında Azərbaycanın indiyə qədər həmin qərarların cəmi 37-ni icra etdiyi göstərilib. Yerdə qalan qərarlar isə icrasını gözləyir. Bu məsələdə Avropa Məhkəməsinin əhatə etdiyi məkanda ən pis göstərici Azərbaycana aiddir.

X.Ağaliyev
X.Ağaliyev

Avropa Məhkəməsinin qərarları və onların icrasıyla bağlı araşdırmalar aparan hüquqşünas Xalid Ağaliyev AzadlıqRadiosuna bildirib ki, Nazirlər Komitəsi Azərbaycanla bağlı 244 qərarı 23 qrupda birləşdirib, icrasına nəzarət edir. Həmin qruplardan 8-i üzrə nəzarət icraata qapadılıb. Yerdə qalan 15 qrupa ümumilikdə 207 qərar daxildir:

"207 qərarın icrasındakı problemlər daha çox ümumi xarakterli tədbirlərlə (bənzər pozuntuların yenidən baş verməməsi üçün hökumətin lazımi addımlar atması) bağlıdır. Ancaq xeyli işlər də var ki, onlarda kompensasiyalar da ödənilməyib. Bu işlər daha çox siyasi fəalların işləridir".

Həbsdə olan siyasi fəal Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, atası və mərhum bacısı Nərgiz Yaqublunun işi üzrə 2016-2017-ci illərdə çıxarılmış qərarlar bu günə qədər icra olunmayıb, kompensasiyalar ödənilməyib.

N.Yaqublunun şikayəti üzrə qərar onun ölümündən iki il sonra - 29 iyun 2017-ci ildə açıqlanıb. Avropa Məhkəməsi N.Yaqublunun Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrində nəzərdə tutulan hüquq və azadlıqlarının pozulduğunu təsdiqlədi. Bu pozuntulara görə Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 6000, maddi ziyana görə isə 473 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

N.Həzi
N.Həzi

Bank hesabı da açılıb, kompensasiya ödənilməyib

Bacısının hüquqi varisi qismində N.Həzi tanınıb.

Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənilməsi üçün illər öncə bank hesabı da açıb, amma bu günə qədər kompensasiya ödənilməyib. Onun sözlərinə görə, qərarın icrası, təzminatın ödənişi üçün edilən müraciətlər də nəticəsiz qalıb.

T.Yaqublunun inzibati həbsi ilə bağlı qərar isə 2016-cı ildə çıxarılıb, hələ də icra olunmayıb.

N.Həzinin həyat yoldaşı, jurnalist Seymur Həzinin həbsi ilə əlaqədar Avropa Məhkəməsinin çıxardığı qərar da icra olunmayanlar sırasındadır.

X.Ağaliyevin sözlərinə görə, hazırda Nazirlər Komitəsində diqqət mərkəzində olan əsas qrup Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun işinin də daxil olduğu qrupdur. Həmin qrupda 14 ərizəçi ilə bağlı Avropa Məhkəməsinin verdiyi qərarların icrasına nəzarət edilir. Bu işlərin hamısında Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsinin pozuntusu tanınıb.

Avropa və Azərbaycanın İlqar Məmmədov problemi
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

Bu qrupdan cəmi iki nəfərin – İlqar Məmmədov və onun rəhbərlik etdiyi partiyanın daha bir üzvü Rəsul Cəfərovun işinə yenidən baxılıb, barələrindəki ittiham hökmü bəraətverici əsaslarla ləğv edilib, qanunsuz həbsdə olduqları müddətə görə təzminat ödənilib.

"Hökumətin qərar verdiyini düşünürəm"

Hüquqşünas vurğulayıb ki, yalnız iki nəfər barədə öhdəliklərə əməl edilməsi qrup işinə nəzarətin başa çatdırılması mənasına gəlmir. Nazirlər Komitəsi bu ilin yayına qədər həmin qrupa daxil olan bütün qərarların icrasını istəmişdi. Ancaq qalan altı nəfərin (hüquq müdafiəçiləri İntiqam Əliyev və Anar Məmmədli, "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olmuş Rəşadət Axundov, Rəşad Həsənov, Zaur Qurbanlı və Üzeyir Məmmədli) işi üzrə qərarlar icra olunmayıb.

"Bundan başqa, mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş vətəndaşların işlərinin daxil edildiyi qrup işi də Nazirlər Komitəsinin nəzarətindədir. Azərbaycan hökuməti ötən il Nazirlər Komitəsinə bildirmişdi ki, başqalarının mənzillərini zəbt etmiş bütün məcburi köçkünlər bu ilin yayına kimi mənzillə təmin ediləcəklər. Bu səbəbdən Nazirlər Komitəsi həmin məsələni də müzakirəyə çıxara bilər", - X.Ağaliyev bildirib.

Z.Qurbanlı
Z.Qurbanlı

8 nəfərlik qrupa daxil olanlardan Zaur Qurbanlı AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsinin onun haqqında qərarı 2018-ci ilin iyulunda çıxarılıb. Qərar yalnız kompensasiya ödənilməsi hissəsində icra olunub. Nazirlər Komitəsi bu işə yenidən baxılması və Z.Qurbanlıya bəraət verilməsini istəyir:

"İlqar Məmmədov və Rəsul Cəfərovun işinə eyni vaxtda baxılanda düşünürdüm ki, yəqin dörd nəfər bizim işimizə bir baxarlar, İntiqam Əliyev və Anar Məmmədlinin də işinə bir. Məhkəmə hakimiyyəti müstəqil olmadığına görə hökumətin qərar verdiyini düşünürəm. Gözləyirik, hələ ki, bizə işimizə yenidən baxıılması barədə məhkəmə çağırışı, məlumat gəlməyib".

"Kifayət qədər icra olunan qərarlar var"

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də deyir ki, kompensasiyaların ödənişində bəzən gecikmələr olsa da, bu hissədə Avropa Məhkəməsinin qərarları icra olunur. Onun sözlərinə görə, həmin işlərə yeni açılmış hallar üzrə yenidən baxılıb, ərizəçinin pozulmuş hüquqlarının bərpası məsələsində ləngimə olur. Ə.Nuriyev bildirir ki, bu ləngimə də hüquqi prosedurlardan irəli gəlir. Çünki o işlərə yenidən baxılması üçün müəyyən prosessual hərəkətlər həyata keçirilməlidir.

"Amma bu hissədə də kifayət qədər icra olunan qərarlar var. Məsələn, birləşmək azadlığının pozuntusundan şikayət etmiş təşkilatlar vardı. Onların qeydiyyat problemi həllini tapdı. Rəsul Cəfərov və İlqar Məmmədovla bağlı işlərdə həm onların siyasi və mülki hüquqları bərpa edildi, həm də yüksək məbləğdə kompensasiya verildi. Amma Avropa Məhkəməsinin qərarlarının icrasında kompensasiyanın ödənişi hissəsində daha çox irəliləyişlər var", - Ə.Nuriyev vurğulayıb.

Bir sıra beynəlxalq insan haqları təşkilatları Azərbaycanda insan haqlarının vəziyyətini tənqid etsə də, hakimiyyət bu tənqidləri qətiyyətlə rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG