Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:56

'Yunisin qayınatasına dedik ki, Elmar Vəliyevi öldürmək istəyir'


E.Vəliyev/Y.Səfərov
E.Vəliyev/Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev güllələnərkən onun yanında olmuş mühafizə polisi Qasım Aşpazov hadisəni törətməkdə suçlanan Yunis Səfərova ağır cəza verilməsini istəyir.

"Mənim gözümü kor eləyib. Qanunda müəyyən olunmuş qaydada ağır cəza verilsin", – Q.Aşpazov oktyabrın 22-də məhkəmədə zərərçəkmiş qismində dindirilərkən belə deyib.

"Bildirdi ki, onu eşitmir"

Cinayət işinin materiallarında yazılıb ki, Y.Səfərov icra başçısı və mühafizəçi polisə atəş açdığı silahı hadisədən bir müddət əvvəl başqa bir polisə xəsarət yetirərək zorla ondan alıb. Bununla əlaqədar o, axtarışa verilib, kirayə ev tutaraq gizlənib. O dövrdə qaldığı binanın blokunda başqa bir polis əməkdaşı ondan şübhələnib. Y.Səfərov tutulacağından ehtiyatlanaraq üstündəki silahdan ona bir dəfə atəş açıb və qaçıb. Sözügedən polis əməkdaşı Natiq Əhmədov da məhkəmədə dindirilib. O bildirib ki, ayağına atəş açıb. Bu üzdən də Yunisin onu öldürmək niyyətinin olub-olmadığını bilmir.

Y.Səfərovun ifadəsi sonraya saxlansa da, onunla birlikdə mühakimə olunan təqsirləndirilən şəxslərin dindirilməsi başlayıb.

Hamlet Abdullayev təsdiqləyib ki, Y.Səfərovun icra başçısını öldürmək istəməsindən xəbərdar idi: "Hətta Vüqarla (keçmiş polis əməkdaşı, hazırda təqsirləndirilən şəxs) birlikdə onun qayınatasının yanına da getmişdik ki, başına ağıl qoysun, Elmar Vəliyevi öldürmək istəyir. Qayınatası dedi ki, xeyli vaxtdır onu görmür, tapan kimi deyəcək. Bir müddət sonra yenə dedik. Bildirdi ki, onu eşitmir...".

Y.Səfərov ondan soruşub ki, icra başçısını öldürmək istəməsinin səbəbi barədə ona nə demişdi? H.Abdullayev cavabında bildirib ki, Yunis icra başçısının əhaliyə zülm etdiyini, buna görə onu cəzalandırmaq istədiyini deyirdi.

Birinci qrup əlil olduğunu vurğulayan H.Abdullayevin sözlərinə görə, istintaq vaxtı təzyiqə məruz qalmamaq üçün qarşısına nə sənəd qoyublarsa, hamısını oxumadan imzalayıb: "Həbsdə olanda bildim ki, evimizə 50 nəfər girib. Uşağımın beşiyindən guya silah tapıblar".

"Ona görə nə varsa, qol çəkdim..."

Təqsirləndirilən Vüqar Məmmədov deyir ki, ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd və başqa ittihamların hamısı əsassızdır.

Yunislə idmanda məşq zamanı tanış olduğunu deyən keçmiş polis əməkdaşı bildirib ki, işlədiyi müddətdə onda xidməti silah olub. Əgər radikal dindar olsaydı, cinayət törətmək istəsəydi, elə o silahdan istifadə edərdi.

V.Məmmədovun sözlərinə görə, onun Y.Səfərovla tanışlığı olduğunu bilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin yanına aparıblar. Orada ona xəbərdarlıq ediblər ki, ya Yunisi tapıb təhvil verməlidir, ya da özü ağır cəzalandırılacaq.

Təqsirləndirilən Akif Əliyev də ittihamları qəbul etməyib. O bildirib ki, nə Y.Səfərovla mütəşəkkil dəstədə birləşib, nə də dövlət çevrilişi, terror törədib. A.Əliyevin sözlərinə görə, E.Vəliyevə qarşı sui-qəsdin də ona aidiyyəti yoxdur.

Təqsirləndirilən Rasim Mustafayev ağır işgəncələrə məruz qaldığını, hətta bədəninə elektrik cərəyanı verildiyini deyir: "Ona görə nə varsa, qol çəkdim...".

R.Mustafayev bildirib ki, Gəncədə icra başçısı və polisə sui-qəsd olanda o, Bakıda idi və həmin hadisəyə də aidiyyəti yoxdur.

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG