Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Türkiyə Rusiyanın ‘həyətinə girdi’ – Qərb mediası


Ermənilər Dağlıq Qarabağ ətrafı rayonlardan gedir, 11 noyabr, 2020-ci il
Ermənilər Dağlıq Qarabağ ətrafı rayonlardan gedir, 11 noyabr, 2020-ci il

“Geosiyasi nəticələr təkcə Ermənistan üçün deyil, Rusiya üçün də faciəvidir. Rusların müştərisi və müttəfiqi uduzdu. Türkiyənin müttəfiqi qəti qələbə çaldı”

Azərbaycan-Ermənistan atəşkəs sazişi Moskva və Ankara arasında yeni regional balansı ortaya qoyur. “The Financial Times” qəzetində Henri Foy yazır ki, atəşkəs Moskva tərəfindən razılaşdırılsa da, Azərbaycanın Türkiyənin dəstəyi ilə qazandığı uğur Ankaranın Qafqaz regionunda nüfuzunu möhkəmləndirir. Kreml isə bu ərazini özünün geosiyasi həyəti hesab edir.

“Geosiyasi nəticələr təkcə Ermənistan üçün deyil, Rusiya üçün də faciəvidir. Rusların müştərisi və müttəfiqi uduzdu. Türkiyənin müttəfiqi qəti qələbə çaldı”, – Rusiyada mənzillənən Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyir.

Təhlilçinin fikrincə, acı reallıq ondan ibarətdir ki, Moskvanın trans-Qafqaz regionunda nüfuzu kəskin azaldı, Türkiyəninki isə inanılmaz dərəcədə artdı.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan “Türkiyəni regional qüvvə kimi görür və bundan geri çəkilən deyil. Türkiyə 1950-ci illərdəki NATO müttəfiqi Türkiyəyə çevrilməyəcək. Düşünürəm ki, Türkiyə özü üçün muxtar yol açmağa çalışır”, – Ankaradakı Bilkent Universitetində beynəlxalq münasibətlər üzrə professor köməkçisi Onur İsçi deyib.

Qarabağda riskli sülh

Karnegi Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə yazır ki, Qarabağda qanlı döyüşlərdən sonra hər şey qəfil, bir neçə saatın içində baş verdi.

Müəllifin fikrincə, ən böyük uduzan tərəf Ermənistandır və bunun fəsadlarını illər boyu hiss edəcək. Müxalifət partiyaları əldə olunan razılaşmaya güclü dirəniş göstərir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. “Hətta əgər Paşinyan vəzifədən getsə belə, Ermənistanın növbəti lideri çətin ki fərqli qərar verə bilsin”, – məqalədə deyilir.

De Vaal yada salır ki, üç il idi Rusiya tərəflərə “Lavrov planı”nı təklif edirdi, ancaq açıq şəkildə belə bir planın olmadığı deyilirdi. Plana görə, Ermənistan qüvvələri Dağlıq Qarabağ ətrafındakı regionlardan mərhələli şəkildə çıxır, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıları regiona daxil olur.

Bu plan Fransa, ABŞ və Avropanın digər ölkələrinin çoxtərəfli həll planlarına zidd idi. “Görünür, Rusiya planı elan olunanda Parislə Vaşinqton şoka düşüblər”, – məqalədə deyilir.

Müəllif indi Lavrov planının Bakı üçün daha əlverişli şərtlərlə həyata keçirildiyi vurğulayır. Azərbaycan qalibdir. Qarabağın niyə bütünlüklə işğaldan azad olunmamasının bir neçə səbəbi var. Axı, Stepanakertə (Xankəndi) hücum qanlı, çətin olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurardı.

“Çox böyük ehtimalla, Əliyev hətta nəzəri baxımdan belə Stepanakerti geri almağı nəzərdən keçirmək istəmirdi. Bu zaman ya Qarabağ erməniləri qaçmalıydılar, ya da onlara yüksək səviyyədə muxtariyyət verilməli, bir qrup üsyançı ermənini razı salmaq üçün Azərbaycan konstitusiyasına dəyişiklik edilməliydi. Ən yaxşısı, kiçik bir ərazidə Qarabağ erməniləri üçün məsuliyyəti Moskvanın boynuna qoymaq idi”, – De Vaal yazır.

Ancaq müəllif eyni zamanda Ermənistan ərazisindən Naxçıvana dəhliz açmağın, Xankəndindən Laçın dəhlizi boyunca yeni yol çəkməyin, Ağdam, Kəlbəcər və Laçın rayonlarında yaşayan yüzlərlə ermənini çıxarmağın çətinliklərindən söz açır, Qarabağda əldə olunan sülhün çox riskli olduğunu vurğulayır.

Xatırlatma

Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayon 1994-cü ilədək işğal olunub. Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.

XS
SM
MD
LG