Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:26

Konqresmenlər 900 milyard dollarlıq yardım paketini qəbul etdilər


Kaliforniya, 3 dekabr, 2020-ci il
Kaliforniya, 3 dekabr, 2020-ci il

Mayda demokratlar 3.4 trilyon dollarlıq yardım paketi hazırlamışdılar, oktyabrda onu 2.2 trilyon dollara qədər azaltdılar

ABŞ konqresmenləri 5 min 593 səhifəlik xərcləmə paketini qəbul ediblər. COVID-19 pandemiyası ilə bağlı iqtisadi yardım paketi ilə hökumətin maliyyələşdirilməsi üzrə layihə birləşdirilib.

Nümayəndələr Palatası və Senat dekabrın 21-də layihəni yekdilliklə qəbul edərək imzalanmaqdan ötrü Prezident Donald Trampa göndərib.

Layihədə 900 milyard dollarlıq iqtisadi yardım pandemiyadan zərər görmüş fərdlər və bizneslər üçün nəzərdə tutulub. Bu paket hökumətin 2021-ci ildə maliyyələşdirilməsi üzrə 1.4 trilyon dollarlıq layihə ilə birləşdirilib.

Demokratlar daha çox tələb edirdi

Bu layihə səhifə sayına görə indiyədək Konqresin yazdığı ən böyük sənəddir. Bir neçə aydı Demokratlar, Respublikaçılar və Ağ ev arasında danışıqlar gedirdi.

Ötən həftəsonu Palata və Senat kompromis layihəsi üzrə razılığa gələ biliblər.

Mayda demokratlar 3.4 trilyon dollarlıq yardım paketi hazırlamışdılar, oktyabrda onu 2.2 trilyon dollara qədər azaltdılar.

Yeni prezident seçilmiş Co Bayden demokratlara respublikaçılarla kompromisə getmək üçün təzyiq göstərə bilib. Bayden deyirdi ki, o, yanvarın 10-də and içənədək heç nəyin olmamağındansa, nəyinsə olmağı yaxşıdır.

“Bu, yaxşı ikitərəfli razılaşmadır. Bu qanun layihəsi ilə yaxşı iş görə biləcəyik”, – Palatanın demokratlardan olan sədri Nensi Pelosi deyib.

Ancaq “prezident seçilmiş Co Baydenin dediyi kimi, ilk addım olaraq daha çox iş görməliyik. Virusu məhv etmək üçün virusla bağlı daha çox yardım olmalıdır. Vaksin almaqdan ötrü daha çox pul verilməlidir”, – Pelosi deyib.

Məbləğlər azalıb

Respublikaçılar isə Bayden vəzifəyə keçəndən sonra əlavə yardım ayrılacağı sarıdan elə də nikbin deyillər. Onlar vaksinin pandemiyaya təsirini gözləməyin tərəfdarıdırlar.

Artıq koronavirus pandemiyası milyonlarla amerikalının iqtisadi durumuna təsirini göstərib.

900 milyard dollarlıq layihədə bir çox şəxslərə 600 dollarlıq birbaşa ödənişlər nəzərdə tutulub. Bundan başqa işsizliyə görə həftəlik 300 dollarlıq müvəqqəti yardım veriləcək, əvvəlki yardım paketində bu, 600 dollar idi. Tənqidçilər bu məbləğləri yetərli saymırlar.

Kiçik bizneslərə əlavə 275 dollar yardım, eyni zamanda vaksin paylanması, təhsil, uşaq baxımı, kirayə ödənişlərə üçün vəsait ayrılacaq.

Birləşmiş Ştatlarda 18 milyondan çox şəxsin koronavirusa yoluxduğu təsdiqlənib. Onlardan 319 mindən çoxu vəfat edib.

XS
SM
MD
LG