Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

AzadlıqRadiosu Rusiyaya qarşı təcili iddia qaldırıb


Radionun Moskva bürosu
Radionun Moskva bürosu

Radio həmçinin xəbərdarlıq edir ki, Kremlin kampaniyası nəzarətsiz qalarsa, Rusiyada müstəqil mediaya mənfi təsir göstərəcək

AzadAvropa/AzadlıqRadiosu (RFE/RL) Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı təcili iddia qaldırıb. Radio istəyir ki, məhkəmə qalmaqallı “xarici agent” qanununun pozulmasına görə kəsilmiş 1 milyon dollardan artıq cərimənin icrasını bloklasın.

Radionun aprelin 15-də mətbuat üçün yaydığı açıqlamada deyilir ki, Strasburq məhkəməsindən yüzlərlə “administrativ protokol”un icrasını dayandıracaq aralıq tədbirlər xahiş olunur. Məhkəmə Rusiya hökumətilə bağlı qərar çıxaranadək həmin tədbirlər qüvvədə qala bilər, radio bildirir.

“Xarici agent” qanunu xaricdən maliyyələşən media və qeyri-hökumət təşkilatlatına aiddir. Hökumət bu QHT-lərin siyasi fəaliyyətlə məşğul olduğunu deyir.

Tənqidçilər isə məqsədin vətəndaş cəmiyyətinə zərbə vurmaq, tənqidi xəbərləmə işini gözdən salmaq, özəlliklə AzadAvropa/AzadlıqRadiosu daxil olmaqla müstəqil medianı susdurmaq olduğunu söyləyirlər.

AzadAvropa/AzadlıqRadiosu qanunun bütün hüquqi tələblərinə əməl edib, bircə “Roskomnadzor”un yeni tətbiq etdiyi etiketləmə qaydasından imtina edib. Radio bildirir ki, tədbirlərin aşkar niyyəti “onun Rusiyada müstəqil media təşkilatı kimi nüfuzuna zərbə vurmaqdır”.



Əlavə protokollar və cərimələr gəlir

“Roskomnadzor” radionun Moskva bürosuna və direktoru Andrey Şarıya qarşı üç ay ərzində 390 pozuntunu protokollaşdırıb. Cərimənin ümumi məbləği 1 milyon 430 min dollara yaxındır.

Aprelin 16-da “Roskomnadzor” radioya və Şarıya qarşı əlavə 130 protokol, əlavə olaraq 1 milyon dollara yaxın cərimə təqdim edəcək, AzadAvropa/AzadlıqRadiosu bildirir.

Cərimələr ödənməsə, Rusiya hakimiyyəti radionu bankrot elan edərək saytlarına girişi qapada bilər. Şarıy isə iki ilədək həbs edilə, şəxsən müflis elan oluna bilər.

AzadAvropa/AzadlıqRadiosu bildirir ki, Rusiyanın hərəkətləri Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin qoruduğu ifadə və mətbuat azadlığı hüquqlarını pozur. Məhkəmə indi tədbir görməsə, Moskva bürosu və onun baş direktoru “qarşısı alınmaz ziyan görəcəklər”.

Radio həmçinin xəbərdarlıq edir ki, Kremlin kampaniyası nəzarətsiz qalarsa, Rusiyada müstəqil mediaya mənfi təsir göstərəcək.

“AzadAvropa/AzadlıqRadiosu ifadə azadlığı və jurnalist bütövlüyünə zərbə vuracaq vəziyyətə salınmayacaq ”, – radionun prezidenti Ceymi Flay deyib.

“Roskomnadzor-a və Kremlə Rusiyadakı izləyicilərimizlə necə işləmək haqda redaksiya qərarı verməsinə imkan verməyəcəyik”, – Flay vurğulayıb.

Xatırlatma

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan ona dəfələrlə dəyişiklik edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər.

Qanun sonradan modifikasiya olunaraq AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, daha altı rusdilli xidmətini hədəfə aldı.

Oktyabrdan Roskomnadzor tələb edir ki, xaricdən maliyyələşən media qurumları kontentin “xarici agent” tərəfindən hazırlandığını iri şriftli mətnlə bildirsinlər.

AzadAvropa/AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşən müstəqil qeyri-kommersiya təşkilatıdır. Rusiyada hər həftə 7 milyona yaxın şəxs radionun Rusiyadakı xəbər portallarına girir.

Hələlik, Rusiyada yalnız AzadAvropa/AzadlıqRadiosu-nun rusdilli xidmətləri “xarici agent” təsnifatına salınıb.

XS
SM
MD
LG