Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:27

Sergey Lavrov Bakıda hansı məsələləri müzakirə edəcək


Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)
Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)

Mayın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işçi səfərə gəlir. Bu səfərin çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin bu barədə bəyanatında deyilir ki, Moskva Azərbaycanla “münasibətlərin bütün spektri üzrə - siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə söykənən dialoqa can atır”.

Qeyd olunur ki, bu səfər zamanı əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağa dair 9 noyabr 2020 və 11 yanvar 2021-ci il birgə bəyanatlarının hərtərəfli həyata keçirilməsi məsələsinə yönəldiləcək.

Gündəlikdə ATƏT məsələsi də var

Rusiya xarici işlər nazirinin Bakı görüşlərində habelə Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektləri – münaqişə sonrası dinc həyatın bərpası müzakirə olunacaq.

Bəyanatda vurğulanır ki, Sergey Lavrov Azərbaycan tərəfi ilə regionda nəqliyyat yolları və kommunikasiyaların bərpası məsələlərini müzakirə edəcək.

Rusiya XİN-in məlumatında deyilir ki, bu görüşlərin gündəliyində Azərbaycan və Rusiyanın regional və beynəlxalq platformalarda, o cümlədən MDB, BMT, ATƏT, Qoşulmama hərəkatı, Avropa Şurası və Qara Dəniz İqtisadi Əməkdaşlığı kimi təşkilatlarda mövqelərinin koordinasiyası məsələsi də var.

Bəyanatda deyilir ki, Rusiya-Azərbaycan dialoqu bütün 2020-ci il ərzində intensiv olaraq qalıb və bu şəkildə də davam edir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayonu və daha bir çox kəndi işğal edilmişdi.

XS
SM
MD
LG