Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:47

Erməni olan Livan vətəndaşı: 'Maralın ifadəsində dedikləri yalandır'


Viken Eulcekciyan
Viken Eulcekciyan

Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyan iyunun 11-də Bakıda məhkəmədə son sözünü deyib. Terrorçuluq, muzdlu döyüşmə, sərhədi qanunsuz keçmə kimi əməllərdə suçlanan Viken ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu bildirib.

Bu işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.

İyunun 11-də öncə təqsirləndirilən şəxsin vəkili çıxışında müvəkkilinin hərbi əsir olduğunu vurğulayıb. Azərbaycanın Cenevrə konvensiyasını ratifikasiya etməsini və bu sənəddə "hərbi əsir" anlayışının əksini tapmasını xatırladıb. Müdafiəçi Vikenin ittihamları qəbul etmədiyini vurğulayaraq onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxsin özü Qarabağda pul müqabilində döyüşməsi barədə deyilənlərlə razılaşmır. İddia edir ki, bu haqda istintaqdakı ifadəni də təzyiq altında verib.

"Mənimlə üzləşdirsəydilər..."

Vikenin 5 il qeyri-rəsmi nikahda birlikdə yaşadığı və Şuşada Azərbaycan hərbçilər tərəfindən birlikdə saxlandığı Maral Nazaryanın istintaqa ifadəsində onun pul müqabilində döyüşdüyü iddia olunur. Təqsirləndirilən şəxs ifadədə deyilənlərin yalan olduğunu bildirib: "Maralın ifadəsində dedikləri yalandır. Onu mənimlə üzləşdirməyiblər. Mənimlə üzləşdirsəydilər, heç vaxt o sözləri deməzdi...".

Təqsirləndirilən şəxsin son sözündən sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm iyunun 14-də elan olunacaq.

Prokuror təqsirləndirilən şəxsə 20 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Azərbaycanın əsir götürdüyü livanlı erməni Maral Nazaryan bu ilin martında azad edilib və Beyruta – evinə qayıdıb.

Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG