Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:32

Prezidentin köməkçisinin bacısından 2 milyon almaqda suçlanan 'falçı'...


Falçı. Foto illüstrasiya
Falçı. Foto illüstrasiya

Vətəndaşdan fala baxmaq adıyla 1 milyon 998 min manat almaqda suçlanan Şəfəq İsmiyevaya prokuror 10 il 6 ay həbs cəza istəyib. Bir ildən çoxdur gedən məhkəmə araşdırmaları dekabrın 1-də yekunlaşıb.

2 milyon manata yaxın vəsaitin isə prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan alındığı bildirilir.

İsmiyeva məhkəmə qarşısında tək deyil, onun vaxtilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ceyhun Zeynallı da bu cinayət işində təqsirləndirilir. Onların hər ikisinə CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İsmiyevadan fərqli olaraq Zeynallı həbsdədir. Prokuror onun isə 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Əvvəl İsmiyeva da həbsdə idi. Sonradan o, ev dustaqlığına buraxılıb. Məhkəmə prosesi getdiyi dövrdə onun ikinci övladı dünyaya gəlib. Prokuror hazırda da ev dustaqlığında olan İsmiyevanın məhkəmə zalından həbs olunmasını istəyib.

293 min manat ödənilib

Cinayət işinin materiallarında iddia olunur ki, İsmiyeva "Instagram" səhifəsində falçılıq etməsi barədə elan yayıb. Özünü "Maya" kimi təqdim edib. İttihama əsasən, o, Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan "Dmitri" adlı başqa bir falçının da köməyi lazım olacaq. İddia olunur ki, iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyona yaxın pul alınıb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".

Ağarzayevin sözlərinə görə, ona dəymiş ziyandan 293 min manat ödənilib.

"Pul almağa gedəndə Ceyhun da mənimlə olurdu..."

İsmiyeva Xəzər rayonu, 1-ci polis bölməsində verdiyi ilkin izahatda bu cinayəti təkbaşına törətdiyini, Ceyhun Zeynallının xəbəri olmadığını deyib. Bölmədə bir gün saxlandıqdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Orada verdiyi ifadədə Zeynallı ilə əlbir olduqlarını deyib.

Məhkəmədə ifadəsində isə bildirib ki, Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb. Başqa bir ifadəsində isə deyib ki, Ağarzayevadan aldığı pullardan özünə ancaq gündəlik xərclik və kirayə pulunu ödəmək üçün vəsait götürüb, qalan pulları Ceyhuna verib: "Pul almağa gedəndə Ceyhun da mənimlə olurdu...".

Bundan öncə alınan məbləğin 1.4 milyon olduğunu deyən İsmiyeva budəfəki ifadəsində 2 milyona yaxın olduğunu istisna etməyib: "Dəfələrlə alınıb deyə, dəqiq məbləğ yadımda deyil".

Hakim İsmiyevanın ifadələrindəki bu ziddiyyəti onun yadına salıb.

Mərkəzi Banka sorğu göndərilsə də...

Zeynallı isə onun dediklərini təkzib edir. O bildirib ki, İsmiyeva ilə münasibətləri olsa da, onunla əlbir olmayıb. Onun sözlərinə görə, Şəfəq bu cinayəti təkbaşına törədib, əldə etdiyi vəsaitlərin də böyük əksəriyyətini banklar vasitəsilə müxtəlif adamlara göndərib. Zeynallının vəkili banklara sorğu verilməsini və iki il ərzində İsmiyevanın göndərdiyi vəsaitlərin müəyyənləşdirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etsə də, icrası mümkün olmayıb. Məhkəmə Mərkəzi Banka sorğu göndərib. Oradan isə bildirilib ki, Mərkəzi Bankda ayrı-ayrı banklara aid fərdi məlumatlar yoxdur.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Zeynallı ödəyib. Vəkil bildirib ki, İsmiyeva onunla görüşmək üçün Zeynallıya dəfələrlə pul təklif edib. İş materiallarında bunu təsdiqləyən sübutlar, İsmiyevanın mesajları var. Bu məqsədlə verilən məbləğlər isə 50-70-100 min civarında olub. Zərərçəkmişə ödənilən 293 min manat da həmin pullardır.

Bundan sonrakı məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan olunacaq.

XS
SM
MD
LG