Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:39

'Dövlət Əmək Müfəttişliyi iri müəssisələrdən 20 min rüşvət alırdı'


Atdan yıxılan adamı nazir tapşırdı...
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Atdan yıxılan adamı nazir tapşırdı...

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun işi üzrə budəfəki məhkəmə iclasında iddia olunub ki, nazirlikdə hətta qəzet pulu da yığılırmış. Bu haqda nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyinin Ucar rayon şöbəsinə rəhbərlik etmiş Elçin Əliyev noyabrın 14-də məhkəmədə danışıb.

Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Bizə göstəriş verilirdi, biz də abunə olurduq"

Hazırda da Dövlət Əmək Müfəttişliyinin regional şöbəsinin rəisi işlədiyini deyən Elçin Əliyevin sözlərinə görə, işlədiyi dövrdə 120-130 yoxlama keçirib. Bunun da təxminən 80 faizində cərimə yazıb. O, Dövlət Əmək Müfəttişliyinin sədr müavini Anar Quliyevin sürücüsünə il yarım ərzində 800 manat qəzet pulu verdiyini deyib: "Bizə göstəriş verilirdi, biz də abunə olurduq. Qəzet pulunu – 800 manatı birdəfəlik yox, hissə-hissə vermişəm. Sürücü vasitəsilə göndərmişəm".

Əliyevin istintaqa ifadəsi elan olunanda məlum olub ki, o, qəzet pulunu yoxlamalar zamanı aldığı pullar hesabına verdiyini söyləyib. Amma məhkəmədə yoxlamalardan pul aldığını təsdiqləməyib. Deyib ki, qəzet pulunu öz maaşından verirdi.

İri müəssisələri özü yoxlayırdı

Dövlət Əmək Müfəttişliyinin 23 saylı regional idarəsinin rəisi olmuş Cəfər Əliyev isə iddia edir ki, yoxlamaları mütləq baş idarə təsdiqləyirdi. Onun sözlərinə görə, Əmək Müfəttişliyinin Xidmət sektorunun müdiri Emil Allahverdiyev işlərinə müdaxilə edirdi, iri müəssisələri özü yoxlayırdı.

"Yoxlamalarla bağlı müəssisələrin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlayırdılar. Eşitdiyimə görə, iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb", – Əliyevin sözləridir.

Onun istintaqa ifadəsi elan olunub. Orada deyib ki, Nizami rayonunda iri müəssisələri yoxlamağa Emil Allahverdiyev özü gedirdi. Yoxlamalarda nöqsanlar aşkarlayır, məsələnin müsbət həlli üçün 20 min manat alırdı.

Əliyev istintaqda verdiyi ifadəsini məhkəmədə də təsdiqləyib.

Hər evə görə 3 min manat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edib Qarabağ döyüşlərində həlak olanların ailələri, yaralananlar üçün ev tikənlər arasında Qusar rayon Polis Şöbəsinin Cinayət-Axtarış şöbəsinin sabiq rəisi Elçin Mahmudov da var. Polisdəki işindən uzaqlaşandan sonra ev tikintisi ilə məşğul olmuş Mahmudov etiraf edib ki, Qusarda tikdikləri hər evə görə nazirliyə 3 min manat rüşvət verirdilər.

Mahmudov dindiriləndə prokuror onun nəzərinə çatdırıb ki, Qarabağ döyüşçüləri və onların ailələrinə evlərin tikintisində yeyinti hallarına yol verilib: "Dövlət o pulu ayırıb ki, şəhid ailələri üçün evlər tikilsin, onların yaşayış səviyyəsi yaxşılaşdırılsın. Niyə mənimsəyirsiniz o pulu?".

Bu sual cavabsız qalıb.

Ümumiyyətlə, keçmiş nazir Müslümovun məhkəməsində səslənən korrupsiya ittihamlarına onun özü də heç bir reaksiya vermir. Amma o, məhkəmənin əvvəlində ittiham elan olunanda özünü qismən təqsirli bildiyini deyib. İfadə verməkdən isə imtina edib.

Müslümovun mühakiməsi noyabrın 21-də davam edəcək.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qərarı çıxarılıb. İlyarıma yaxın DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (təxminən 20 milyon manat) ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, "Əjdər Ol" təxəllüsü ilə tanınan şair Əjdər Cəbiyev də onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Cəbiyev haqqındakı cinayət işi sonradan ayrılaraq məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib. Əjdər Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG