Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:30

Rusiya Ermənistanda hərbi təlimlər keçirir, Qarabağda…


"Təlimlərin dağ şəraitində keçirilməsi göstərir ki...".
"Təlimlərin dağ şəraitində keçirilməsi göstərir ki...".

Rusiya bugünlərdə Ermənistandakı bazasında hərbi təlimə başlayıb. Təlim hərbçilərin kəşfiyyat-axtarış fəaliyyəti, çətin relyef şəraitində sığınacaqların təşkil edilməsi və naviqasiya üzrədir.

Martın əvvəlində də Rusiya Ermənistan ərazisində hərbi təlim keçirib. Rusiya artilleriyaçıları Ermənistanın Alagöz yüksək dağ poliqonunda təlimdə iştirak ediblər.

Bütün bunlar həm Qarabağda, həm də Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatların yayıldığı bir dönəmə təsadüf edir. Son həftələr Azərbaycan Rusiya sülhməramlılarını Ermənistanın Qarabağa quru yollarla hərbi yüklər çatdırmasını müşayiət etməkdə günahlandırır. Rusiya da Azərbaycanı Qarabağda mövqelərini önə çəkməkdə ittiham edir. Oxşar açıqlama ilə Qarabağdakı tanınmayan qurumun təmsilçiləri də çıxış edib. Onlar bildirib ki, Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.

H.Babaoğlu
H.Babaoğlu

Rusiyanın mesajları…

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, Qafqaz son 200 ildə Rusiyanın aktual gündəmini təşkil edib: "Bu gün də belədir. Rusiya hər nə qədər başqa coğrafiyalarda müharibəyə cəlb olunsa da, yaxşı dərk edir ki, onun Yaxın Şərqə açılan qapısı Qafqazdır. Ona görə də nə qədər ki, Rusiya dövlətliyi var, mütləq Qafqaza xüsusi strateji rayon kimi xüsusi diqqət ayıracaq".

Rusiyanın Ermənistandakı hərbi bazasında son günlərdə təlimlərin keçirilməsinə gəlincə, Babaoğlu vurğulayıb ki, bunun iki tərəfi var: "Bu təlimlərlə, bir tərəfdən, Qafqaza gəlmək istəyən qeyri-ənənəvi aktyorlara - Fransaya və Qərbə, digər tərəfdən də, Ermənistan və Azərbaycana mesaj vermiş olur ki, mənim burada hərbi iştirakçılığım kifayət qədər realdır, Qafqazda hansısa ekstraordinar hadisə baş verərsə, mənim ona müdaxilə imkanım var".

Onun sözlərinə görə, hazırkı strateji güc balansı mərhələsində Rusiyanın verdiyi mesajın nə qədər səmərəli və nə qədər təsirli olacağı başqa bir mövzunun predmetidir: "Bütün hallarda bu, Rusiyanın özünü yada salması və hələ də Qafqazda real hərbi rıçaqlara malik olmasının göstərməsidir".

"Rusiya ssenarini özü qurub ki…"

Siyasi şərhçi Ərəstun Oruclunun isə AzadlıqRadiosuna deməsinə görə, bu təlimlərin dağ şəraitində keçirilməsi göstərir ki, Rusiya hansısa bir dağlıq ərazidə genişmiqyaslı hərbi əməliyyatlar taktikasını nəzərdən keçirir.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının mülki missiyası yerləşdiriləndən sonra bütün lokal münaqişələr Qarabağın dağlıq hissəsində baş verir: "Rusiya ssenarini özü qurub ki, həmin bölgədə vəziyyəti gərginləşdirməklə sonra milli azlıq olan ermənilərin xilaskarı kimi regiona əlavə hərbi qüvvələri yerləşdirsin".

Ə.Oruclu
Ə.Oruclu

"Azərbaycan Rusiyanın bu ssenarisinə qatılmamalıdır"

Oruclu hesab edir ki, Rusiyanın Qafqaz gündəliyinə ilk növbədə həmin bölgəni əldən verməmək daxildir: "Rusiyanın geosiyasi rəqibləri onu Qafqaz bölgəsindən sıxıb çıxarmağa çalışırlar. Qafqazın da açar regionu Cənubi Qafqazdır. Cənubi Qafqazı itirəcəyi halda, Rusiya avtomatik olaraq Şimali Qafqazı da itirəcək. İkincisi, Rusiya çalışır ki, Qarabağda iki məqsədə nail olsun: özünü erməni əhalisinin müdafiəçisi kimi göstərsin və Azərbaycanı hərbi əməliyyatlara cəlb etsin. Beləliklə, Azərbaycan ətrafında rəy formalaşdırsın ki, Azərbaycan bütün anlaşmaları pozur".

Politoloqun fikrincə, Azərbaycan Rusiyanın bu ssenarisinə qatılmamalıdır.

Bu fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, iddia edirlər ki, onlar bölgədə sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG