Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:24

Paşinyan Əliyevlə 'təcili' danışıqlar aparmağı təklif edir


Ermənistan baş naziri Nikol Paşinyan qərb ölkələrinin liderləri və İran rəhbərliyi ilə apardığı telefon danışıqlarında Dağlıq Qarabağ və iki ölkənin sərhədində baş verən son gərginliklərin qarşısını almaq məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyevlə “təcili” danışıqlar aparmağı təklif edib.

Bu təklif son günlərdə Azərbaycan və Ermənistanın bir birini qarşılıqlı olaraq “təxribat” və “dezinformasiya” yaymaqda günahlandırdığı hadisələrin fonuna baş verib.

Rəsmi Bakı son olaraq Ermənistan ordusunun Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğunu açıqlayıb.

İki ölkə arasında davam edən gərginlik son həftələr, xüsusuən də Dağlıq Qarabağın statusu və regiondakı etnik ermənilərin Azərbaycanı blokada yaratmaqda ittiham etməsi ilə artmaqdadır.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Ermənistanın eyni zamanda Azərbaycanı sərhədə qoşun yığmaqda ittiham edir. Azərbaycan Xarici İşlər nazirliyi isə səsləndirilən fikirləri "növbəti saxta siyasi manipulyasiya" adlandırıb.

'Xankəndi erməniləri ilə Bakı yeni razılaşma imzalamalıdır...'. Bakı-Yerevan. 3-cü DEBAT
Gözlə

No media source currently available

0:00 0:16:28 0:00

Nikol Paşinyan Azərbaycan prezidenti ilə danışıqlar aparmak fikrini Fransa prezidenti Emmanuel Makron, Almanya kansleri Olaf Şolz, ABŞ dövlət katibi Antoni Blinken və İran prezidenti İbrahim Rəisi ilə ayrı ayrılıqda apardığı telefon danışıqlarında təklif edib.

Sentyabrın 8-də Azərbaycan diplomatik nümayəndəliklərin təmsilçilərinə, Ermənistan isə hərbi attaşelərə vəziyyətin gərginliyi barədə məlumat verib.


Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramovun, ölkə Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib ki, Ermənistanın məqsədi Azərbaycan ərazisində “separatizmi bütün mümkün vasitələrlə saxlamaqdır”.

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir.

Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 10 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG