Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

Amerikalılar işə çıxmaq istəmirlər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Mühafizəkarlar adamların evdə oturmasının başlıca səbəbini işsizlik müavinətlərinin səxavətlə paylanmasında görürlər

“The New York Times” ABŞ-da məktəblərin açılmasına, federal yardımın bir qisminin kəsilməsinə baxmayaraq, bir çoxlarının işə qayıtmadığını yazır. Müəllif Ben Kasselman bu məsələdə əmanətlərin və koronavirus pandemiyası sarıdan narahatlığın rolundan yazır.

Məqalədə deyilir ki, işsizlik müavinətlərinin miqyasının azalmasından, məktəblərin açılmasından sonra iqtisadçılar, biznes sahibləri işçi axını gözləyirdilər. Amma sentyabrda əmək qüvvəsi kiçilib. Hazırda pandemiyadan öncəylə müqayisədə beş milyon az işçi var, iş axtaranların sayı isə 3 milyon azalıb.

İşçi sayının azalması Bayden administrasiyası üçün başağrısıdır. Üstəlik, bu problemin nə qədər qalacağı bilinmir.

Əks arqumentlər

Qəzet yazır ki, mühafizəkarlar adamların evdə oturmasının səbəbini işsizlik müavinətlərinin səxavətlə paylanmasında görürlər. Ancaq artıq bu ödənişlərin verilmədiyi ştatlardan gələn informasiya müavinətlərin təsirinin böyük olmadığını göstərir.

Proqressivlərin fikrincə, şirkətlər daha çox pul versələr, işçi taparlar. Di gəl, işçi qıtlığı yalnız azmaaşlı sənayelərə aid deyil.

Müəllif iqtisadçıların daha kompleks, çuğlaşan faktorları əsas gətirdiyini yazır.

Əsas səbəb səhiyyə böhranının insanların işə çıxmasını çətinləşdirməsi, təhlükəli etməsidir. Pandemiya dövründə “döşəyin altına yığılmış” pullar da adamların istəmədikləri işdən imtinasına əl verir.

“Psixoloji məqam da var: Rəy sorğularına görə, pandemiya çoxlarını prioritetlərinə yenidən baxmağa vadar edib. Həddən artıq iş yerinin yaranması isə bəzilərini daha yaxşı təklifi gözləməyə sövq edir. Avqustda ölkədə 10 milyondan çox iş yeri açıq idi”, – məqalədə deyilir.

İşçilər üstün mövqedə

Qəzet yazır ki, bəlkə də onillər ərzində birinci dəfədir ki, gəlir nərdivanının müxtəlif pillələrindəki işçilərin əlində təsir vasitəsi yaranıb. Onlar da fürsətdən yararlanaraq təkcə yüksək maaş deyil, həm də daha çevik iş saatı, daha yaxşı imtiyazlar və iş şəraiti tələb edirlər. Avqustda rekord sayda – 4.3 milyon nəfər işini tərk edib.

“Sanki bütün ölkədə həmkarlar ittifaqları yenidən danışıq aparırlar. Bilmirəm bu alverdə kim qazanacaq, amma hazırda işçilər üstün mövqedə görünürlər”, – keçmiş prezident Barak Obamanın müşaviri olmuş, hazırda Miçiqan Universitetinin iqtisadçısı kimi çalışan Betsi Stivenson deyir.

Bir çox iqtisadçıların fikrincə, pandemiya ilə bağlı məsələlər yoluna qoyulduqca və “sandıqdakı” pul azaldıqca daha çox adam işləməyə başlayacaq.

“Özəlliklə azgəlirlilərin əmanətləri sonucda qurtaracaq. Bir çoxları işdən kənar qala bilməyəcək, hətta Covid-dən qorxsalar belə”, – UBS-in iqtisadçısı Pablo Villanueva deyir.

Üstəlik, yaxın günlərdə dövlət qulluqçuları və tibbi işçiləri daxil olmaqla minlərlə peyvənd vurdurmamış işçi işini itirə bilər. Prezident Co Bayden hökumətdə, orduda çalışanlar üçün vaksinasiyanı məcburi edir. Vaksin tələbinin təxminən 100 milyon nəfəri, ölkənin işçi qüvvəsinin üçdə ikisini əhatələyəcəyi gözlənilir. Pandemiya ABŞ-da 700 mindən çox insanın həyatına son qoyub.

XS
SM
MD
LG