Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:52

Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verəcək


Artilleriya mərmiləri
Artilleriya mərmiləri

Avropa İttifaqının liderləri martın 23-də Ukraynaya 1 milyon artilleriya mərmisi göndərilməsinə dair razılığa gəliblər.

Bu mərmilər Ukraynaya növbəti 12 ay ərzində göndəriləcək.

Aİ xarici işlər və müdafiə nazirləri silahların sürətləndirilmiş qaydada alışı üçün planı bu həftə qəbul etmişdilər.

İttifaqın 27 üzvü bu planı martın 23-də Brüsseldə təsdiqləyib.

Bu barədə bəyanatda deyilir ki, “Avropa Komissiyası Avropa İttifaqının bütün üzvlərin təhlükəsizliyi və müdafiəsi maraqlarını nəzərə alan qərarını alqışlayır”.

Zelenskinin məxfi ricası

Məlumatda deyilir ki, Ukraynaya yer-yer tipli mərmilər, ehtiyac olarsa, raketlər veriləcək.

“Mərmi” dedikdə həm artilleriya, həm də tank və başqa hərbi texnika üçün sursat nəzərdə tutulur.

Ukrayna prezidenti Volodimir Zelenski bu qərarına görə Aİ-yə canlı videobağlantı ilə təşəkkürünü bildirib.

Bu da qeyd olunur ki, video əlaqəsi ilə danışarkən Zelenski qatarla yol gedirdi. Prezident Xersona və digər cəbhəyanı şəhərlərə səfərə çıxmışdı.

Bağlı qapılar arxasında aparılan müzakirələrdə iştirak etmiş bir diplomat adının çəkilməməsi şərtilə Associated Press agentliyinə deyib ki, Zelenski Avropa liderlərindən Kiyevə qırıcı təyyarələr və uzaqmənzilli raketlər verilməsini də rica edib.

Müharibənin gedişində dönüş üçün

Müharibənin başlanmasından artıq bir ildən çox vaxt keçib və Ukrayna sursat qıtlığını hiss etməyə başlayıb.

Buna görə də Estoniyanın baş naziri Kaya Kallas ötən ay Avropa İttifaqındakı həmkarlarına Ukrayna üçün birlikdə sursat alınması ideyasını təklif edib.

Bu metoddan bundan əvvəl koronavirus pandemiyası zamanı yoxsul ölkələrə vaksin alınması üçün istifadə edilmişdi.

Xanım Kallas martın 23-də keçirilən sammitdə deyib:

“Ukraynaya sursatın təcili qaydada göndərilməsinin kritik əhəmiyyəti var, çünki bu, müharibənin gedişində dönüş yarada bilər”.

İndiki plana görə Avropa İttifaqının Müdafiə Agentliyi Ukraynaya mərmilərin verilməsi ilə paralel olaraq üzv ölkələrin cəbbəxanalarının boş qalmaması üçün addımlar atacaq.

Belə addımlardan biri də agentliyə sursatın alınması üçün istehsalçılarla birbaşa danışıqlar aparmaq səlahiyyətinin verilməsidir.

Ukrayna günə 6-7 min mərmi atır

Bəzi hesablamalara görə Ukrayna hazırda günə 6-7 min mərmidən istifadə edir. Bu, Rusiyanın istifadə etdiyindən üç dəfə azdır.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, blok Ukraynaya hərbi dəstəyini lazım olana qədər davam etdirəcək.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bu həftə demişdi ki, üzv ölkələrin Ukraynaya verdiyi sursatın yerinin doldurulması üçün 1 milyard avro vəsait nəzərdə tutulub.

Onun sözlərinə görə daha 1 milyard avro üzv ölkələrin Müdafiə Agentliyi vasitəsilə və ya üç ölkədən az olmayan qruplarla sursat almasına xərclənəcək.

Macarıstan yenə də Ukraynaya yardıma qoşulmur

Macarıstan bildirib ki, Ukrayna üçün sursat alınmasında iştirak etməyəcək, çünki Budapeşt “sülh tərəfdarıdır”.

Bununla yanaşı Macarıstan bildirib ki, digər üzv ölkələrin Ukraynaya sursat göndərmək qərarını bloklamayacaq.

Ötən ay Macarıstanın baş naziri Viktor Orban Rusiyanın Ukraynada başladığı müharibənin uzanmasında qismən də, Rusiyaya sanksiyalar qoyub Ukraynaya silah-sursat verən Avropa İttifaqının günahı olduğunu bildirmişdi.

Bolqarıstan prezidenti Rumen Radev də deyib ki, onun ölkəsində keçid hökumətinin hakimiyyətdə olduğu müddətdə Ukrayna üçün sursat alınmasında iştirak etməyəcək:

“Bu bizim suveren qərarımızdır. Bolqarıstan sülhün bərqərar edilməsi üçün Avropanın diplomatik səylərində iştirak edəcək”.

Dünya “real fırtına” qarşısında

Liderlər habelə Ukraynanı silah-sursatla təchiz edən ölkələrə yardım fonduna əlavə olaraq 3.5 milyard avro vəsaitin qoyulmasını müzakirə ediblər.

Martın 23-də BMT-nin baş katibi Antonio Quterreş də nahar vaxtı Avropa liderlərinə qoşulub.

O bildirib ki, dünyanın bir çox yerləri “real fırtına” qarşısındadır:

“Daha çox aclıq, daha çox yoxsulluq, daha az təhsil...və aydındır ki, bizim beynəlxalq maliyyə sistemimiz belə böyük problemin öhdəsindən gələcək gücdə deyil”.

XS
SM
MD
LG