Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:31

Bu ölkələrə yenidən qadağalar gəlir


Avstraliyada vaksinasiyaya qarşı etiraz, fevral, 2021-ci il
Avstraliyada vaksinasiyaya qarşı etiraz, fevral, 2021-ci il

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) koronavirusa yoluxmaların 20 faizindən çoxunun delta ştammının payına düşdüyünü bildirib

Sidney sakinlərinə şəhəri tərk etmək qadağan olunub. Avstraliya hakimiyyəti koronavirusun yüksək yoluxucu delta variantının yayılmasını önləməyə çalışır.

İyunun 23-də Yeni Zelandiya paytaxtı Vellinqtonda da COVID-19-la bağlı həyəcan səviyyəsi qaldırılıb. Avstraliyadan bir turistin bu ştamma yoluxmuş olduğu güman edilir.

Ötən həftə Sidneydə bir çimərlikdə delta variantına yoluxmalar aşkarlanandan 30-dan çox şəxsə COVID-19 diaqnozu qoyulub.

Yorğunluq və apatiya

Sidneydən vacib sayılmayan səbəblərlə çıxış yasaqlanıb, sosial toplantılar məhdudlaşdırılıb. Qadağalar bir həftə qüvvədə qalacaq.

Ancaq hakim orqanlar restoran və barları bağlamayıb, stadion tutumunun 50 faizə salınması şərtilə böyük tədbirlərə də icazə veriləcək.

Rəsmilər əhalini yeni qaydalara əməl etməyə çağırıblar.

“Təcrübəmdən bilirəm… virusa reaksiya ilə bağlı yorğunluq və apatiya mövcuddur”, – Nyu Saus Uels vilayətinin Səhiyyə naziri Bred Hazard deyib.

Avstraliya dünyada COVID-19-la mübarizədə öncül yerdədir, cəmi 30 mindən az artıq yoluxma və 910 ölüm qeydə alınıb.

Amma vaksinasiya ləng gedir. İndiyədək 25 milyonluq əhali üzrə cəmi 6.7 milyon doza vurulub. Əhalinin kiçik hissəsinə hər iki doza vurulub.

Yeni Zelandiya

Sidneyə qayıtmış turistdə virus testi müsbət çıxandan sonra Yeni Zelandiya Vellinqtonda qadağaları sərtləşdirib.

Bu ilin əvvəlində Yeni Zelandiya Avstraliya ilə karantinsiz səyahətə razılaşıb, çünki hər iki ölkə koronavirusun yayılmasını önləyə bilmişdi.

İyunun 27-si gecəyarısınadək Vellinqtonda 2-ci həyəcan səviyyəsi elan olunub. Bu, lokdaundan bir pillə aşağı deməkdir.

Bu həyəcan səviyyəsində ofislər, məktəblər, bizneslər açıq qala bilər, amma sosial məsafə qaydalarını gözləməli olacaqlar. İdman və istirahət məkanlarına da müəyyən şərtlərlə icazə verilir. 100-dən artıq adamın bir yerə yığışması isə qadağandır.

5 milyon əhalisi olan Yeni Zelandiyada indiyədək COVID-19-dan cəmi 26 ölüm qeydə alınıb. Kontaktla son yoluxma dörd ay əvvəl baş verib.

Ancaq vaksinasiya digər inkişaf etmiş ölkələrdən ləng gedir, əhalinin cəmi 13 faizinə birinci doza vurulub.

20 faiz

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) isə koronavirusa yoluxmaların 20 faizindən çoxunun delta ştammının payına düşdüyünü bildirib.

Ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Entoni Fauçi xəbərdarlıq edib ki, bu ştamm Britaniyadakı kimi gənclər arasında sürətli yayılma hesabına bu ölkədə də dominant ola bilər.

Fauçi COVID-19 vaksinlərinin bu ştamma qarşı effektli olduğunu deyib. Amma Dünya Səhiyyə Təşkilatı (DST) vaksinlərin bu halda təsirinin azalmasına dəlildən danışır.

Epidemioloq Mariya Van Kerxove iyunun 21-də deyib ki, vaksinlər “yenə də yüksək effektlidir”.

XS
SM
MD
LG