Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:09

'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'


ABB
ABB

Mayın 11-də Azərbaycanın ən böyük bankı olan, aktivləri (təqribən 10 milyard dollar) ölkənin bütün bank sisteminin 40%-ni təşkil edən Azərbaycan Beynəlxalq Bankı (ABB) defolt elan etdi.

«Forbes Russia» dərgisinin saytında Aleksei Tretiakov yazır ki, bank hələ 1990-cı ildə SSRİ-nin «Vneşekonombank»ının şöbəsi kimi fəaliyyət göstərməyə başlayıb. İlk vaxtlarda hökumət respublikanın bütün banklarını özəlləşdirməyi planlaşdırsa da, sonradan ABB-nin paketinə nəzarəti saxlamaq qərarına gəldi. Nəticədə 1990-cı illərdən ta 2015-ci ilədək bankın kapitalının strukturu dəyişməz qaldı: 50.2% -i dövlətin, 49.8% -i isə fərdi şəxslərin nəzarətində idi. Ancaq özəlləşdirmənin ləngidilməsi yanlış idi...

KİMİNSƏ ƏSƏBLƏRİ DÖZMƏDİ

Neft qiymətlərinin və manatın məzənnəsinin düşməsindən sonra bəlli oldu ki, ABB-nin kreditlərinin böyük hissəsi qayıtmayacaq. 2015-ci ildə ABB-nin idarə heyətinin sədri Cahangir Hacıyev istefaya göndərildi. Bankın kapitalında dövlətin payı isə 90%-ə çatdı. Hökumət xilas proqramı işləyib hazırladı – problemli kreditlər «Aqrarkredit» dövlət şirkətinə ötürüldü. Nəticədə bank 2016-cı ildə 7.5 milyard manatlıq (2016-cı ilin orta məzənnəsi ilə 4.7 milyard dollar) keyfiyyətli aktivlər əldə etdi. Balansın təmizlənməsindən sonra ABB özəlləşdirilməli idi, ancaq bu, yenə baş vermədi.

***Buna da bax-Qazaxıstan Azərbaycandakı pullarını almaq üçün xüsusi komissiya yaradıb

Bankın problemli kreditlərinin ölkənin Mərkəzi Bankının öhdəlikləriylə əvəzlənməsi belə, problemi həll etmədi. ABB-nin passivlərinin 70%-i xarici valyutada idi. Neft qiymətlərinin düşməsindən sonra isə milli valyutanın devalvasiyası qaçılmaz oldu. 2015-ci ilin dekabrından 2017-ci ilin yanvarınadək ABŞ dollarına nəzərən məzənnə təqribən iki dəfə azaldı. Artıq 2016-cı ilin sonu üçün ABB-nin valyuta öhdəlikləri 4.8 milyard, valyuta aktivləri isə cəmi 2 milyard dollar təşkil edirdi.

Müəllif yazır ki, görünür, bu məqamda Azərbaycan hökumətində kiminsə əsəbləri dözmədi və ABB-nin xarici öhdəlikləri üzrə defolt elan etmək qərara alındı.

S.Şərifov
S.Şərifov

MAKSİMUM 326 MİLYON DOLLARA QƏNAƏT

Mayın 23-də Londonda kreditorlarla görüş zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov ABB-yə yeni yardım planını elan etdi. Hökumət maliyyə yardımının 2.1 milyard dollarlıq dördüncü tranşını ayırmağı vəd edib. ABB-nin 3.3 milyard dollarlıq xarici öhdəlikləri Azərbaycanın uzunmüddətli suveren avroistiqrazlarına dəyişdirilir. Borcun restrukturizasiyasından sonra ABB-nin aktivləri 30% azalacaq və bank növbəti dəfə özəlləşməyə hazır olacaq.

«İlk baxışdan elə görünə bilər ki, Azərbaycan hökumətinin bankın xilasına onun bütün aktivlərindən artıq vəsait xərcləməsindən sonra bu məsələyə nöqtə qoymağın vaxtı çatıb. Ancaq bununla Azərbaycanın problemləri bitməyib. Defolt elan etmək və könüllü restrukturizasiya aparmaq qərarı son dərəcə uğursuz oldu. Hətta bütün xarici kreditorlar təklif edilən şərtlərlə razılaşsalar və ABB-nin borclarını suveren avroistiqrazlara dəyişsələr belə, bank maksimum 326 milyon dollar qənaət etmiş olur. Bu isə hökumətin xilasa yönəltdiyi xərclərin cəmi bir neçə faizi deməkdir», – müəllif yazır.

YÜKSƏK KREDİT REYTİNQİ OLAN HEÇ BİR ÖLKƏDƏ...

Üstəlik, restrukturizasiya təklifi artıq beynəlxalq investorların narazılığına səbəb olub. Məsələ burasındadır ki, ötən illər ərzində Azərbaycan hökuməti dəfələrlə bankı qeyd-şərtsiz dəstəkləməyə hazır olduğunu bildirib. Bunun sayəsində o, özünün beynəlxalq maliyyə bazarına çıxışını təmin edib. Halbuki, artıq hər kəs ABB-nin problemlərindən xəbərdar idi. Uzun illər ərzində Azərbaycan kimi yüksək kredit reytinqi olan heç bir ölkədə heç bir sistem əhəmiyyətli və kvazisuveren emitent (qiymətli kağızlar buraxmaq səlahiyyətinə malik qurum) defolt elan etməyib.

***Buna da bax-Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

Azərbaycanın dövlət borcları aşağı, ehtiyatları isə çoxdur. ABB-nin borclarını öz üzərinə götürəndən sonra dövlət borcu ÜDM-in 27%-ni təşkil edir. Yəni, söhbət ABB-ni dəstəkləmək imkanından deyil, məhz borcu ödəmək istəməməkdən gedir. Odur ki, sözügedən 326 milyon dollar uğrunda mübarizədə ölkə rəhbərliyi özünü məhkəməyə verilmək riskiylə üz-üzə qoyub. Bu isə bankın valyuta ödəmələrinin bloklanmasına və payçılar arasında panikaya yol aça bilər.

Kreditorların narazılığına səbəb olan amillərdən biri də bankın Qərb hüququ ilə başlamış xarici öhdəliklərin restrukturizasiyasını yerli qanunvericiliklə gerçəkləşdirməyə çalışmasıdır. 1 milyard dollarlıq öhdəliklərə Dövlət Neft Fondunun iri depozitini də daxil ediblər.

XOŞAGƏLMƏZ HAL

Müəllifin fikrincə, ABB-nin defoltu iri beynəlxalq fondlar üçün son dərəcə xoşagəlməz ola bilər. Qlobal borc bazarına nəzər salsaq görərik ki, onun böyük hissəsini maliyyə durumu bərbad dövlət şirkətlərinin öhdəlikləri təşkil edir. Bununla yanaşı, onlar kvazisuveren statusları sayəsində yüksək kredit reytinqlərini və aşağı faizlərlə maliyyə bazarlarına çıxışı qoruyub saxlayırlar.

«Bankın borcunun bir hissəsinin silinməsi ilə restrukturizasiya gerçəkləşərsə, investorlar bütün dünyada investisiya risklərinə, reytinq agentlikləri isə öz dəyərləndirmə metodikalarına yenidən baxmalı olacaqlar.

ABB-nin hüquqi arqumentlərinin şübhəli olmasını nəzərə alsaq, iri Qərb fondlarının asanlıqla təslim olacağı gözlənilmir. Restrukturizasiyanın razılaşdırılması prosesi nə qədər uzun çəksə, Azərbaycanın reputasiya və iqtisadi riskləri bir o qədər yüksək olacaq», –müəllif yazır.

XS
SM
MD
LG