Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:12

Azərbaycan sülhməramlılarla bağlı tələb irəli sürüb - MN yeni videolar yayıb


Erməni sakin: 'Atəş açdıqlarına görə əkini dayandırmalı olduq'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Erməni sakin: "Atəş açdıqlarına görə əkini dayandrımalı olduq"

Azərbaycanın Müdafiə Nazirliyi martın 11-də yaydığı videoda Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə yenidən hərbi məqsədlər üçün hərəkət edən hərbi nəqliyyat vasitələrinin görüntüsünün yer aldığını bildirir.

Nazirlik bildirir ki, həmin videolarda Ermənistan silahlı qüvvələri bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitəsi görünür. Qeyd olunur ki, həmin nəqliyyat vasitələrini Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını müşayiət edir, döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyi təmin edilir.

Məlumatda vurğulanır ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri icra etməlidir.

"Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir", - nazirlik bildirir.

Yerevan Azərbaycan Müdafiə Nazirliyinin bu barədə bəyanatını təkzib edir.

Ermənistan hərbi idarəsi məlumatların reallığa uyğun olmadığını vurğulayaraq, Qarabağ ərazisində Ermənistan Silahlı Qüvvələrinin bölmələri və hərbi texnikasının olmadığını vurğulayır.

Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Müdafiə Nazirliyinin xəbərindən sonra özünün tvitter səhifəsində yazıb ki, üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların bərpasına səbəb ola bilər.

Azərbaycan Müdafiə Nazirliyinin martın 11-də yaydığı digər bir xəbərdə nazir Zakir Həsənovun iştirakı ilə xidməti müşavirə keçirildiyi bildirilir. Məlumatda qeyd olunduğuna görə, sözügedən müşavirədə də digər məsələlərlə yanaşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində son vaxtlar baş verən hadisələr müzakirə olunub.

"...Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib", - məlumatda vurğulanır.

+++

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 7-də axşam saatlarında açıqlama yayaraq iki gün əvvəl silahlı insident baş verən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan yenidən hərbi təyinatlı daşınmaların olduğunu qeyd edib.

Vurğulanır ki, “Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi texniki müşahidə vasitələri ilə qeydə alınıb”:

“Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib.”

Açıqlamaya görə, qeyd edilənlər “üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır”.

AMN bildirib ki, "bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaq.”

Azərbaycanın bu açıqlamasına, hələlik, Rusiya Müdafiə Nazirliyi və başqa tərəflərin münasibəti bəlli deyil.

ABŞ: 'Bizim maraqlarımız Ermənistan və Azərbaycanın maraqlarına uyğundur'

Martın 6-da Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Qarabağda növbəti silahlı toqquşmaya münasibət bildirib.

"Martın 5-də Dağlıq Qarabağda, bizim bildiyimiz qədər, beş nəfərin həlak olması ilə nəticələnən atışma haqqında məlumatları izləyirik", - mətbuat katibi Ned Prays (Ned Price) brifinqdə "Turan"ın Vaşinqton müxbirinin suallarına cavab olaraq deyib.

Hadisə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bononun ilk səfəri kimi Bakıda olduğu bir vaxtda baş verib.

"Luis Bono irəliyə aparan yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu vurğulamaq üçün gedib. Dövlət katibinin də qeyd etdiyi kimi, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir", - Prays əlavə edib.

Dövlət Departamenti sözçüsünün sözlərinə görə, Vaşinqton Moskva ilə rəqabət aparmır: "Biz bunu iki ölkə arasında çoxdan mövcud və, martın 5-də də olduğu kimi, daim həyatlara son qoyan münaqişənin həllinə nail olmaq üçün edirik. Bizim sülh, təhlükəsizlik maraqlarımız Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur".

NATO Qarabağdakı silahlı insidentdən narahatdır

NATO Baş katibinin Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi təmsilçisi Xaviyer Kolomina (Javier Colomina) Qarabağda ötən həftəsonu baş verən silahlı insidentdən narahatlığını bildirib. İnsident nəticəsində Azərbaycanın iki hərbçisi, Qarabağda isə üç erməni polis həlak olub.

Kolomina Twitter-də rəsmi səhifəsində yazıb:

“Xankəndi/Stepanakert yaxınlığında ölümcül insident barədə məlumatlardan həddən artıq narahatıq. Bu insident danışıqlar masasında mübahisəli məsələlərin həll olunmasının vacibliyini göstərir. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

Bazar günü baş vermiş insidentə görə tərəflər bir-birini provokasiyada ittiham edir.

Moskva da narahatdır

Moskva da Qarabağda vəziyyətin gərginləşməsindən ciddi narahatlıq ifadə edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu haqda martın 6-da şərh verib.

“Son günlər atəşkəs rejimi dəfələrlə pozulub. Martın 5-də silahlı insidentdə həm erməni, həm də Azərbaycan tərəfdən insan itkilər olub. Tərəfləri israrla təmkinlilik göstərməyə, gərginliyin azaldılması üçün addımlar atmağa çağırırıq”, – açıqlamada vurğulanır.

Tərəfləri 2020-ci il 9 noyabr atəşkəs bəyanatına əməl etməyə çağıran Zaxarova qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizlik və həyat fəaliyyəti ilə bağlı istənilən məsələ sülh yoluyla, kontingentin himayəsi altında həll olunmalıdır.

+++

Azərbaycan Müdafiə Nazirliyi martın 6-da axşam saatlarında ondan bir gün əvvəl Qarabağda baş vermiş silahlı toqquşma ilə bağlı növbəti açıqlama yayıb.

Orada qeyd edilir ki, martın 6-da Rusiya Müdafiə Nazirliyi həmin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb.

AMN bildirir ki, həmin vaxt “operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsini Azərbaycan ordusunun bölmələri saxlayaraq yoxlamağa cəhd göstərib”.

Açıqlamaya görə, avtomobilin içərisində olan “erməni silahlı dəstəsinin üzvləri” onların hərbi qulluqçularını avtomat silahlardan atəşə tutub və nəticədə iki hərbçiləri həlak olub, biri isə yaralanıb.

Bildirildiyinə görə, “cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü” həlak olub və biri yaralanıb:

“ Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir”.

Açıqlamaya görə, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir:

“Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.

Ermənistandan əvvəl deyilənlər…

AMN-nin bu açıqlamasına, hələlik, maraqlı tərəflərin münasibəti bəlli deyil. Amma Azərbaycan bundan əvvəl də Ermənistandan Qarabağa sialah və sürsatın göndərilməsi ilə bağlı oxşar ittihamlar səsləndirib.

Həmin ittihamlara cavab olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən il demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi: “Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar…”

Ermənistan rəsmiləri sonra isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayıblar.

Rusiya Müdafiə Nazirliyinin məlumatı

Rusiya Müdafiə Nazirliyinin martın 6-a olan məlumatında deyilir:

“2023-cü il martın 5-də, saat 10:00-da Dükanlar yaşayış məntəqəsi rayonunda Dağlıq Qarabağ hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan avtomobil Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən atəşə tutulub. Döyüş toqquşmasının nəticəsində avtomobildə olan üç nəfər həlak olub və bir əməkdaş yaralanıb. Azərbaycan tərəfindən iki nəfər həlak olub, bir nəfər yaralanıb. Rusiya sülhməramlılarının səyi nəticəsində döyüş toqquşması dayandırılıb.”

Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və erməni tərəfləri ilə birlikdə hadisə barədə araşdırma aparır.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirib ki, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək mövqeləri 19 dəfə atəşə tutulub.

Azərbaycan mövqelərinin vurulduğunu deyir

AMN-nin açıqlamasına görə, Ermənistan silahlı qüvvələri onların Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrindəki mövqelərini minaatanlar daxil, müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub: "Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb".

Ermənistanın Müdafiə Nazirliyi isə ötən gecə sərhəddə Azərbaycanın mövqelərinin atəşə tutulması xəbərlərini təkzib edib, bu məlumatları “növbəti dezinformasiya” adlandırıb.

Hərbçinin minaya düşdüyü deyilir

Azərbaycan ordusunun hərbi qulluqçusu Kamran Hüseynovun martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olduğu bildirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda hadisənin hansı yerdə baş verdiyi bildirilməsə də, vurğulanır ki, minanı Ermənistan tərəfi basdırıb.

Məlumata, hələlik, həmin hərbi qulluqçunun yaxınlarından və Ermənistan tərəfindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300-ə yaxın şəxs minaya düşüb. Onların 40-a yaxının həlak olduğu bildirilir.

İki azərbaycanlı hərbçi həlak olub

Azərbaycan Müdafiə Nazirliyi martın 5-də səhər saatlarında Qarabağda atəşkəs pozuntusu zamanı həlak olan hərbi qulluqçularla bağlı məlumat yayıb. Onlar Şəhriyar Əlibəyli və Eşqin Hüseynovdur.

Məlumatda yaralanan hərbu qulluqçuların sayı və adları isə qeyd edilməyib.

XİN erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edib

Xarici İşlər Nazirliyi (XİN) "hərbi təxribatların qarşısını almaq məqsədilə" Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edir. Nazirlik Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulması tələbini bir daha dilə gətirib.

"Bu əməllər, bir daha Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü sübut edir", - bəyanatda bildirilir.

XİN bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

Azərbaycanın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərindən yenidən atəşkəs pozuntusuna aid məlumat yayılıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, martın 5-də məlumat açıqlayıb.

AMN qeyd edilib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub:

“Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var”.

Açıqlamada Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir:

“Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”.

Nazirliyin vurğulamasına görə, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub:

“Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”.

AMN hesab edir ki, “Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.”

Sərsəng su anbarı quruyur
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

İnsidenti erməni tərəfi də təsdiqləyib.

Ermənistan tərəfi isə Azərbaycanı növbəti diversiyada günahlandırır və insident zamanı 3 polis əməkdaşının həlak olduğunu, 1-nin isə yaralandığını bildirir.

Bu barədə Azadlıq Radiosunun erməni xidməti martın 5-də Qarabağdakı separatçı erməni rejiminə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, həlak olanlar polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyandır.

Qarabağdakı separatçı erməni rejimi silah daşınması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edir.

Özünü separatçı rejimin “Dövlət naziri” adlandıran Qurgen Nersisyanın dediyinə görə, polis əməkdaşları avtomobillə Qarabağdakı erməni icmasının yerləşdiyi ərazidən polis bölməsinə gedirmişlər və avtomobildə heç bir silah və sursat olmayıb.

Xankəndidəki separatçı rejimin məlumatında qeyd edilir ki, Azərbaycanın diversiya qrupu martın 5-də saat 10:00 radələrində Qarabağdakı erməni icmasının yerləşdiyi əraziyə daxil olaraq yerli polisin pasport-viza şöbəsinin növbətçi maşınına silahlı basqın edib.

Azərbaycan Ermənistandan Qarabağa silah daşındığını deyir.

Azərbaycan bundan əvvəl də Ermənistandan Qarabağa sialh-sürsat daşınmasına dair ittihamlar səsləndirib.Amma qarşı tərəf belə iddiaları qəbul etməyib.

Üstəlik, Azərbaycan rəsmiləri həm Laçın-Xankəndi yolu, həm də Ermənistanın Sünik bögəsindən keçməsi düşünülən ( Azərbaycan rəsmiləri onu Laçın dəhlizinə alternativ Zəngəzur dəhlizi adlandırır) üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdilər.

Amma Ermənistan bu təklifə müsbət yanaşmadı.Ermənistan rəsmiləri hesab edir ki, üçtərəfli bəyannatda “ Zəngəzur dəhlizi” nəzərdə tutulmayıb, ordan yalnız onların nəzarəti altında komnikasiya əlaqələrinin bərpası nəzərdə tutulur.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Tərəflər daha sonra da bölgdə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG