Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

ABB restrukturizasiya planına dəyişikliklər edib


ABB
ABB

Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici öhdəliklərin restrukturizasiya planına bəzi dəyişikliklər edib.

Bank xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin artıq başlandığını bildirir. Bu prosesin iyulun 18-də tamamlanacağı gözlənilir.

Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

ABB-nin verilən məlumata görə, xarici kreditorlardan daxil olmuş müəyyən təkliflər nəzərə alınıb və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklər edilib.

DƏYİŞİKLİKLƏR NƏDİR?

İlk növbədə, Azərbaycanın buraxacağı yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. İstiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.

***Buna da bax-Kreditorlar ABB-nin borclarının restrukturizasiyasına etiraz edir

Bundan başqa, kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.

Habelə, «ilk gələn - ilk seçən» mexanizmi də «ilk 11 iş günü müraciət» edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.

Üstəlik, subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.

***Buna da bax-Xarici dövlət borcu Maliyyə Nazirliyinin dediyindən çoxdur

- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinə kimi (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq. Restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.

Nəhayət, bu il sentyabrın 1-nə kimi sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, bu tarixə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək.

Kapitalizasiya faizlərin toplanması deməkdir. Bu, iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

***Buna da bax-'Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar'

Verilən məlumata görə, ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Planda üç həll variantı təklif olunmuşdu.

Birinci varianta əsasən, əsas 2.38 milyard dollar borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar. Bu dəfə necə olacaq? Onlar bu dəyişiklikləri yetərli sayacaqmı? Bu məsələ hələ ki, aydın deyil.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

XS
SM
MD
LG