Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:00

'Bununla da özümüzü tələyə salmışıq'


Bakıda dollar qıtlığı: vətəndaşlar danışır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Bakıda dollar qıtlığı: vətəndaşlar danışır

Bu günlər "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişib. Qurumun yaydığı icmalda bu, koronavirus (COVID-19) epidemiyası və neftin ucuzlaşması ilə bağlı gözləntilərlə izah edilib. Agentlik hesab edir ki, baş verənlər Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına gətirib çıxara bilər.

"Gözlənilən idi"

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, "Moody's" reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı icmalını əsaslı sayır. O, hesab edir ki, Azərbaycanın bank sisteminin reytinqinin aşağı düşməsi gözlənilən idi.

Ə.Həsənov vurğulayıb ki, yenə bankların verdikləri kreditlərin qaytarılmasında problem çoxalacaq, vaxtı keçmiş kredit məsələsi daha da dərinləşəcək. Onun fikrincə, istər əhalinin, istərsə də biznes sahəsinin gəlirləri artıq düşməyə başlayıb, fəaliyyət yoxdur, işsizlik var, götürülən kreditlərin necə qaytarılacağı böyük sual doğurur.

Ekspert hesab edir ki, bankların da gəlirləri azalacaq, bunun da iki səbəbi var. Onun vurğulamasına görə, birincisi, kredit verə bilmək üçün bankların indiki likvidliyi kifayət etməyəcək, ikincisi isə, Mərkəzi Bank var gücü ilə müxtəlif yollarla kredit verməsinin qarşısını alacaq:

Ə.Həsənov
Ə.Həsənov

"Devalvasiyadan qorxur"

"Ona görə ki, devalvasiyadan qorxur. Bu gün Azərbaycanda hamı başa düşür ki, əvvəl-axır növbəti devalvasiya olacaq, bu qaçılmazdır. Neftin qiyməti düşüb, bu da qısamüddətli proses deyil".

Ekspertə görə, Mərkəzi Bank fərqindədir ki, banklara kredit versə, banklar da həmin pulları kredit kimi əhaliyə və biznesə verəcək. Onun fikrincə, indiki halda isə kredit götürənlər manatla olan krediti dollara çevirəcək: "Verilən kreditlər valyuta bazarına axacaq, manata təzyiqi daha da artıracaq və devalvasiyanı tezləşdirəcək".

Ə.Həsənovun deməsinə görə, indi əksər dünya ölkələrində kreditlərin verilməsi asanlaşdırılıb. Onun qeyd etməsinə görə, faizlər endirilib ki, pul çoxalsın, iqtisadi aktivlik düşməsin:

"Manatın məzənnəsini qorumaq ali ideyaya çevrilib"

"Biz bunu edə bilmirik, çünki devalvasiyadan qorxuruq. Manatın məzənnəsini qorumaq ali ideyaya çevrilib. Manatı "üzməyə" qoymurlar. Neftin qiyməti qalxanda manatın bahalaşması, enəndə ucuzlaşması prosesinə imkan vermirlər. Bununla da özümüzü tələyə salmışıq".

Ə.Həsənov bu sahədə inhisarın artacağını təxmin edir.

Z.Oruc
Z.Oruc

Deputat Zahid Oruc isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Azərbaycan prezidenti qeyd edilən istiqamətdə təhlükələri önləmək üçün hökumət yanında xüsusi komissiyalardan birini məhz maliyyə-bank sisteminə yönəldib.

Onun deməsinə görə, bu mənada, Mərkəzi Bank rəhbərliyi genişmiqyaslı tədbirlər planının hazırlanması və koronavirus pandemiyasının bu sahəyə vura biləcəyi təsirləri azaltmaq yönündə sənədlər üzərində çalışır.

"2015-ci ildəki kimi olmayacaq"

Onun fikrincə, dövlət çalışır ki, 2015-ci ilin devalvasiyaları fonunda yaranan problemlər təkrarlanmasın.

Z.Oruc vurğulayıb ki, Azərbaycanın daxili iqtisadi-sosial həyatını bank sektorundan kənarda nəzərdən keçirmək olmaz, çünki bu sahədə aktivliyin bərpa edilməsi iqtisadiyyata da yaxşı təsir göstərəcək:


"Fikrimcə, ayrı-ayrı bankların likvidliyi məsələsi də, portfellərinin şaxələndirilməsi də, pula əlçatanlığı da koronavirus pandemiyasının aradan qaldırılması və əlaqələrin bərpasına bağlı olacaq. İndiki halda bütün ölkələr çalışır ki, sərt tədbirlər vasitəsi və ən az itki ilə vəziyyətdən çıxsınlar".

Deputatın deməsinə görə, Azərbaycanın bank sektorunun ümumi nüfuzu və durumu 2015-ci il devalvasiyaları zamanı alınan nəticələrlə eyni olmayacaq. O, bu dəfə daha yaxşı nəticələr gözləyir.

Xatırlatma

2015-ci ildə neftin ucuzlaşması fonunda Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat iki dəfədən çox dəyər itirib, ölkədə 10-dan çox bank bağlanıb. Həmin vaxtdan etibarən ölkədə problemli kreditlərin artdığı bildirilib. Nəhayət, prezident ötən ilin fevralında fiziki şəxslərə 10 min dollara qədər olan kreditlərinin qaytarılmasında güzəşt edilməsi ilə bağlı fərman verdi. Bundan sonra problemli kreditlərin həcminin azaldığı açıqlandı. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1milyard 306 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, yanvarın 1-i ilə müqayisədə 2.6 faiz çox, ötən il fevralın 1-nə nisbətən isə 16.7 faiz azdır.

XS
SM
MD
LG